Birləşmiş Ştatlar Əfqanıstanda “sülh prosesini pozmaq istəyənlər”in qarşısını almaq üçün tərəfləri sülh danışıqlarını bərpa etməyə səsləyib.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bu çağırışı Talibanla danışıqlar aparmaq üçün təşkil edilmiş nümayəndə heyətinin tanınmış qadın üzvünün həyatına sui-qəsd cəhdinə cavab olaraq edib.
“Biz Favziya Kufinin həyatına qəsd cəhdini qınayırıq. Bu, Əfqanıstanda sülh prosesini saxlamaq və pozmaq istəyənlərin qorxaq və cinayətkar əməlidir”, Xəlilzad Twitter sosial şəbəkəsində yazdığı silsilə mesajlarda bildirib.
Əfqanıstan rəsmiləri parlamentin keçmiş üzvü və qadın hüquqları müdafiəçisi olan Favziya Kufinin cümə günü Pərvan vilayətindən Kabilə qayıdan zaman naməlum silahlı şəxslərin onun avtobilinə hücum etdiyini bildirib.
O, ciddi xəsarət almadan hadisə yerindən uzaqlaşa bilib.
Əfqanıstan rəsmilərinin Kufinin həyatına qəsd kimi qiymətləndirdikləri insidentə görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
Taliban hücumla əlaqəsi olmadığını bildirib. Bu, hücumun arxasında İslam Dövləti qrupunun ola bildiyi ilə bağlı şübhələrin artmasına səbəb olub.
“Mən sülh istəyən bütün tərəfləri təkcə hücumu qınamaq deyil həm də sülh prosesini sürətləndirmək və Əfqanıstandaxili danışıqları ən tez zamanda başlamağa çağırıram”, Xəlilzad qeyd edib.
Danışıqların keçirilməsi ABŞ və Taliban arasında fevral ayında əldə edilmiş razılığın nəticələrindən biridir. Razılığa əsasən Amerikanın hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması nəzərdə tutulur.
Son həftələr Kabil və şəhərin ətrafında din xadimləri, hüquq müdafiəçiləri və ABŞ-ın vasitəçiliyi ilə sülh prosesi ilə əlaqəsi olan hüquqşünaslara qarşı bir sıra hücumların törədilməsi sülh əleyhdarlarının prosesi pozmağa çalışdığı ilə bağlı narahatlıqların artmasına gətirib çıxarıb.
Zalmaya Xəlilzad dəfələrlə Əfqanıstanda rəqib tərəfləri birbaşa danışıqlara başlamağa çağıraraq, İslam Dövləti qrupunun militantları da daxil olmaqla “təxribatçıların” sülh səylərini pozmağa çalışması ilə bağlı xəbərdarlıq edib.
Sorğu
Yeni dizaynımız necədir?