Azərbaycan Premyer Liqasının XXVI turunda gerçəkləşən "Sumqayıt"-"Şamaxı" matçında nəhayət ki, meydan sahibləri qalib gəldi. "Kimyaçı"lar bölgə təmsilçisi üzərində yalnız qələbə qazanmadı, həm də mövsüm ərzində bir çox həsrətlərə son qoydu.
Belə ki :
- "Sumqayıt" 15 oyunluq məğlubiyət seriyasına son qoymaqla, mövsümdə 3-cü qələbəsini qazandı;
- Əli Qurbani 24 turdan sonra qol orucunu pozub dubl etməklə, mövsümdə 3-cü qolunu vurdu. "9 nömrə" bununla komandasında dubl edən ikinci futbolçu oldu;
- Uzun müddət zədədən dolayı əvvəlki formasından uzaq düşən kapitan Vurğun Hüseynov əksər oyunlarda ehtiyatda qalır, bəzən isə əvəzetmədən meydana daxil olurdu. Ona görə də bu mövsüm əksər oyunlarda kapitan sarğısını Vüqar Mustafayev daşıyırdı. "Şamaxı" ilə oyunda Vurğun Hüseynovun kapitanlığı altında "Sumqayıt" uzun fasilədən sonra meydanı qalib tərk etdi;
- Andrey Popoviç nəhayət qapısını toxunulmaz saxlaya bildi. Xatırladaq ki, buna qədər ukraynalı milliləşdirilmiş qolkiper son 5 matçda qapısından 10 top buraxmışdı;
- "Sumqayıt" mövsümdəki 3-cü qələbəsini üçüncü dəfə "2-0"la gerçəkləşdirdi.
- "Sumqayıt" köhnə-yeni rəqibi üzərində qələbə qazandı. Mövsümə "Şamaxı" adı ilə yox, "Keşlə" adı ilə başlayan komanda 2021-2022-ci il mövsümünün I turunda "kimyaçı"lara eyni hesabla məğlub olmuşdu;
- Aleksey Baqa axır ki, mövsümdə ilk qələbəsini qazandı. Beloruslu mütəxəssis 11-ci oyununda sevindi. Buna kimi onun rəhbərliyi ilə komanda 10 oyunda 2 heç-heçə 8 məğlubiyyətli nəticə göstərmişdi.
"Sumqayıt"-"Şamaxı" matçını bir cümlə ilə ifadə etsək :
Əli Qurbani coşdu, Aleksey Baqa "bəxtsizlik zəncir"ini qırmaqla "Sumqayıt"da ilk zəfərini qazandı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?