Britaniyanın baş naziri Boris Consonun davamlı COVID-19 simptomları ilə xəstəxanaya yerləşdirilməsindən sonra vəziyyəti pisləşib və o, reanimasiya şöbəsinə köçürülüb. Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.
“Gün ərzində baş nazirin vəziyyəti pisləşib və onun tibbi briqadasının məsləhəti ilə o, xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Baş nazir birinci dövlət naziri olan xarici işlər naziri Dominik Raabın lazım olduğu halda onu əvəz etməsini istəyib” - deyə, baş nazirin ofisinin açıqlamasında bildirilir.
Britaniya baş naziri Boris Conson 10 gün əvvəl koronavirus testi müsbət nəticələnəndən sonra aprelin 5-də əlavə testlər keçirilməsi üçün xəstəxanaya aparılıb.
Baş nazirin sözçüsü Boris Consonun gecəni rahat keçirdiyini və COVID-19 simptomları olan öskürək və qızdırmanın davam etməsi ilə əlaqədar St Tomas xəstəxanasında yerləşdirildikdən sonra da hökumətə rəhbərlik etməyə davam etdiyini bildirib.
Boris Conson Twitter səhifəsində onu və başqalarını bu çətin vaxtda müalicə etdiklərinə görə Milli Səhiyyə Xidmətinə təşəkkürünü bildirib.
“Həkimimin məsləhəti ilə mən hələ də koronavirus simptomları olduğuna görə bəzi testlər üçün xəstəxanaya getdim. Kefim yaxşıdır və mən bu virusa qarşı mübarizə aparmaq və hamının təhlükəsizliyini təmin etmək işini birgə apardığımıza görə öz komandamla əlaqə saxlayıram”, Boris Conson Twitter səhifəsində yazıb.
Consonin sözçüsü Ceyms Slak ona hansı testlərin edildiyini deməkdən imtina edərək, baş nazirin hökumət səlahiyyətlərini yerinə yetirməkdə davam etdiyini deməkdə israr edib.
55 yaşlı Boris Conson martın 26-da COVID-19 diaqnozu qoyulduqdan sonra iqamətgahında karantində idi. O, virusa yoluxaraq xəstələnən ilk hökumət başçısıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?