“2012-ci ildə sahibkarlar arasında qadınların xüsusi çəkisi 17 faiz idi. 2017-ci ilin əvvəlində isə bu göstərici 21 faizə çatıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iyunun 9-da Bakıda “Dayanıqlı inkişaf məqsədləri: Qadınlar və inkişaf” mövzusunda keçirilən konfransda belə deyib.
O, Azərbaycan parlamentində qadınların xüsusi çəkisinin artmasından, 71 rayon icra hakimiyyətində (icra hakimiyyətlərinin əksəriyyəti) başçıların müavinlərinin qadınlar olmasından bəhs edib.
Komitə sədri qadın alverinin, uşaqlara zorakılığın qarşısının alınması istiqamətində ardıcıl işlər görüldüyünü qeyd edib.
Milli Məclis sədrinin müavini Bahar Muradova da deyib ki, Azərbaycanda qanunvericilik bazasında gender bərabərliyi ilə bağlı problem yoxdur.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai isə deyib ki, Məhəmməd peyğəmbərin həyat yoldaşı uğurlu bir iş adamı olub, bu islam aləmində qadınların ictimai həyatda fəal olmasına örnək ola bilər.
“Azərbaycanda qadınlar ölkə rəhbərliyində də təmsil olunur. Azərbaycanla bu sahədə işləri davam etdirməliyik. Dayanıqlı İnkişaf Məqsədlərində gender bərabərliyinə xüsusi önəm verilir…”, – o, bildirib.
Tədbirdə elm və vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.
Prezident İlham Əliyev 2016-cı ilin oktyabrında Azərbaycan Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirici Şuranın yaradılması haqqında sərəncam verib. Şura hökuməti adından 2017-ci ilin iyulunda Nyu-Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumdan ötrü Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasında əlaqələndirici rol oynayır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?