Britaniya Ukraynadakı döyüş meydanında kimyəvi silahdan istifadədə iştirak edən Rusiya hərbçilərinə qarşı sanksiyalar tətbiq edərək, Rusiyanı “qəddar və qeyri-insani taktika”da ittiham edib.
Böyük Britaniya hökumətinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir ki, sanksiyalar Rusiya Federasiyasının radioloji, kimyəvi və bioloji müdafiə qoşunları və onların lideri İqor Kirillova şamil edilib.
Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lamminin yaydığı sənəddə vurğulanır ki, “Böyük Britaniya Putin və onun mafioz dövləti Kimyəvi Silahlar Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququ kobud surətdə pozursa, sakit oturmayacaq”.
ABŞ və Böyük Britaniya Rusiyanı Kimyəvi Silahlar Konvensiyasını (CWC) pozaraq Ukrayna qoşunlarına qarşı xloropikrin kimyəvi maddədən istifadə etməkdə ittiham edir.
Xloropikri, Birinci Dünya Müharibəsi zamanı (gözyaşardıcı qaz) geniş istifadə olunan boğucu kimi tanınan yağlı, kəskin qoxulu mayedir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri onu "ağciyərə zərər verən agent" adlandırır və o, dəri, göz və tənəffüs sistemi üçün ciddi qıcıqlanmaya səbəb ola bilər.
Böyük Britaniya Rusiya Müdafiə Nazirliyinin iki laboratoriyasına qarşı cəbhədə kimyəvi maddələrin “inkişafına və yerləşdirilməsinə dəstək verdiyinə” görə sanksiya tətbiq edib.
İyun ayında Ukrayna Rusiyanı qadağan olunmuş təhlükəli kimyəvi maddələrdən istifadə edərək hücumların sayını artırmaqda günahlandırıb, daha əvvəlki ayda 700-dən çox hadisə qeydə alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?