“Çıxarılmış belə bir qərarla bağlı Şirvan Apelliyasiya Məhkəməsinə müraciət etdikdə, bu məhkəmə instansiyası Ağcabədi rayon Məhkəməsinin çıxarmış olduğu qərarı ləğv etdi”
Artıq bir neçə ildir ki, Ağcabədi rayonu, Həzi Aslanov küçəsi, ev-224 ünvanda yaşayan Məmmədov Nuşirəvan Məhərrəm oğlunun və adı çəkilən şəxsin həyat yoldaşı Əhmədova Nazilə Əhməd qızının üz-üzə qaldıqları problemlərlə bağlı əksər media qurumlarında silsilə açıqlamalar dərc olunub. Hər iki şəxs iddia edirlər ki, “üz-üzə qaldığımız problemlərlə bağlı bugünədək nə qədər tənqidi açıqlamalar dərc olunsa da, müxtəlif instansiyalara çoxsaylı şikayət ərizələri ünvanlasaq da, hələ ki, hər hansı ciddi addımlar atılmayıb”. Nazilə Əhmədova onu da bildirir ki, “uzun illərdir ki, YAP-ın üzvüyəm, bundan əlavə şəhid bacısıyam. Hal-hazırda yaşım 64-ü keçib, hər şeydən öncə isə, öz əlimlə hərbi xidmətə yola saldığım əziz övladımı itirmiş bir anayam”. Bu qədər dərdin-iztirabın qarşılığında üz-üzə qaldığımız problemlərimizin araşdırılması naminə, hələ də bir kimsə bizə kömək əlini uzatmır, bizimlə ciddi maraqlanan olmur”. Bu günlərdə isə o, redaksiyamıza növbəti müraciətini təqdim etdi və onun ictimailəşdirilməsini də bildirdi. Adı çəkilən xanım yazmış olduğu müraciətində qeyd edir ki, “Ağcabədi rayonunda indiyə kimi bəzi vəzifə sahibləri bizim ailə üzvlərinə qarşı haqsız addımlarını atıblar, hal-hazırda da oxşar addımlarını atmaqda davam edirlər. Yəni, onlar sanki bizi bu ölkənin vətəndaşı hesab etmirlər və hüquqlarımız heç bir halda Konstitusiya çərçivəsində qorunmur. 2012-ci ilin dekabr ayında övladımız Elsevər Məmmədovu, Camal Məmmədov, Tofiq Sultanov, Səbuhi Sultanov, Surxay Sultanov, Müşfiq Allahverdiyev, Xəlil Qasımov və Sadiq Qasımov adlı şəxslər oğurlayırlar və onu Beyləqan rayon ərazisində bərk döyərək, ona ağır bədən xəsarətləri yetirirlər. Hətta, əldə etdiyimiz bəzi məlumatlara görə onlar oğlumuzu öldürmək də istəyiblər. Biz baş verənlərlə bağlı müəyyən məlumatları əldə etdikdə, dərhal Ağcabədi rayon Polis Şöbəsini baş verənlərlə bağlı məlumatlandırdıq. Cinayətkar dəstənin üzvləri sübh çağına yaxın saatlarda Elsəvər Məmmədovu huşsuz vəziyyətdə küçəyə atıb gedirlər. Bu barədə Ağcabədi rayon Prokurorluğuna da məlumat verdik. Oğlumuzun vəziyyəti ağır olduğundan o, 22 gün ərzində Ağcabədi rayon xəstəxanasında müalicə olundu. Deməli o, ağır bədən xəsarətləri almışdı ki, həmin müddət ərzində xəstəxanada qalmalı olmuşdu. Elsəvəri adı çəkilən xəstəxanada rentgenoloq işləyən Mehman və Rafiq adlı həkimlər rentgen edirlər və o, həmin xəstəxanada müalicə olunarkən, Ağcabədi rayonunun Kəbirli kəndindən olan “sudebnı həkim” Azər Soltanov, RPŞ-nin müstəntiqi ilə xəlvəti “işbirliyi”nə girir. Elə ki, övladımızı müalicə edən və ixtisasca trovmotoloq olan Çingiz həkimdən Elsevərin epiqrezini tələb etdik, o halda o, epiqrezi bizə verməkdən imtina etdi. Bu gün də həmin