Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri, eks-prezident Əbülfəz Elçibəyin silahdaşı və ailə dostu Novella Cəfəroğlu Əvəz Zeynallının “Qaynar qazan” layihəsinin qonağı olub. Strateq.az saytında dərc olunmuş müsahibəsində N.Cəfəroğlu Elçibəylə bağlı bir sıra maraqlı açıqlamalar verib. Xatırladaq ki, Novella xanımın həyat yoldaşı yəhudi Vilen Epelbaumdur. O, Elçibəyin devrilməsindən sonra 3 oğlunu da götürərək İsrailə köçüb. Novella Cəfəroğlu Vətəndə qalmağa üstünlük verib. Novella xanım bildirib ki, həyat yoldaşı ilə Elçibəy çox yaxın dost olublar. “Elçibəy axşamlar zəng vurub yoldaşımla danışırdı. Mən telefonu götürüb deyirdim ki, “bu çatmır, bunu eləmirlər, onu eləmirlər…” Telefonu atırdı yerə. Sonra da yoldaşıma zəng vurub deyirdi ki, “onun ağzını bağla da… Nə qədər olar bu tənqid…” Vilen Epelbaum Elçibəylə yəhudi lobbisi arasında etibarlı vasitəçi olub. Hər halda Novella xanım belə deyir. Onun bu mövzudakı açıqlamalarını sensasiyalı hesab etmək olar. N.Cəfəroğlu bildirir ki, Elçibəy Kələkiyə getdikdən sonra onun vasitəsilə İsraildə yaşayan həyat yoldaşına məxfi məktublar yazıb. Bu məktubların məzmunu ilə o özü də tanış ola bilməyib. Vilen Epelbaum hətta indi də buna imkan vermir. Sitat: “Əbülfəz bəy elə qəşəng şeylər yazıb ki. O, yazdığı şeyləri də burada heç kəsə etibar eləməyib, mənim yoldaşıma göndərib, ondadır. O da mənə hətta oxumağa belə vermir. Deyir, “vaxtı, zamanı gələndə verəcəm… Heç kimə heç nə vermir. Deyirəm ki, “ə, ölüb gedəssən, bu yazılar batacaqdır”. Deyir, “oğlun bilir haradadır… O vaxt Kələkidən hamısını yazıb göndərmişdi…”
N.Cəfəroğlunun daha bir maraqlı açıqlaması Elçibəyin ABŞ səfiri ilə görüşü barədə olub. Deyib ki, Elçibəyin devrilməsindən sonra onun özünü həbsdən qoruyan da ABŞ səfiri olub. Müsahibənin bu mövzudan bəhs olunan hissəsini təqdim edirik: “Məni döyüblər də, məni türməyə də salıblar. Məni sadəcə həmişə qurtaran ABŞ-ın Azərbaycandakı fövqəladə səfiri Riçard Maylz idi. Amerika səfiri Elçibəy prezident olanda bizim evdə olmuşdu, Əbülfəz bəylə bizim evdə görüşüblər. Orada çox maraqlı məqamlar var idi. Mən də orada tərcüməçi kimi oturmuşdum. Əbülfəz bəy prezident idi, o da səfir idi. Aralarında danışanda dedi ki, “sən öz üzərinə olmayan işlər götürürsən – rus ordusunun Azərbaycandan çıxarılması, İran məsələsi…” Əbülfəz bəy də dedi ki, “axı mən deməsəm, kim deyəcək?” Onda səfir dedi ki, “bunları deyəndən sonra səni xaric edəcəklər”. Əbülfəz bəy də dedi ki, “mən vəzifədən ötəri gəlməmişəm. Mən hakimiyyətə iki məsələdən ötrü gəlmişəm – rus qoşunları Azərbaycandan çıxarılsın, Bütöv Azərbaycan məsələsi qaldırılsın.” Yəni bu olub. Məni türmədən həmişə Riçard Maylz qurtarırdı. Bizim keçmiş “Zevin” küçəsində bir ofisimiz var idi. Ofisin pəncərəsində Əbülfəz bəyin böyük portreti asılmışdı. Bir gün Heydər Əliyev daxili İşlər naziri Ramil Usubovla oradan keçəndə həmin böyük pəncərədə Əbülfəz bəyin şəklini görür, soruşur ki, “Bura kimin yeridir?” Usubov da Nazim Nağıyevə deyir ki, “cavab verin də, kimin yeridir? Sizin qohumdur.” Onlar da deyirlər ki, “Şuranın, Cəfər Cəfərovun qızı Novellanın ofisidir”. Heydər Əliyev qayıdıb deyib ki, “kişi qızıdır, o ki dostuna bu qədər qiymət verir. Onunla işiniz olmasın”. Əbülfəz bəy onda Kələkidə idi…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?