Son olaraq, aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyalarında Azərbaycan əleyhinə plakatlar qaldırılıb və şüarlar səsləndirilib. Həm Azərbaycan əleyhinə yazılan şüarlar, həm də “Qüdsə gedən yol Bakıdan keçir” yazılı plakatlar qaldırılıb. Qeyd edək ki, son günlərdə Azərbaycan və İran rəsmiləri arasında telefon danışıqları və görüşlər keçirilməsinə baxmayaraq, Tehran tərəfindən yenə də təxribat xarakterli addımlar atılır. Danışıqlar zamanı gərginliyin azaldılmasının tərəfdarı olduğunu iddia edən molla rejiminin əməlləri ilə sözləri üst-üstə düşmür. Hərçənd ki, iki dövlət arasında gərginliyin yaranmasının yeganə səbəbi də məhz Tehran hakimiyyətidir. Onlar son hərəkətləri ilə də bir daha məkrli olduqlarını nümayiş etdirdilər.
GUNDEMXEBER.AZ-ın məlumatına görə, "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri, politoloq Samir Hümbətov Cebhe.info-ya bildirib ki, İranın siyasətində ikiüzlülük açıq şəkil görünür: “Son günlər İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Azərbaycanın xarici işlər naiziri Ceyhun Bayramov arasında telefon danışıqları baş tutdu. Bu, o deməkdir ki, tərəflər arasındakı münasibətlərin daha da gərginləşməməsi üçün hansısa bir fikir formalaşdırmağa çalışılırdı. Amma aprelin 15-də İranda bu cür təxribatçı addımların atılması bütün bu danışıqların mənasız olduğunu və heç bir əhəmiyyət kəsb etmədiyini göstərir. Ümumiyyətlə, İranın siyasətində ikiüzlülük açıq şəkildə görünür. Son təxribat da bunun təzahürüdür. Buna görə də İran-Azərbaycan münasibətlərində hansısa ciddi dəyişikliyin baş verəcəyini və normallaşacağını düşünmürəm. İran Azərbaycana qarşı son 2,5 ildir törətdiyi təxribatları etiraf edərək üzr istəməsə və bu məsələlərin düzəlməsi üçün əməli addımlar atmasa, münasibətlərin normallaşacağına inanmaq olmaz. Çünki son 2,5 ildə İran Azərbaycanla sərhəddə 3 hərbi təlim keçirdi, 27 yanvarda Tehrandakı səfirliyimizdə terror aktı törəilldi, təhlükəsizlik əməkdaşımız şəhid oldu və 28 martda Bakıda Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edildi. Eyni zamanda, İran mediasında anti-Azərbaycan fikirləri səsləndirilir. Hətta bir müddət öncə İranın hərbi təyyarələri Azərbaycanla sərhəd boyunca uçuşlar həyata keçirdi”. Politoloq vurğulayıb ki, bütün bunlardan sonra formal danışıqlarla münasibətlərin düzələcəyini düşünmək çətindir: “İrandakı aksiyada “Qüdsə gedən yol Bakıdan keçir” yazılı plakatın qalxması molla rejiminin əsl niyyətini gösrərdi. Hesab edirəm ki, indiki halda İran-Azərbaycan münasibətlərində hansısa bir düzəliş olmayacaq. Çünki İran tərəfi buna imkan verməyəcək və onların siyasi korrekturası bunun üzərində qurulub. Yəqin ki, hələ uzun müddət bu gərginlik qalacaq. İrana təzyiqlər artdıqca və ölkə daxilindəki vəziyyət gərginləşdikcə, qonşu dövlətlərdən düşmən obrazı axtarmağa başlayır. Bununla da ölkə daxilində stabillik formalaşdırmağı və diqqəti kənara yönəltməyi hesablayırlar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?