epiqrezi əldə edə bilmirik. Əziz övladımızı döyüb ona ağır bədən xəsarəti yetirənlərdən biri də Surxay həkim olduğundan, o, Çingiz həkimə “əgər Elsevər Məmmədovun valideyinləri epiqrez istəsələr, heç bir halda onlara epiqrezi vermə” deyə tapşırıq verir. Müəyyən vaxt keçdikdən sonra guya ki, həyat yoldaşım Nuşirəvan Məmmədov Surxay həkimi təhqir edib deyə, o, onunla bağlı Ağcabədi RPŞ-nə şikayət verdi. Edilmiş şikayətlə bağlı həyat yoldaşımdan izahat alındıqdan sonra, iş materialları dərhal məhkəməyə göndərildi və Nuşirəvan Məmmədova (hakim Xanlar Fərhadov) xəbərdarlıq olunması ilə bağlı məhkəmə qərarı elan olundu. Çıxarılmış belə bir qərarla bağlı Şirvan Apelliyasiya Məhkəməsinə müraciət etdikdə, bu məhkəmə instansiyası Ağcabədi rayon Məhkəməsinin çıxarmış olduğu qərarı ləğv etdi.
Ümumiyyətlə, üz-üzə qaldığımız problemlərlə bağlı iki dəfə Baş Prokurorun qəbulunda olmuşuq. Sonuncu dəfə isə, 30 mart 2018-ci il tarixdə cənab Zakir Qaralovun qəbulunda olub baş verənləri tam dəqiqliyi ilə onun diqqətinə çatdırdıq və 58 vərəqlik şikayət ərizəmizi ona təqdim etdik. Atdığımız belə bir addımlardan sonra da problemlərimiz lazımınca araşdırılmadı. Hətta, Baş Prokurora 58 vərəqdən ibarət şikayət ərizəsi təqdim etsək də, həmin ərizələrin heç birinə cavab belə əldə edə bilmədik. İndi istəyimiz ondan ibarətdir ki, qarşı tərəf olaraq, onlara göndərdiyimiz 58 vəqərlik şikayət məktublarımızı özümüzə qaytarsınlar. Onu da bildirim ki, övladımızı oğurlayıb döyənlər imkanlı şəxslər olduqlarından, həmin vaxtlarda polis şöbəsinin təhqiqatçısı İsgəndərov Yaşar Şirin oğlu, baş verən hadisəni araşdırmağa çalışmadı və açıq-aşkar şəkildə cinayətkar dəstənin üzvlərini müdafiə etdi. Hansı ki, dəstə üzvləri cinayəti birlikdə törətmişdilər. Bizə qarşı növbəti haqsızlığa və ədalətsizliyə 1984-cü ildə Ağcabədi rayonu Üzeyir Hacıbəyov adına kolxozun rəhbərliyi tərəfindən torpaq sahəsi verildikdən sonra başlandı. Yəni, Moskvada alver edən və kifayət qədər imkanı olan bir qonşumuz, 24 ildən sonra yerli məhkəmənin köməkliyi ilə bizə məxsus “darvaza”nı darmadağın etdirdi və həmin “darvaza”nı 22 dekabr 2017-ci ilə kimi heç cür tapa bilmədik. Şükürlər olsun ki, qeyd olunan tarixdə həmin “darvaza”nı Ağcabədinin müxtəlif küçə və döngələrində kanalizasiya xətti çəkən inşaatçılar torpaq qatının bir neçə metr dərinliyindən tapa bildilər. Bizə məxsus “darvaza” qanunsuz sökülən zaman, hadisə yerinə gələn Ağcabədi RPŞ-nin əməkdaşları məni vurub yerə yıxdılar və belə bir səbəblər üzündən də, bədənimin müxtəlif hissələrindən çoxsaylı xəsarətlər aldım. Bununla əlaqədar bu gün də şikayətimizi davam etdiririk. Bu kimi problemlərə cavabdehlik daşıyan vəzifə sahiblərindən hüquqlarımızın bərpasını tələb etdikdə ya bizi aldadırlar, ya da ki, bizə şər-böhtan atırlar. Ona görə də düşünürük ki, bu gün hüquqlarımızın bərpa olunmasının yeganə yolu, yalnız və yalnız