ABŞ prezidenti Donald Trump, sələfi Barak Obama haqqında ittihamlarını əsaslandırmaq üçün sübut göstərməyə çağrılıb. Prezident Trump iddia edir ki, seçki kampaniyası zamanı Barak Obama onun telefon danışıqlarının məxfi dinlənilməsinə göstəriş verib. Respublikaçı Senator Ben Sasse deyib ki, cənab Trumpın qeydləri "ciddi" olub və o, iddia olunan dinləmə barədə təfərrüatları açıqlamalı və bu barədə necə məlumat aldığını izah etməlidir. Respublikaçı prezident iddiaları barədə detalları açıqlamayıb. Obamanın sözçüsü deyib ki, o, heç zaman heç bir ABŞ vətəndaşının izlənilməsinə göstəriş verməyib. Cənab Trump-ın bu barədə tvitlərindən öncə mühafizəkar radio proqramının aparıcısı Mark Levin iddia edib ki, Obama administrasiyası ötən il Trump-ın kampaniyasını "dinləmək üçün icazə əldə etmək istəyib və nəhayət bunu edə bilib". Daha əvvəl mediada yayılmış məlumatlara görə, FTB Trump-ın komandasının Rusiya rəsmiləri ilə potensial olaraq qeyri-adi əlaqələrilə bağlı Xarici Kəşfiyyata Nəzarət məhkəməsindən (FİSA) order əldə etməyə cəhd edib. İlk olaraq order rədd edilsə də oktyabr ayında yayılan məlumatlara görə o, təsdiqlənib. Bu barədə rəsmi məlumat yoxdur. FİSA aktına görə dinləmələrin dəsdiq olunması üçün ehtimal olunmalıdır ki, hədəf olunan şəxs xarici hakimiyyətin agenti ola bilər. Cənab Obama belə bir orderə göstəriş verə bilməzdi. Prezident Trump bununla bağlı iddiaları şənbə günü, Twitter vasitəsilə qaldırıb. Cənab Obamanın sözçüsü iddiaları "sadəcə yanlış" adlandırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?