“Milli Şuranın vahid namizədi olacaq şəxs vahid namizədliyi ilə bağlı iddiasını ortaya qoymalıdır. Namizəd olmayan şəxs nə cür vahid namizəd ola bilər? Bugünkü məsuliyyəti, ağırlığı boynuna götürməyən şəxs nə cür bizim yekdil namizədimiz ola bilər?” Bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın sessiyasındakı çıxışı zamanı Milli Şuranın vahid namizədi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İsa Qəmbər bildirib ki, Milli Şura haqqında müxtəlif söz-söhbətlər var. Onun sözlərinə görə, Milli Şurada təmsil olunanlar onun Azərbaycanın layihəsi olmasını təmin etməlidirlər: “Milli Şuranı müxtəlif tərəfə çəkənlər, müxtəlif ad verənlər var. Amma orada biz varıq. Biz Milli Şuranın məhz Azərbaycanın proyekti olmasını, Azərbaycanın maraqlarına xidmət etməsini təmin etməliyik. Milli Şuranın qəbul etdiyi qərarları kiminsə xoşuna gəldiyi üçün deyil, Azərbaycan xalqının maraqlarına cavab verdiyi üçün qəbul etməliyik. İstəyirəm ki, bu aydın həqiqəti hamımız bir yerdə qəbul edək və Milli Şuranın Azərbaycanın maraqlarına xidmət etməsi ilə bağlı narahatlıqları təbii qəbul edək. Eyni zamanda bu narahatlıqları aradan qaldıran addımlar ataq”.
Müsavat başqanı qeyd edib ki, Milli Şura ilə bağlı narahatlıq doğuran məqamlardan biri də vahid namizədlə bağlı müzakirələrin prinsipləridir: “Biz prinsiplər, dəyərlər daşıyan qüvvələrik. Bizim üçün şəxsiyyətlər öndə ola bilməz, partiyalarımızın maraqları bizim üçün önəmlidir. Lakin Azərbaycanın marağından öndə ola bilməz. Vahid namizəd olacaq şəxs Azərbaycanda olmalıdır. Vahid namizəd olacaq şəxs vahid namizədliyi ilə bağlı iddiasını ortaya qoymalıdır. Namizəd olmayan şəxs nə cür vahid namizəd ola bilər? Bugünkü məsuliyyəti, ağırlığı boynuna götürməyən şəxs nə cür bizim yekdil namizədimiz ola bilər? İndiki şəraitdə namizədlik irəli sürmək özü cəsarət tələb edir. Bu olmadan “xalq məni istəmişdi” mövzuları təbii ki, bizim üçün inandırıcı və cəlbedici deyil”.
Milli Şuranın vahid namizəd məsələsinin iki illik keçid müddəti konsepsiyasına uyğun həll oluna biləcəyini vurğulayan İsa Qəmbərin sözlərinə görə, həmin konsepsiyada nəzərdə tutulan məsələlər, atılacaq addımlar öz əksini tapmalıdır: “Bütün bu məsələlər ciddi müzakirələr və yazılı müqavilə ilə təsdiqlənməlidir. Prosesdə iştirak edənlərin həmin sənəddə imzası olmalıdır. Ona görə də bu məsələ bizim üçün qırmızı xətdir”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?