Erməni politoloqları bunu prezident seçkilərinə hazırlıq olaraq qiymətləndirirlər
Ermənistan müxalifətinin parlamentdə təmsil olunan yeganə qüvvəsi “Yelk” (“Çıxış”-red.) yanvarın 19-da İrəvanın mərkəzində qiymətlərin artmasına etiraz yürüş keçirməyə hazırlaşır.
“2018-ci ilin ilk günlərindən etibarən qiymət artımı yenidən şiddətlənib və əhalinin sosial vəzyyətini ağırlaşdırıb”, -blokun bəyanatında deyilir.
“Yelk” blokunun deputatı Ararat Mirzoyan da etiraz aksiyalarını həyata keçirməkdə əsas məqsədlərinin bu prosesi durdurmaq olduğunu bildirib.
“Əksər qiymət artımları yanvarın 1-dən qüvvəyə minib və bütün vətəndaşlar artıq ciddi problemlərlə üzləşiblər. Onun üçün təşəbbüsümüzün yerində və aktual olduğunu düşünürük”, - Mirzoyan “Azadlıq” radiosunun Ermənistan bürosuna (Radio Azatutyun) verdiyi müsahibədə deyib.
Mirzoyanın sözlərinə görə, bahalaşma birbaşa iqtidarın illər boyu apardığı siyasətlə bağlıdır. “İnflyasiya Ermənistan vətəndaşlarının bütün sahələrdə müvəffəqiyyətsizliyə uğrayan Respublika partiyasına dözməsi nəticəsində baş verir”, - erməni deputat qeyd edib.
Ermənistanda Serj Sərkisyanın “əl müxalifəti” adlandırılan “Tsarukyan” bloku da qəbul edilən yeni vergi məcəlləsni sərt şəkildə tənqid edib. Lakin erməni iş adamının öz adı ilə bağlı bu blok “Yelk “kimi etiraz aksiyaları ilə bağlı mövqe bildirməyə tələsmir.
Blokun deputatı Mikael Melkumyan məsələ ilə əlaqədar qərar qəbul olunmadığını bildirib. Onun sözlərinə görə, əgər bu məsələdə bir neçə ay bundan öncə böyük aktivlik müşahidə olunsaydı, əhalinin vəziyyətini ağırlaşdıran vergi məcəlləsi indiki halında qəbul edilməzdi.
İqtidar partiyası isə bahalaşmanı qlobal proses adlandırıb. Respublika partiyasının katibi Qagik Məlikyan qiymət artımını bütün dünyada getdiyini söyləyərək əhalinin sosial vəziyyətinin mitinqlər yolu ilə deyil, ağıllı iqtisadi siyasətlə həll olunmasının vacibliyini söyləyib.
Məlikyan bununla bərabər 2018-ci ildə büdcə sahəsində çalışan insanların maaşalarının inflyasiyaya görə indeksləşdirilməsinin gözlənilmədiyini bildirməyə məcbur olub.
Erməni politoloqları “Yelk blokunun yürüş qərarı almasının təbii olduğunu və daha çox siaysi məqsəd güddüyünü söyləyirlər.
Polittexnoloq Vigen Akobyanın sözlərinə görə, “Yelk” siyasi nöqteyi nəzərdən müxalif düşərgədə liderliyi ələ almaq üçün belə bir addım atıb.
Akobyan blokun gələcək prezident seçkilərində alternativ namizəd irəli sürəcəyini istisna etməyib. “Biz həmişə müxalifətin dişsiz olduğuna alışmışıq. İndi “Yelk”in bu cür fəallığı hamıya təəccüblü gəlir”, - ekspert bildirib.
Akobyan müxalifətin kültəvi yürüş təşkil etmək gücündə olmadığını anladığı üçün yürüş variantına üstünlük verdiyini deyib.
Politoloq Qagik Qambaryan isə indiki vəziyyətdə müxalifətin hökuməti qiymər artımına məsələsində güzəştlərə vadar etmək gücündə olmadığını söyləyib.
“Bu gün Ermənistanda İrandakı kimi hakimiyyəti geri çəkilməyə məcbur edın situasiyanı doğurmaq mümkün deyil. Mən “Yelk ” blokunun bununla nəyəsə nail olacağını zənn etmirəm. Lakin şübhəsiz blok ictimaiyyətin gözündə müəyyən dərəcədə reytinq toplaya bilər”, -politoloq bildirib./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?