“Cəzaçəkmə müəssisələrində işgəncə faktları barədə mənə məlumat verilib. Bu, məni narahat edir”.
Bunu bu gün, mayın 7-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa Parlamentinin vitse-prezidenti Heydi Hautala deyib.
O bildirib ki, fərqli düşüncəyə malik insanlara tolerantlıq yoxdursa, bu tolerantlıq yarımçıq olur: “İlqar Məmmədovla bir həftə əvvəl görüşmüşdüm. Hüquq-müdafiə sahəsində çalışanların fəaliyyəti üçün çevik zəmin yaradılmalıdır. Xüsusən bizi Vəkillər Kollegiyasının fəaliyyəti, onun müstəqilliyi maraqlandırır. Bu sahədə tam nailiyyət əldə edilməyib, Ədliyyə Nazirliyinin bu sahəyə nüfuz etmək imkanı var”.
Deputat Kamran Bayramov İşgəncələrə Qarşı Avropa Komitəsinin missiyasının istənilən vaxt Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkə bildiyini vurğulayıb: “Bu Komitənin hazırladığı hesabatları hökumət nəzərə alır. Bir neçə il əvvəl Azərbaycanda məhkumların saxlanma şəraiti ilə bağlı problem var idi. Prezidentin tapşırığı ilə paytaxtda və regionlarda cəzaçəkmə müəssisələri tikilib. Eyni zamanda, Penitensiar Xidmətin işçiləri üçün seminarlar keçirilir. Digər tərəfdən, Azərbaycanda vəkillik institutu inkişaf edir. Azərbaycanda islahatlar həyata keçirilir, vəkillərin sayı artmaqdadır. Bu, vətəndaşların hüquqlarının müdafiə edilməsində vacib addımlardan biridir”.
Deputat Çingiz Qənizadə isə Azərbaycanda həbsxanalarda işgəncəyə dair faktlar təqdim edilməsini istəyib: “Bu kimi informasiyalar əsassızdır. İki məhbus arasında baş verən hadisələr də siyasi motivli hadisələr kimi təqdim olunur”.
İlqar Məmmədov REAL partiyasının sədridir. O, 2013-cü ildə İsmayıllı hadisələrinə görə iğtişaşlarda ittiham olunaraq həbs edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun hüquqlarının pozulduğunu tanıyıb. Ancaq İ.Məmmədov hələ da azadlığa buraxılmayıb.
Bu il vəkillərdən Yalçın İmanov isə müdafiə etdiyi «Müsəlman Birliyi» Hərəkatının rəhbərlərindən Abbas Hüseynin işgəncəyə məruz qalması ilə bağlı şikayətini ictimailəşdirdikdən sonra Vəkillər Kollegiyasından çıxarılıb. Penitensiar Xidmət Y.İmanovu bu açıqlama ilə onların işgüzar nüfuzlarına xələl gətirməkdə günahlandırıb.
Yerli hüquq müdafiəçiləri isə bildirirlər ki, Azərbaycanda işgəncə şikayətləri obyektiv araşdırılmır, bu barədə açıqlama verən vəkillər belə cəzalandırılır.
Xatırlatma
Müzakirələr aparmaq məqsədilə Bakıya səfər edən Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərini bu gün, mayın 7-də bir sıra rəsmilər, o cümlədən prezident İlham Əliyev qəbul edib.
Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.
“Şərq Tərəfdaşlığı” Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.
Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.
Azərbaycanla isə bu istiqamətdə ötən ildən başlayan danışıqlar hələ ki, yekunlaşmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?