Təhsil naziri Mikayıl Cabbarovun hakim komanda daxilində güc mərkəzinə çevrilmək üçün müxtəlif variantlara əl atdığı bildirilir
Mənbənin məlumatına görə, büdcə təşkilatı kimi ən çox insanın çalışdığı təhsil sisteminə rəhbərlik edən M.Cabbarov qısa zaman ərzində Təhsil Nazirliyinə bağlı olan əksər müəssisə rəhbərlərini demək olar ki, iradəsinə tabe etdirməklə yanaşı, həm də digər sahələrə nüfuz etməyə çalışır.
Məlumatda bildirilir ki, 40 yaşlı Mikayıl Cabbarov 2002-ci ilədək dövlət qurumunda işləməyib. Onu 2002-ci ildə o zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyev perspektivli gənc kimi özünə müşavir təyin edib və Cabbarov tezliklə nazirin müavini vəzifəsinə irəli çəkilib. Nəhayət, o, 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi postunu tutub. 19 aprel 2013-cü ildə isə o, təhsil naziri vəzifəsinə təyinat alıb.
Göründüyü kimi, birdən-birə yüksək vəzifəyə təyinat alan M.Cabbarovun karyerası çox gəncin arzuladığı kimi parlaq olub.
İddia edilir ki, onun dövləti idarəetmədə belə sürətli yüksəlişinin çox ciddi səbəbləri var:
"Çoxları düşünürdü ki, Mikayıl Cabbarov təhsil naziri olsa da, sələfi Misir Mərdanov kimi, nazirliyin aparatı da daxil olmaqla, illərdir rektor vəzifəsində kök atan şəxslərlə bacara bilməyəcək. Amma o, cəmi 6-7 ay ərzində "Qoca qurd"ların çoxuna nəinki yerlərini göstərdi, hətta bir çoxlarının vəzifədən azad olunmasına, yerlərinə isə özünə yaxın şəxslərin təyin edilməsinə nail ola bildi. Məsələn, Gəncə Dövlət Universiteti, İqtisad Universiteti, keçmiş ADNA, Texniki Universitet, Tibb Universiteti və digər ali təhsil müəssisələrindəki rektor dəyişiklikləri birbaşa Mikayıl Cabbarovun istəyi ilə həyata keçirilib. Bir neçə təhsil müəssisəsi qalıb ki, yaxın vaxtlarda onların da rektorları təhsil nazirinin etimad göstərdiyi şəxslərlə əvəz ediləcək".
İddia edilir ki, bunlarla kifayətlənməyən M.Cabbarov şəxsi və qrup maraqları naminə digər sahələrə də nüfuz etmək istəyir.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə yanaşı, Mənzil İnşaatı Dövlət Agentliyinin də dolaysı ilə M.Cabbarovun nəzarətində olduğu ehtimal edilir: "Hər iki qurumun rəhbər şəxslərini vaxtı ilə Mikayıl Cabbarov irəli çəkərək himayə edib. Amma Cabbarov bu iki qurumla yanaşı digər nazirliklərə də nüfuz etməyə çalışır".
Məlumatda qeyd edilir ki, M.Cabbarov digər sahələrə nüfuz etməklə yanaşı, Təhsil Nazirliyinə daha etibarlı komanda cəmləşdirir.
Bu günlərdə Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayevin təhsil nazirinə müavin təyin edilməsinə də toxunan mənbəmiz qeyd edib ki, o, M.Cabbarovla "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində birgə işləyib. Hüquqşünas Mətin Eynullayevin həm də Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovla qohum olduğu bildirilir. "Cabbarov ətrafına daha etibarlı komanda toplayır ki, "arzuolunmaz" informasiya və hakim komandadakı qruplaşmalarla bağlı planları ətrafa sızmasın”,-deyə məlumatda qeyd edilir.
Məlumatlı şəxs sonda deyib ki, M.Cabbarovun daha böyük postlara iddiası var və bu gedişlə, qarşıdakı illərdə onun istəyi reallaşa bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?