“Milli Şurada heç kəs başqa şəxsin namizədliyini dəstəkləməyə hazır deyil”
“Vahid namizədin seçki qərargahının yaradılmasını Rüstəm müəllim Milli Şuranın icra aparatına tapşırıb. Seçki təbliğatına bir ay qalmış vahid namizədin seçki qərargahı öz işinə başlayacaq. Gələn həftə komissiyaların və seçki qərargahının təqdimatı olacaq. Qarşıdakı günlərdə Rüstəm müəllimin , həmçinin, seçki qərargahının rəhbərinin kimliyi ilə bağlı sərəncamı olacaq”.
AzNews.az-ın məlumatına görə, bu sözləri Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov qurumun bugünkü sessiyasından sonra keçirilən brifinqdə deyib.
O bildirib ki, Milli Şurada R.İbrahimbəyovunm vahid namizədliyi ilə bağlı konsensus əldə olunub, ancaq qurum daxilində başqa bir şəxsin namizədliyinin dəstəklənməsi ilə bağlı bu formada konsensusun əldə olunması mümkün olmayacaq: “Milli Şura daxilində prezidentliyə layiq xeyli sayda insan var. Bizim laiqli namizədimiz çoxdur. Namizəd baxımından çətinlik çəkmərik. Ancaq söhbət seçki strategiyasından gedir. Əgər biz vahid namizəddən sonra alternativ namizəd irəli sürsək, bu, hakimiyyətə bizim vahid namizədimizi seçkidən uzaqlaşdırılmasına imkan verəcək. Bu baxımdan, Milli Şurada heç kəs başqa şəxsin namizədliyini dəstəkləməyə hazır deyil”.
E.Namazovun sözlərinə görə, bugünə qədər vahid namizədlə bağlı başqa cəhdlər uğurlu nəticə vermədiyi üçün məhz R.İbrahimbəyovun namizədliyi üzərində dayanılıb: “Əgər İctimai Palata vaxtında öz daxilində vahid namizədlə bağlı qərara gəlsəydi, bu gün yəqin ki, Milli Şuranın yaranmasına ehtiyac olmaz, Rüstəm müəllimin namizədliyi də gündəmə gəlməzdi”.
MŞ-in icra aparatı rəhbəri bildirib ki, əgər hakimiyyət qurumun vahid namizədinə maneə törətsə, onun namizədliyini qeydə almasa, Milli Şura dinc kütləvi aksiyalara başlamalı və öz namizədinin qeydiyyata alınmasına nail olmalıdır.
E.Namazov deyib ki, indiki halda başqa bir şəxsin namizədliyinin irəli sürülməsi Milli Şura üçün hər hansı problem yaratmır, ancaq seçki təbliğatı başladıqdan sonra bu məsələ qurumun vahid namizədinə problemlər yaradacaq.
Bu məsələ ilə bağlı Milli Şuranın üzvü, Açıq CƏmiyyət partiyasının sədri Sülhəddin Əkbərin fikirləri daha konkret olub: “Hər kəs bilsin ki, Milli Şuranın yalnız bir namizədi var və ikinci namizəd olmayacaq”. AzNews.az-ın məlumatına görə, O bildirib ki, ikinci bir namizədin seçki təbliğatı zamanı imzalarını toplamaq fiziki cəhətdən də mümkün olmayacaq.
S.Əkbərin sözlərinə görə, Müsavat başqanı İsa Qəmbər R.İbrahimbəyovun namizədliyinin qeydə alınmasına qədər özünün namizədliyini qüvvədə saxlayacağını bildirsə də, o, namizədliyini bir qədər tez geri götürməlidir: “Düzdür, İsa bəy Rüstəm müəllimin namizədliyi qeydə alınanda öz namizədliyini geri götürəcəyini bildirib, ancaq mən düşünürəm ki, bu addım bir qədər tez atılmalıdır. Əks halda, bu məsələ Milli Şurada maraqlar toqquşmasına gətirib çıxa bilər”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?