İkram İsrafil: “Görünür bunu özləri də fərq etməyə başlayıblar...” AXCP Ali Məclisinin sədri Həsən Kərimov bundan sonra Müsavat Partiyası ilə hər hansı bir müstəvidə birliyin mümkün olmayacağını bəyan edib. Həsən Kərimov bildirib ki, siyasət elə bir sahədir ki, orda daimi dost, daimi düşmən olmur. Orda münasibətlər mövcud ictimai-siyasi proseslərə uyğun qurulur. Ancaq Müsavatın son addımı göstərdi ki, artıq körpülər yandırılıb, bundan sonra Müsavatın AXCP ilə bir arada olması müşkül məsələdir. Həsən Kərimovun sözlərinə görə, Müsavatın “Azadlıq” blokundan, indi də Milli Şuradan yarımçıq getməsi göstərdi ki, onlar müttəfiqlərinə sadiq olmurlar: “Bu da AXCP-yə dərs oldu. İnanmıram ki, bundan sonra Müsavatla hər hansı bir müstəvidə qoşa addımlayaq”.
Müsavat Partiyası Divanının üzvü, sabiq deputat İkram İsrafilə görə, görünür artıq AXCP rəhbərliyi Müsavata münasibətdə bütün körpüləri yandırdıqlarının fərqindədirlər: “Həsən Kərimov da ona görə düşünür ki, Müsavata qarşı bu qədər əsassız hücumlardan, böhtanlardan sonra onunla hansısa müstəvidə qoşa addımlamaq mümkün deyil. Həqiqətən də AXCP rəhbərliyinə daxil olan şəxslər Müsavata qarşı o dərəcədə kəskin mövqe ortaya qoydular ki, bütün körpüləri yandırmış oldular. Görünür bunu özləri də fərq etməyə başlayıblar. Ona görə də hesab edirlər ki, birgə fəaliyyət bundan sonra mümkün olmayacaq. Mən də bu qənaətdəyəm ki, AXCP-nin rəhbərliyinin bizə qarşı son dərəcə təəssüfləndirici davranışından sonra birgə əməkdaşlıq çox çətin olacaq, mümkün olmayacaq”.
Onu da qeyd edək ki, 2010-cu ildən indiyə qədər Müsavatla AXCP 20 yanvar faciəsinin ildönümlərini, 31 yanvarda Məhəmməd Əmin Rəsulzadənin doğum gününü bir yerdə qeyd ediblər. Bir həftədən sonra 20 yanvar hadisəsinin 24-cü ildönümüdür, sonra isə Rəsulzadənin 130 illiyi gəlir. Bəs, adı çəkilən partiyalar hazırkı gərginlikdən sonra bu tarixləri birlikdə qeyd edə biləcəklərmi?
Müsavat təmsilçisi İkram İsrafil bildirdi ki, ümummilli məsələlərdə Müsavat Partiyası xalqla, bütün siyasi qüvvələrlə birgə olmağı vacib hesab edir, indiyə qədər də bu prinsipi öz addımlarında nümayiş etdirib: “Müsavat Partiyası həm 20 yanvar faciəsinin 24-cü ildönümünü Şəhidlər Xiyabanını ziyarətlə qeyd edəcək, həm də ənənəyə uyğun olaraq Məhəmməd Əmin Rəsulzadənin doğum gününü Novxanıdakı abidəsi önündə mərasimlə qeyd edəcək. Hər iki tədbirdə istər AXCP, istər digər siyasi qüvvələr iştirak edəcəklərsə, biz buna normal yanaşacağıq və birgə hərəkət edəcəyik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?