İki gün öncə Türkiyədə NATO-nun istifadəsində olan İncirlik hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Axar.az xəbər verir ki, hərbi obyektin giriş-çıxışı yerli vaxtla 23.00-da bloklanıb və aviabaza güc strukturlarının 7 minədək əməkdaşı tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.
Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik Tvitter səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib: "Biz təhlükəsizlik sistemlərinin ümumi yoxlanışını həyata keçirdik. Heç bir problem müəyyən edilməyib".
"Xəbərtürk" saytı isə aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordun Türkiyəyə səfəri ilə əlaqələndirib.
ABŞ-ın İncirlikdəki hərbi aviabazası ilə bağlı belə bir addımın atılmasının Türkiyə-ABŞ münasibətlərində son günlər yaşanan soyuqluğu bir qədər də artıracağı iddia edilir. Bu hadisənin münasibətlərin qırılmasına qədər gediləcəyi ehtimalını yaradıb-yaratmadığı sualı ortaya çıxır. Münasibətlər qırıla bilərmi? Bundan daha çox itirən hansı tərəf olar?
Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyənin İncirlik bazası ilə bağlı atdığı addım risklidir. Bu hərbi aviabazanın təhlükəsizliyinə ABŞ-ın özü birbaşa cavabdehdir.
Bu baza təkcə qurudan deyil, həm də kosmosdan çox ciddi surətdə qorunur. 7 min polisin oraya cəlb edilib təhlükəsizlik tədbirləri adı altında aviabazanı mühasirəyə alması o qədər də diplomatik və ağıllı addım deyil:
"Türkiyənin siyasi rəhbərliyi ABŞ-la bağlı çox böyük risklərə gedir. ABŞ-la münasibətlərin qırılması daha çox Türkiyənin zərərinə ola bilər. Belə görünür, rəsmi Ankara Fətullah Gülənin təhvil verilməsi üçün ABŞ-la münasibətlərin gərginləşməsinə belə getməyi göz altına alıb. Bir tərəfdən də Türkiyədə edam cəzasını bərpa etməyə çalışırlar. Unutmaq lazım deyil ki, ölüm cəzası mövcud olan ölkələrə demokratik ölkələr heç kimi, hətta qatili belə, ekstradisiya etmir. Belə çıxır ki, gərginlik davam edəcək. İki ölkə arasında gərginliyin Türkiyə daxilindən və xaricdən müəyyən qüvvələr tərəfindən körüklənməsi müşahidə edilir. Bu, durum Türkiyə dövlətinin gələcəyi üçün həyəcanlanmağa əsaslar yaradır.
Təsəvvür edin ki, elə bir durum yaranıb - Britaniya guya öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Türkiyədə hərbi əməliyyat hazırlanmasından danışmağa başlayıb. ABŞ-la konfliktin dərinləşməsinin çox fəsadları ola bilər. Qərb İran kimi ikinci teokratik bir dövlətin yaranmasından əndişələnir - baxmayaraq ki, buna yetərli əsas yoxdur. Lakin Qərbə bəhanə də vermək olmaz. ABŞ-la münasibətlərdə gərginlik qaldıqca başqa NATO ölkələri ilə də Türkiyə arasında soyuq küləklər əsməkdədir. Belə bir vəziyyətdə Ankara ölçülü-biçili siyasət yürütməlidir, təhdidedici bəyanatlar verməməlidir. ABŞ-la baş-başa gəlməyin perspektivi yoxdur. Amerika vaxtilə Türkiyəni Stalinin təcavüzündən qorumuş bir ölkədir. Bu gün də ABŞ-ın Türkiyə ilə strateji müttəfiqlik əlaqələri qalır. Kimlərsə bu əlaqələri pozmaq və Türkiyənin NATO-dan uzaqlaşdırılmasına və Türkiyənin müdafiəsiz qalmasına, Türkiyənin Rusiyanın və Çinin nəzarəti altına düşməsinə nail olmaq istəyir. Ankara fərqində olmalıdır ki, Rusiyanın özü bu gün ABŞ-la imdaddiləyici vəziyyətdədir".
Milli.Az bildirir ki, "Sivilizasiyalar və konfliktlər" analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli musavat.com-a açıqlamasında deyib ki, Vaşinqtonla Ankara arasında münasibətlərdə soyuqluq əvvəldən müşahidə edilirdi və baş tutmamış qiyam cəhdindən sonra münasibətlər daha da gərginləşib:
"İncirlik aviabazasının hansı səbəbdən olsa belə, mühasirəyə alınması Türkiyənin Amerikaya qarşı atdığı bir demarşdır. Yəni Türkiyə bildirir ki, qiyamın arxasında kim(lər)in durduğunu bilir və Gülən verilməyənə qədər bu məsələnin sonuna qədər gedib çıxa bilər. Gülənin verilməsi isə hələlik inandırıcı görünmür. Ən uzağı, ABŞ-dan Kanadaya ekstradisiya edilə bilər. Bu da çözüm kimi Türkiyə tərəfindən baxıla bilməz. Üstəgəl, PYD və PKK-ya Suriya və İraqda ABŞ-ın dəstəyini də Türkiyə amerikalılara xatırladır. Bununla belə, düşünmürəm ki, münasibətlər qırılmayacaq.
Çünki regionda Türkiyə Amerikaya, dünyada da Amerika Türkiyəyə lazımdır. NATO-suz Türkiyə dünya və region gücləri tərəfindən daha böyük basqıya məruz qalacaq. İranın Qərblə barışdığı bir dövrdə Türkiyənin Qərblə dalaşması qardaş ölkənin maraqlarına cavab vermir. Onu da deyim ki, Türkiyə-Rusiya münasibətləri düzələ bilər, iqtisadi baxımdan yaxşılaşa bilər, amma siyasi baxımdan müttəfiqlik inandırıcı deyil. Çünki istər Krım, istər Qafqaz, istərsə də Suriya problemlərinə baxışlar bu iki ölkə arasında diametral fərqlənir"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?