Uzun illər ölkənin siyasi həyatına ciddi təsir edən Azərbaycan müxalifəti bu gün demək olar ki, proseslərə təsir etmə imkanlarını itirib. Bunun isə bir neçə mühüm səbəbləri var. İlk səbəb kimi bunu göstərmək olar ki, hazırda Azərbaycan cəmiyyəti siyasi proseslərə kifayət qədər biganə yanaşır və hansısa siyasi qrumda təmsil olunmaqda maraqlı deyillər. Bir cəmiyyət siyasi proseslərə nə qədər biganədirsə, diməli həmən ölkənin siyasi gücləri də gücünü itirməyə məhkumdur. Bu isə kifayət qədər təhlükəli haldır. Digər tərəfdən müxalifətin zəifləməsi həm də müxalifətdaxili proseslərlə bağlıdır. Dəfələrlə bir araya gələn müxalifət sonda qarşılıqlı ittihamlarla özlərini oyundankənar hala saldılar. Bu gün isə müxalifəti birləşdirəcək heç bir əsas yoxdur. Bunu da qeyd edək ki, müxalifəti bir araya gətirəcək siyasi lider də yoxdur. Son prezident seçkilərində ümidlər Rüstəm İbrahimbəyova yönəlmişdi. Amma aydın oldu ki, xarakter etibarıyla qorxaq olan bu lider Moskvadan geri qayıtmadı. Bununla da müxalifətin vahid namizəd sevdası sıradan çıxdı. Müxalifətin bu gün sıradan çıxması həm də regional, özü də qlobal siyasətlə bağlıdır. Regionda baş verən proseslər demək olar ki, iqtidarın təsir dairəsini genişləndirir, müxalifətin isə durumunu daha da ağırlaşdırır. Çünki müxalifət qlobal proseslərə nəin ki, təsir etmək, ümumiyyətlə bu proseslərə qatıla da bilmir. Bunu da xüsusi qeyd edək ki, müxalifətin güclənməsini hər zaman beynəlxalq təşkilatlar təmin edirdi. Son 3 ildir ki, beynəlxalq təşkilatlarda müxalifətlə əməkdaşlığa o qədər də maraqlı görünmürlər. Məhz bu faktorlara görə müxalifət ayağa qalxa bilmir. Güman etmək olar ki, yaxın beş ildə heç bir dəyişiklik olmayacaq. Çünki bu gün müxalifətə yeni liderlər lazımdır və bu liderlər hələ ki, görünmür.
Sorğu
Yeni dizaynımız necədir?