İranın Dağlıq Qarabağı “müstəqil dövlət” olaraq olimpiadaya qəbul etməsi, separatizmə dəstəkdir.
Gundemxeber.Az bildirir ki, politoloq Məhəmməd Əsədullazadə İranda keçirilən 51-ci Erməni Olimpiadasında Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma Qarabağ rejiminin nümayəndələrinin “müstəqil respublika” kimi iştirak etməsinə münasibət bildirib.
Politoloq hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Tehranda keçirilən Erməni Olimpiadasında Qarabağın “müstəqil” respublika kimi iştirakına icazə verdiyinə görə nota verməlidir:
“Keçirilən bu olimpiada birbaşa rəsmi Tehranın icazəsi ilə reallaşır. Bu məsələdə İran hakimiyyəti məsuliyyət daşıyır. Rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü sözdə tanımasına baxmayaraq, belə bir tədbirdə separtizmə dəstəyi, işğalçının yanında olması deməkdir. İran heç vaxt Qarabağ məsələsində səmimi olmayıb, imkan düşdükcə Ermənistana dəstək verib. Məhz Şuşada məscidin bərpasını həyata keçirməsi də separtçılara dəstəyin ifadəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi Tehranda keçirilən Erməni Olimpiadasında Qarabağın “müstəqil” respublika kimi iştirakına icazə verdiyinə görə nota verməlidir. Tehrandakı səfirimiz bu məsələ ilə ciddi məşğul olmalı, səfir məsləhətləşmələr üçün ölkəyə çağırılmalıdır”.
Politoloq vurğulayıb ki, İrana qarşı bu məsələdə güzəştə getmək olmaz:
“İran hakimiyyəti bilməlidir ki, bu kimi separtizmə dəstək Azərbaycanın əks-reaksiyası ilə üzləşəcək. İranın regional güc və Yaxın Şərdə silahlı terror dəstələrinə sahib olması, Azərbaycanın milli təhlükəsizliyini təhdid edir. ABŞ və Qərbin İrana qarşı sanksiyaları məhz yerində verilən qərardır. Bu dövlət nüvə silahına malik olarsa, birbaşa bizim müstəqilliyimizi təhdid edəcək. Ona görə də İsrail-ABŞ tandeminin İran siyasəti, regional təhlükəsizliyin təmini deməkdir”.
M. Əsədullazadə qeyd edib ki, İran bir qrup məzhəb tərəfdarlarından ölkəmiz daxilində istifadəyə cəhd edir:
“Biz isə, 40 milyona yaxın soydaşlarımızdan istifadə edə bilmirik. Artıq, prosesə başlamaq zamanıdır”.
İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyid Əli Musəvi Redaktor.az-a açıqlamasında məsələyə müasibət bildirib.
O, bildirib ki, bu barədə sadəcə mətbuatda gedən yazıları görüb:
“İranda keçirilən 51-ci Erməni Olimpiadasında Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma Qarabağ rejiminin nümayəndələrinin “müstəqil respublika” kimi iştirak etməsi ilə bağlı xəbər, hələ mənə gəlməyib. Bununla bağlı müraciət etmişəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?