Vaqif Hacıbəyli: “Müxalifətdaxili mübarizədə, intriqalarda Rüstəm bəydən və Şuradan istifadə olunmamalıdır” “Milli Şuranın Tiflis toplantısına birmənalı qiymət verməyə çətinlik çəkirəm. Amma bu qurumun fəaliyyəti ilə bağlı müəyyən narahatlıqlarım var. Qurumda təmsil olunmasam da, kənardan müşahidələr belə deməyə əsas verir. Çünki bir sıra məsələlərdə münasibətlərə xələl gətirən addımlar atılıb. Halbuki bu prosesi ağrısız keçirmək mümkün idi”. Bu fikirlərin müəllifi Əhrar Partiyasının sədri Vaqif Hacıbəylidir. O, müxalifətin Gürcüstan səfərini belə şərh edərkən deyib ki, Milli Şuranın seçkilərdə vahid namizəd elan etdiyi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq probleminin həlli 6 ay uzana bilər: “Arzu edək ki, Milli Şuradakı partiyaların ümidləri doğrulsun, pasport işi yaxın günlərdə həllini tapsın. Amma bu şans 50 faizdir. Çünki sadələşdirilmiş qaydada vətəndaşlıqdan imtinaya baxılması 6 ay uzana bilər. Bu halda İbrahimbəyovun namizədliyini irəli sürmək mümkün olmayacaq. Əvvəlcədən bunu hesablamaq lazım idi. Ümid edək ki, qurum daxilində müzakirələr aparıb ciddi bir qərar qəbul ediləcək. Milli Şuranın yaranmasını alqışlayıram. Ancaq proseslər bir qədər tormozlanıb. Gərək özümüz təşəbbüs göstərək, fəaliyyəti gücləndirək". V.Hacıbəyli hesab edir ki, eks-spiker Rəsul Quliyevin Müsavat Partiyası ilə bağlı son çıxışları Milli Şuranın işinə ziyan vurur. O, R.Quliyevin bəyanatlarını qeyri-etik adlandırdı: “Rəsul Quliyev hansı motivlərlə bunu edir, bilmirəm, amma ümumi proseslərə ziyan verən, etik olmayan hücumlara keçdi. Müsavata, onun liderlərinə qarşı məntiqsiz, zərərli açıqlamalar verdi. Hətta Müsavatın tarixini təftiş etdi. Təəssüf ki, bu mərhələdə AXCP özünü adekvat aparmadı, Rəsul Quliyevin Müsavata qarşı hücumlarına reaksiya vermədi. Əksinə, mövzunu bir az da körüklədi. Rəsul Quliyev bu yaşında özünü müdrik aparmaq əvəzinə Müsavata qarşı yersiz çıxışlar edir. Məntiqə sığmayan ifadələr işlədir”. Əhrar sədri MŞ-də iştirak etməməsi səbəbinə də toxundu: “Rəsul Quliyev faktoruna görə Milli Şurada iştirak etmək istəmədim. Amma istənilən halda Milli Şuranın təsis olunmasını müsbət hadisə hesab edirəm. Sadəcə, İbrahimbəyovun pasport müşkülü həll olunmasa Milli Şuranın seçkidə bu və ya digər şəkildə iştirakı təmin olunmalıdır. Vaxt çox qısadır, zaman gedir və seçkilər yaxınlaşır. Müxalifətdaxili mübarizədə, intriqalarda Rüstəm bəydən və Şuradan istifadə olunmamalıdır. Seçki ilə məşğul olmaq, namizəd məsələsinə aydınlıq gətirmək vacibdir”. Müsahibimiz Müsavata və partiyanın başqanı İsa Qəmbərə qarşı hücuma keçənlərə səsləndi: “Buna son qoyub birlik nümayiş etdirmək lazımdır. Əgər Milli Şura boykot seçimi etsə Müsavat Partiyası bu və ya digər şəkildə seçkidə iştirak edəcək. Bu, əvvəlcədən bəyan olunub, İsa Qəmbərin namizədliyi irəli sürülüb. Amma İbrahimbəyovun vahid namizəd olmasına dəstək verilib. Ümid edirəm ki, Milli Şura fəaliyyətini gücləndirib, yekdil və həlledici qərarlar qəbul edəcək, ölkədə siyasi vəziyyətin əsaslı şəkildə dəyişilməsinə nail olacaq”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?