“Böyük ehtimalla, Rusiya da Ermənistandakı seçkilərin nəticələrini qəbul edəcək”.
Gundemxeber.Az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanda ötən gün keçirilmiş parlament seçkilərində Nikol Paşinyan komandasının Rusiyanın dəstəklədiyi “revanşistlər” üzərində qələbəsindən sonra ölkədə proseslərin mümkün inkişafını dəyərləndirən “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Musayev deyib.
Onun fikrincə, Paşinyan seçkisonrası dönəmdə vəziyyətə nəzarəti qoruyub saxlayacaq:
“Mənə belə gəlir ki, Ermənistanda seçkidən sonra hər şey tədricən yerinə oturacaq. Ona görə də, bir sıra proqnozların əksinə olaraq, orada sabitliyin pozulacağını gözləmirəm.
Yəqin Paşinyan seçkidən sonra da vəziyyətə nəzarət edə biləcək. Düzdür, bu, asan olmayacaq, amma erməni cəmiyyəti Paşinyana verdiyi dəstəyi davam etdirəcək.
Hələ seçkilərə qədər də xeyli zəifləmiş “Qarabağ klanı” artıq faktik olaraq, sıradan çıxıb. Lakin ola bilsin Ermənistandakı bəzi təbəqələr, o cümlədən, müxtəlif siyasətçilər erməni cəmiyyətini yenidən ümidləndirmək üçün müəyyən şüarlar ortaya atsınlar. Bununla belə, Qarabağ münaqişəsi artıq həll olunub. Hər kəs bilir ki, Şuşa kimdədirsə, Qarabağ da ondadır.
Böyük ehtimalla, Rusiya da Ermənistandakı seçkilərin nəticələrini qəbul edəcək. Bu, həm də geosiyasi bir məsələdir. Geosiyasətin isə bizə bəlli olan və olmayan detalları var. Burada zamana bir qədər ehtiyac var”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?