“Orduda baş verən intihar halları, əsgər ölümləri parlament üzvlərini ciddi narahat edir”. Bunu azvision.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc son günlər orduda qeydə alınan əsgər intiharları ilə bağlı danışarkən deyib.
Deputat hesab edir ki, hərbi xidmətdən öncə çağırışçıların tibbi durumu ciddi şəkildə yoxlanılmalıdır: “Orduda hər hansı bir şəkildə baş verən ölüm halları, qeyri-döyüş itkiləri hər kəsi, o cümlədən parlamentariləri narahat edir. Lakin bu ölüm hallarının aradan qaldırılmasına dair baxışlar müxtəlif ola bilər. Kimsə əsgərlik yaşının artırılması mövqeyini, bəziləri bunun daha təkmil şəkildə insanlarımızın tibbi vəziyətinin yeniyetmə çağında müfəssəl yoxlanılması, onun yaxşı təşkili vəs. mövqeyinə üstünlük verə bilər. Bununla bağlı millət vəkilləri silahlı qüvvələrlə birgə görüşlər, mütəmadi tədbirlər və hüquqi işlərin daha yaxşı səviyyədə qurulması üçün əməkdaşlıq edir. Bu problemi həll etmək üçün hər kəsin fərdi baxışı var. Hər kəs də öz baxışlarını əsaslandırmaq üçün əsaslı dəlillər gətirə bilər. Amma bu, nə qədər reallıqda effektiv işləyəcək? Məsələn əsgərlik yaş həddinin aşağı olması ilə bağlı baxışlar mövcuddur ki, söhbət təkcə hər hansı psixoloji adaptasiyanın çətinliyi və s. məsələlərədən qaynaqlanmır.
Xüsusi olaraq, nəinki onların tibbi durumu əsaslı şəkildə yoxlanılmadan daxil olurlar , belə deyək ki, xəstə çağırışçılar orduya daxil olur. Beləliklə də müxtəlif məsələlər orduda meydana çıxır və fərdi hadisələr də ümumiləşir, cəmiyyəti narahat edir. Hərkəsi düşündürür və bəzən də silahlı qüvvələrin əleyhinə bir fakta çevrilir”.
Deputat yeni müdafiə naziri Zakir Həsənovun işini yüksək qiymətləndirərək, bu gün ordunun yeni quruculuq mövqeyində olduğunu bildirib: “Ona görə də bu məsələlərlə bağlı yeni müdafiə naziri və onun komandasında da mühüm bir iradə, yaxşı bir quruculuq istəkləri mövcuddur. Məhz bunları nəzərə alaraq, keçmişdə bəzən parlamentarilərin irəliyə sürdüyü mövqelər süngüylə qarşılanırdı və ona da lazım olan dəstək əldə oluna bilmirdi. Biz dünənki günə mənfi notlarla qiymət vermək məcburiyyətindən danışmırıq, keçmişi də təftiş etmirik. Ancaq gerçəklik bundan ibarət idi. O üzdən yeni bir mərhələnin başlanması kimi dəyərləndirərək, bu yöndə orduda hər bir məsələni hüquqi münasibətlərlə tənzimlənmək , orduda olan neqativlikləri tam minumuma endirmək yönündə təkiliflər, fikirlər var. Düşünürəm ki, qarşıdakı dövrdə bu fikirlər reallaşacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?