“Bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”. İranın Azərbaycandakı səfirliyinin fevralın 2-də yaydığı açıqlamada belə yazılır. Açıqlamada REAL Hərəkatının fəallarına pul verilməsi barədə ittihamlar təkzib edilib. “Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar”, açıqlamada vurğulanır. Səfirlik bildirir ki, İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib. “Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib”, səfirlik qeyd edir.
Xatirlatma İran İslam Respublikasının əməkdaşlarından biri yanvarın 19-da REAL-ın Bakıdakı ofisində hərəkat rəsmiləri ilə görüşmüşdü. Həmin görüşdən bir neçə gün sonra jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda xəbər yayılmışdı ki, İran diplomatı REAL-a pul verib. Bundan sonra isə Baş Prokurorluq REAL fəalları barədə araşdırmalara başlayıb. Son bir neçə gündə hərəkatın aparıcı şəxsləri prokurorluqda dindiriliblər. REAL bunu onlara təzyiq kimi dəyərləndirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?