özümüzə od vurub qəsd etməkdən keçir. Bu gün ailə üzvlərimizə qarşı göstərilən haqsızlığa heç cür dözə bilmirik. Belə bir hallara görə, mən və həyat yoldaşım artıq məcburuq ki, bəzi vəzifə sahiblərinin bizə qarşı bəslədikləri haqsızlıqlara görə, hər ikimiz üstümüzə 2 litr benzin tökək və özümüzü ya mərhum prezidentimiz Heydər Əliyevin büstü önündə, ya da ki, məhkəmə binasının qarşısında yandıraq. Gələcəkdə hər ikimizin özümüzü yandırıb intihar etməyimizə səbəb, dövlətimizin qanunlarını tanımayan bəzi vəzifə sahiblərinin hələ də öz kürsülərində oturmalarıdır. Bizim bu günə kimi başımıza gətirilən olmazın faciələrin, sayı-hesabı bilinməyən şərləmələrin səbəblərini Azərbaycan Respublikası Prezident Administrasiyasının, Ali Məhkəmənin, Şirvan Apellyasiya Məhkəməsinin, Şirvan İnzibati-İqtisad Məhkəməsinin, Baş Prokurorluğun, Hərbu Prokurorluğun, Ağcabədi rayon Məhkəməsinin, Ağcabədi rayon Prokurorluğunun, Ağcabədi rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının arxivlərini araşdırmaqla dəqiqləşdirmək olar. Bizim ailə üzvlərimizi hörmətsiz və şərəfsiz edən, bir sözlə insan yerinə qoymayan, məhz bu ölkənin bəzi məmurlarının bizə yuxarıdan aşağı baxmalarıdır. Onlar başımıza gətirdikləri müsibətlərə həmişə qanuni “don geyindirməyə” çalışıblar. Qanundan dəm vuranlar qanunsuz və ədalətsiz danışaraq, ötən illər ərzində ailə üzvlərimizə əzab və işgəncə veriblər. Bir sözlə, həmişə bizdən qisas alıblar, bu gün də almağa çalışırlar. Ona görə də biz özümüzü oldürmək və bu həyata “əlvida” deməyə qərar vermişik ki, bəzi vəzifə sahibləri bundan sonra rahatlıqlarını təmin edə bilsinlər. Ey Ulu Tanrı! Biz bu azad ölkədə azadlığa həsrət qalmışıq. Hansı dövlət qurumuna şikayət yazırıq və problemlərimizin araşdırılmasını tələb edirik, o halda şikayətlərimiz cavabsız qalır. Belə bir səbəblər üzündən də, hər zaman əsəblərimiz korlanır. Düzü danışmaq olmur, danışan zaman ya övladımızı öldürüb meyitini özümüzə satırlar, ya da ki, bizi həbs edirlər. Biz heç cür başa düşə bilmirik. Şikayət etdiyimiz halda “get şikayətinizi məhkəməyə verin” deyə cavablar eşidirik. Məhkəmələrdə hakimlər ədalət kürsülərində əyləşirlər, başlarının üstündə dövlətin gerbi, bayrağı, hətta cənab Prezidentin şəkili olur. Buna baxmayaraq, çox zaman onlar ədalətsiz danışırlar və hər bir işə görə, “haqq-hesab” tələb edirlər. Pul olmadığı halda elə bir oyun oynayırlar ki, fıkirləşə-fıkirləşə qalırsan. Məcbur olursan ki, intihar haqda düşünəsən. Vaxtilə ulu öndər Heydər Əliyevin məzarına ərizə ünvanlamağımız heç də səbəbsiz deyildi. Çoxsaylı şikayətlərimizə qanuni cəhətdən baxılsaydı və cənab İlham Əliyevin Ağcabədiyə işgüzar səfəri zamanı, polislər ölkə rəhbərinə şikayət etmək istəyənləri dubinkalayıb evlərinə doldurmasaydılar, yəqin ki, o halda dərdimizə əlac tapılardı. Yəqin ki, mən və həyat yoldaşım özümüzə od vurub yandırdıqdan sonra, baş verənlərdən ədalətsiz