Rusiya Ukraynaya girməmiş rus kanallarında qeyri-ciddi olaraq Rusiya müdafiə nazirliyinin işğalla bağlı gündəliyi də yayılmışdır. Rusiya qısa müddət ərzində Kiyevi tutmalı, Zelenskini devirməli və öz adamını hakimiyyətdə qoymalı idi. Amma özünü hamıdan ağıllı zənn edən, KGB səlahiyyətlisi, 20 illik prezidentlik təcrübəsi olan Putin dünənki aktyorun qarşısında rusvay olur. Niyə işlər plana uyğun getmədi?
1. Putin düşünürdü ki, Ukraynada Rusiyaya meyilli rusdilli vətəndaşlar var və onlar Rusiyanın işğalına haqq qazandıracaqlar. Bununla bağlı Rusiya kanallarında təbliğat da gedirdi. Amma bu baş vermədi. Deməli, Putinin kəşfiyyatı, sosial araşdırmalar mərkəzləri yox səviyyəsindədir. O Ukraynanı və ukrayniyalıları və eyni zamanda demokratiyanın gücünü düzgün anlamayıb. O Zelenskini də düzgün qiymətləndirmədi və çox güman ki onun qaçacağını hesablamışdı.
2. Putin, böyük ehtimalla, düşünürdü ki, qısa müddətə Kiyevi alandan sonra bürokratik Avropanın oyanıb buna reaksiya verməsinə qədər iş-işdən keçmiş olacaq və Avropa yeni fakt qarşısında qalmış olacaq. O zaman Putin daha üstün mövqedə olacaq və şərtləri diktə edə biləcək. Buna da səbəb Qərbin Rusiyanın Gürcüstana hücumu və Krımı işğal etməsinə verdiyi yekdil olmayan reaksiyası ola bilər.
Amma Putin onun qərbi parçalamaq üçün həyata keçirdiyi əksər layihələrin (sağ partiyaları və media orqanlarını dəstəkləmək, bəzi üzvlərə güzəştli neft-qaz layihələri təqdim etmək) üzə çıxdığını, qərbin onun oyununu çözdüyünü anlamadı. Anlaşılan budur ki, onun qərbdəki kəşfiyyatı da zəifdir və qərbi düzgün anlaya bilməyib. Nəticədə, bütün qərb Putinə qarşı birləşdi.
3. Ukraynada qısa müddətli hərbi əməliyyatlarla Putin özünün hərbi potensialını və hərbi əzələsini də Qərbə göstərməyə çalışırdı. Amma gördüyümüz nə oldu? Köhnə texnika, köhnə silahlar və 18 yaşlı yeniyetmələr. Ukraynada bu texnikanın vəziyyətinin üzə çıxması Putini rüsvayçı vəziyyətə qoydu. Deməli Putin heç öz hərbi potensialı haqqında da düzgün məlumatlara sahib deyilmiş.
4. Qısa müddətli qələbə üçün çox güman ki Putinin propaqanda maşını hazır idi. Bu propaqanda da onu dünya lideri kimi təqdim edər, rus xalqının güclü bir xalq olduğunu insanlara nümayiş etdirərdi. İnsanlar da Putini alqışlayaraq şəxsi problemlərini unudub Putinə baş əyərdilər.
Amma Putin Ukrayna xalqını düzgün tanımadığı üçün planlar alt-üst oldu. Ukrayna xalqının dirənməsi saatlıq əməliyyatı günlük əməliyyata çevirdi. Ruslar harada döyüşürdülərsə hələ də oradadılar. Sosial şəbəkələrdə videoların yayılması, dünyada Rusiyaya qarşı baş verən aksiyalar asta-asta Rusiyanın şəhərlərinə sıçramağa başlayır. Qəhrəman kimi özünü hazırlayan Putin düşmən obrazına girir. Hələ ölkəyə cəsədlər gəlməyib.
Bundan əlavə, o Rusiyaya qarşı bu ağırlıqda iqtisadi sanksiyaları gözləmirdi. Şirkətlərin könüllü olaraq Rusiyaya məhsul satmalarından imtina etmələrini, xakerlərin Rusiya dövlət orqanlarının saytlarının sıradan çıxartmasını, Qərbin Rusiya təyyarələri üçün hava məkanını bağlayacağını, sosial şəbəkələrin Rusiya kanallarına aid sponsorlu paylaşımlarını qəbul etməməsini və s-ni. gözləmirdi, bunları hesablamamışdı. Çünki onun hesablaması qısa müddətli müharibə idi.
Bəs o boyda dövlətin rəhbəri olan Putin bu səhvləri necə buraxa bilər?
Bu sualın cavab isə avtoritar idarəetmədədir. Avtoritar liderlər ağıllı insanları deyil, onlara hə deyənləri yanına toplayır. Putinin hər sözünə hə deyənlərdə reallığı Putinə göstərəcək cəsarət olmur. Ordunun o gündə olmasının səbəbi də avtoritar idarəetmə və korrupsiyadır. Ordu üçün büdcədən ayrılan pullar yeyilir, köhnə texnikalar üzərindən milyonlar silinir, həqiqəti deməyə çalışanlar isə həbs olunur. Bu da nəticəsi.
Biz isə düşünürdük ki, biz azad olmaq istəsək Putin bizə imkan verməz. Bütün imperialar xalqın gücü qarşısında acizdir. Yalnız qorxaq olan insanlar qorxmalarına haqq qazandırmaq üçün bəhanələr axtaracaqlar. Ukrayna hadisələri bizə bunu bir daha açıq-aydın göstərə bildi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?