Azərbaycan əleyhinə kampaniya, radikal dini qruplar...
Son iki ildə Azərbaycan turizmində müəyyən qədər inkişaf tempi müşahidə edilməkdə idi və bunun ən bariz göstəricisi də ərəb turistlərinin axını hesab olunurdu. Lakin son vaxtlar həm paytaxtda, həm də bölgələrdə ərəb turistlərə daha az rast gəlinir. Bunun bir səbəbi kimi, Azərbaycanda xidmət və iaşə sektorunda qiymətlərin baha olması göstərilir.
Digər səbəb isə İraq turistləri üçün sadələşdirilşmiş viza rejiminin ləğv edilməsidir. Sonuncu fikri turizm eksperti Firdovsi Xəlilov fed.az-a açıqlamasında səsləndirib. Onun sözlərinə görə, son bir ilədək Azərbaycana gələn iraqlı turistlər vizanı sadələşdirilmiş şəkildə sərhəddə ala bilirdilər. Bu da həmin ölkədən turist axınını sürətləndirirdi: “Viza sərhəddə veriləndə İraqdan Azərbaycana böyük axın oldu. İraq vətəndaşları nisbətən aşağı seqmentli hotellərdə qalsalar da, ”kəş" dollar xərcləyirdilər, AVM-lərdə alış-veriş edirdilər və fayda gətirirdilər. Adamlar nağd pul xərcləyirdilər, bütün sektorun sevdiyi müştərilər idilər".
İraqlı turistlərə aeroportda verilən vizanın ləğv edilməsinin səbəbləri ilə bağlı isə müxtəlif fikirlər var. Bunlardan biri də İraqda Azərbaycan əleyhinə kampaniya aparılmasıdır. Belə ki, iraqlı blogger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportajda səsləndirdiyi bəzi iddialar müzakirələrə səbəb olub. Onun “8000 ərəb Azərbaycanda QİÇS-ə yoluxub” iddiası aidiyyəti qurumları da hərəkətə gətirib. Həmçinin İraq cəmiyyətində ərəblərin burada əxlaqsız həyat tərzi sürməsi və ölkəmizdə bu cür məkanların kütləvi olması ilə bağlı ictimai rəy formalaşdırılması da sadələşmiş vizanın ləğv edilməsində əsas səbəblərdən biri olub.
“Yeni Müsavat”ın yazarı Kənan Rövşənoğlu bildirdi ki, iraqlılara sadələşmiş vizanın ləğvi daha çox o ölkədə Azərbaycan əleyhinə aparılan kampaniya ilə bağlıdır: “Son illərdə daha çox iraqlılar ölkəmizə turist olaraq gəlirdir, onlarla bağlı bir çox problemlər yarandı. Əsasən də 400-500 dollarlıq paketlərlə gəlirdilər, əyləncə məqsədi ilə, ailəli olmayan tək adamlar daha çox gəlirdilər. Bu səbəbdən onlar arasında əxlaqsızlıq yayılmışdı. Ötən il İraq televiziyası Bakıya gələrək burada yarım saatlıq geniş bir reportaj hazırladı, daha sonra o, internetdə yayıldı. Bildirilirdi ki, guya burada 600 nəfərdən çox iraqlı QİÇS və digər cinsi xəstəliklərə yoluxub, 8 nəfər dünyasını dəyişib. Bu bir qədər də Azərbaycana qarşı anti-kampaniya xarakteri daşıdı. Bakıdakı barlar və sair işıqlandırıldı, orada cinsi xidmətlərin göstərilməsi, xəstəliklərin yayılması və sair məlumatlar yayımlandı. Bu, ölkənin imicinə də ziyan vururdu. Çox güman ki, hökumət daha çox buna görə iraqlı turistlərin səfərinin qarşısını almaq üçün sadələşmiş vizanı ləğv etdi. Eyni hal 10 il öncə Gürcüstanda da yaşanmışdı, daha sonra hökumət iraqlılara sadələşmiş viza rejimini ləğv etmişdi. Bundan başqa, hazırda İraqda münaqişə var, orada insanlar həm iş, həm də turizm üçün ölkəni çox asanlıqla tərk edirlər”.
Natiq Cəfərli isə hesab edir ki, bu qərar həm də təhlükəsizlik məsələləri ilə əlaqədar ola bilər: “İraqdan Azərbaycana müəyyən sızmaların olmaması üçün, radikal dini qrupların üzvlərinin ölkəmizə gəlməsinin qarşısını almaq üçün, gələnlərin daha ciddi yoxlamalara məruz qalması üçün belə bir qərar verilib. Son illəri götürsək İraqdan gələn turistlərin sayında dəfələrlə artım olurdu ki, bu da ölkənin turizm bazarında mühüm rol oynayırdı. Gələn turistlərin sayının artması Azərbaycanın turistik obyektlərinin gəlirlərinin artmasına, ümumiyyətlə, turizm gəlirlərinin artmasına da müəyyən kömək edirdi. Ola bilər ki, xüsusi xidmət orqanlarında müəyyən sızmaların olması ilə bağlı məlumatlar olub. Təhlükəsizlikdən başqa hər hansı səbəblə bunu izah etmək çətin olar. Dövlətlər arasında çox normal münasibətlər var, hər hansı gərginlik olmayıb ki, bu sadələşmiş vizanın ləğvinə səbəb olsun. Çox güman ki, səbəb təhlükəsizlik məsələsidir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?