məmurların xəbəri olacaq və bizim canımız belə bir ədalətsizliklərdən qurtaracaq. O halda onlar bizdən əl çəkəcəklər və bir daha bizdən qisas almağa çalışmayacaqlar. Biz bu ölkədə kibritsiz yanmaq və belə bir vəziyyətlə heç cür barışmaq niyyətində deyilik. Xalq növbəti dəfə prezident seçkisinə hazırlaşdığı bir zamanda, biz intihar etmək haqda düşünürdük və bunu bəzi hüquq-mühafızə orqanı əməkdaşları yaxşı bilirlər. Hal-hazırda bizim ailə üzvlərinə göstərilən haqsızlığın həddi-hüdudu yoxdur. Böyük oğul övladımızı, əzizimizi Vətəni gorumağa göndərdik, çox keçmədi ki, onu həbs etdilər və 10-12 gün həbsxanada saxladıqdan sonra “əgər iki min dollar pul verməsəniz, müəyyən “don geydirib” onu həbs edəcəyik” dedilər. Oğlumuzla bağlı toplanmış iş materialları ilk olaraq Sumqayıt hərbi prokurorluğunun müstəntiqi Elman Kişiyevin icraatına verildi və çox keçmədi ki, o, bizdən iki min dollar pul tələb etdi. Buna imkanımız olmadı. Elə ki, toplanmış iş materialları Bayıldakı Hərbi Dəniz Tribunalının hakimi İlqar Abdullayevin icraatına verildi, o halda hakim bu işlə bağlı on min dollar pul istəsə də, imkansızlıq ucbatından bu pulu da düzəldib verə bilmədik. Ona görə də 1999-cu ildə övladımıza nə az, nə çox düz 13 il azadlıqdan məhrumetmə cəzası verildi. Həbs olunduqdan sonra bir daha bizdən iki min dollar pul istədilər. 27 iyun 2003-cü il tarixdə 1150 dollar pul düzəldib verə bilsək də, 2003-cü ilin 28 iyun günü oğlumuzun meyitini bizə verdilər. Yəni, Bakı şəhərində əziz övladımız Məmmədov Elnur Nuşirəvan oğlunun meyitini bizə satdılar. Belə bir yolla da oğlumuzun kəfən pulunu əlimizdən aldılar. Bax budur faciə, budur bizə verilən əsl “azadlıq!” Övladımızı əvvəlcə həbs etdilər, sonra öldürdülər, daha sonra isə meyitini bizə satdılar! Bu cür haqsızlığa indi də dözə bilmirik. Əsl cinayətkarlar pullu olduqlarından, bu gün də onlar azadlıqda gəzirlər. Bizim əziz övladımızı isə ilk əvvəl həbs etdilər, sonra həbsxanada işgəncələr verib həyatına son qoydular, daha sonra isə onun meyitini bizə satdılar. Biz o hala sevinirik ki, onlar övladımızın meyitindən əl çəkdilər, indi isə bizim üstümüzə düşüblər. Yəqin ki, özümüzə qəsd etdikdən sonra onlar bizdən də əl çəkəcəklər. Ey Ulu Tanrı! Biz canımızdan bezmişik, şikavət etdiyimizə görə əziz övladımızı şərlədilər, həbsxanada işgəncə verib öldürdülər, sonra da meyitini bizə satdılar. Övladmızın kəfən pulunu əlimizdən aldılar. Həyat yoldaşım hər şeyi aidiyyəti üzrə düz yazsa da, onu bu gün də islah edirlər, evimizi-eşiyimizi əsassız yerə dağıtdılar. Məmurlarımız zülümkar olduqlarından bizə verilən azadlığımız budur! Əgər arxivlər araşdırılarsa o halda bəlli olar ki, 2013-cü ildə həyat yoldaşımla birlikdə Ağcabədidə Baş Prokuror Zakir Qaralovun, 2015-ci ildə Quzannı qəsəbəsində Ədliyyə Naziri Fikrət Məmmədovun, 2017-ci ildə Ağcabədidə İnsan Haqları üzrə Müvəkkil Elmira xanım Süleymanovanın