ABŞ-da Konqresin Nümayəndələr Palatası Bakı vaxtı ilə ötən gecə saatlarında “erməni soyqırımının” tanınmasına dair qətnaməni qəbul edib. Bu qətnaməni hər iki partiyanın konqresmenləri dəstəkləyiblər. İcrası hüquqi baxımdan icbari olmayan bu qətnamənin leyhinə 405, əleyhinə 11 millət vəkili səs verib.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ABŞ Nümayəndələr Palatasının addımını qətiyyətlə pisləyib və deyib ki, bu qərar “qanunsuz və etibarsızdır”. Bu barədə yazdığı tvitdə Çavuşoğlu qeyd edir ki, Türkiyə Suriyanın şimal-şərqinə hücumla “böyük oyunun” qarşısını alıb və Konqresin qərarı da bu əməliyyata görə qisasdır: “Niyyətləri baş tutmayanlar nimdaş qətnamələrə əl atırlar. Onların bu yolla qisas alacaqlarını düşünənlər səhv edirlər. Tarixi siyasət üçün istismar edənlərin qərarları hökumətimiz və xalqımız üçün qanunsuz və etibarsızdır”.
Bu qətnamə layihəsini böyük erməni diasporunun yaşadığı Kaliforniya ştatından demokrat Adam Şiff təqdim etmişdi. ABŞ ştatlarının Missisipidən başqa hamısı indiyədək “erməni soyqırımını” tanıyan qətnamələr qəbul edib.Əvvəllər Türkiyə hökuməti bu məsələnin qanunvericilik halına gəlməməsi üçün uğurlu lobbiçilik fəaliyyətində olub.Lakin iki ölkə arasında hazırda yaranmış vəziyyətdə bunu etmək son dərəcə çətin idi.
Ötən gen Nümayəndələr Palatası habelə Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib. Qanun layihəsində xəbərdarlıq edilir ki, Tramp administrasiyası ilə Ankara arasında Türkiyənin Suriyanın şimalına müdaxiləsinə dair əldə olunmuş razılaşma NATO müttəfiqinin Suriyaya müdaxiləyə görə cəzalandırılmasını istisna etmir.
Bloomberg yazır ki, Türkiyə liderləri, “Halkbank “və başqa maliyyə təsisatları üzərinə sanksiyaların qoyulmasını və Türkiyə hərbiyyəsinin maliyyələşdirilməsinin qadağanını nəzərdə tutan sənəd Nümayəndələr Palatasından 403-16 nisbəti ilə keçib.
Xəbərdə bu da qeyd olunur ki, qanun layihəsinin palatadan veto qoyulmayacaq nisbətdə keçməsi prezident Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarının millət vəkilləri arasında doğurduğu hiddəti göstərir.
Onlar bildirirlər ki, məhz Trampın bu qərarı Türkiyənin Suriyanın kürd qüvvələri tərəfindən nəzarət olunan ərazilərinə müdaxiləsinə yol açıb.Qanun layihəsi habelə Konqres üzvlərinin vise-prezident Mayk Pens və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş atəşkəs razılaşmasından kifayətlənmədiklərinin ifadəsi olub.
İndi prezident Tramp Türkiyəyə qarşı sanksiyaları Konqresə məlumat verməklə hər dəfə 90 gün müddətinə dondura bilər. Amma bunun üçün Türkiyənin atəşkəsi pozmaması tələb edilir.
Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin sədri, ermənipərəst konqresmen Eliot Engel deyib ki, prezident Tramp Ərdoğanın “əl-qolunu açıb”, amma Konqres Amerika hökumətinin əsl mövqeyini göstərməlidir.
Beləliklə, qanun layihəsinə görə Türkiyə Suriyada atəşkəsi pozarsa, ən sərt sanksiyalarla üzləşə bilər. Lakin Ərdoğanın sözçüsü Fahrettin Altun oktyabrın 29-da bildirib ki, “Türkiyəni sanksiyalarla hədələyən qanun layihəsi strateji müttəfiqliyin ruhuna birbaşa ziddir”.
Senat xarici İşlər Komitəsinin sədri Cim Riç (Jim Risch) bildirib ki, onun komitəsi demokrat senator Bob Menendezlə birlikdə buna bənzər qanun layihəsi təqdim edə bilər.O bildirib ki, bu məsələdə demokrat və respublikaçı senatorlar yekdildir. H.R. 4695 adlı qanun layihəsində bildirilir ki, Türkiyə rəsmilərinə sanksiyalar tətbiq oluna, onların ABŞ torpağına gəlmələrinə qadağan qoyula bilər.
Sənəddə Türkiyənin dövlət “Halkbank” bankına, habelə Suriyaya müdaxilənin maliyyələşdirilməsində iştirak etmiş maliyyə təsisatlarına qarşı da sanksiyalar tətbiq oluna biləcəyi bildirilir. Layihə ABŞ administrasiyasını Türkiyənin Rusiyadan raket sistemləri aldığına görə Ankara üzərinə sanksiyaların qoyulmasına çağırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?