qəbulunda olmuşuq. Adı çəkilən şəxslərdən hər biri hüquqlarımızın bərpa olunacağı yöndə vəd verdilər, amma bu günə kimi hüquqlarımızın bərpası yöndə hansısa addımlar atılmayıb. Biz bu qanunlardan hansısa ədaləti tapa bilmədik, gözümüz hələ də yoldadır. Bu gün hansı vəzifə sahibindən yuxarı instansiyalara şikayətlər yazırıq, o halda çox keçmir ki, ərizələrimizin araşdırılması şikayət yazdığımız vəzifə sahibinin üstünə göndərilir, sonda da qeyd olunur ki, görülmüş tədbirlərlə bağlı vətəndaşa cavab ver. Maraqlı haldır ki, görəsən cinayəti törətmiş vəzifə sahibi tutduğu əməlinə görə cavab verəcəkmi? Bir sözlə, yazdıqlarımızın heç biri araşdırılmır, onlar özlərinə necə sərf edirsə o cür də cavablar yazırlar. Ey Ulu Tanrı! Təəccüblü hal odur ki, kiçik vəzifə sahibi olanlar hər zaman bizə bildirirlər ki, haqsızlıqların və ədalətsizliklərin hamısı yuxarıdan gəlir, onlar bizə nə göstəriş verirlərsə, biz də verilmiş tapşırıqları icra edirik. Amma, bu cür yanaşmada həqiqət deyil. Yaxşı bir deyim var “mama” çox olanda uşaq tərs gələr” deyiblər. Başımıza gətirilən faciələri kimə yazırıqsa biri o birinə göndərir, sonda da hüquqlarımızı tapdaqlar altına atırlar. Bizi intihar həddinə çatdıran, elə bu haqsızlıqları yaradanlardırlar. Ey Ulu Tanrı! Mən bunları şikayət məqsədilə deyil, sadəcə olaraq həyatımızdan bezdiyimiz üçün yazıram və məmurları bu yöndə məlumatlandırıram. Əgər şikayətimizə baxan olsaydı, yəqin ki, indiyə kimi baxılardı. O halda biz də intihar haqda düşünməzdik və məmurları bu yöndə məlumatlandırmazdıq. Onu da bildirim ki, keçirilən prezident seçkisində biz də iştirak etdik və cənab İlham Əliyevə səs verdik. Düzdür, intihar etmək Allah-Təalanın qarşısında günah bir iş tutmaq deməkdir. Ünvanladığımız çoxsaylı şikayətlərə cavab verilmədiyindən, bir vətəndaş olaraq hüquqlarımız qorunmadığından, daim tapdaqlar altına atıldığından, biz yaxın vaxtlarda belə bir addım atmağı qarşımıza məqsəd qoymuşuq. Çünki, başqa çıxış yolumuz yoxdur. Bir məqamı da qeyd edim ki, 29 mart 2018-ci il tarixdə yaşadığımız ərazi üzrə sahə müvəkkili işləyən Arif Ağayev həyətimizə gəldi və həyat yoldaşım Nuşirəvan Məmmədova “Səni Prokuror gözləyir, biz getməliyik” dedi. O halda Nuşirəvan Məmmədov da onunla birlikdə getdi. Elə ki, sahə müvəkkili onu prokurorluğa təhvil verir, o zaman prokuror Səmədov Salman Səməndər oğlu həyat yoldaşımı qəbul edir və Nuşirəvana “bəsdir, az yaz, get ərizə və şikayətlərini yığışdır” deyir. Hətta, Salman müəllim ona “nə qədər ki, mən buradayam, sən heç vaxt Zakir Qaralovun qəbuluna düşə bilməyəcəksən. Şikayətlərinə baxılıb, cavab da verilib” deyir. Elə ki, Nuşirəvan Məmmədov “mən qəbula düşüb, şikayətlərimi bir daha cənab Zakir Qaralova çatdırmaq istəyirəm” deyir, o halda o, onu kabinetindən çıxarıb 1-ci mərtəbəyə endirir. Həmin vaxt Prokurorun köməkçisi və müstəntiqlər həyat yoldaşımı hədələyib qorxutmağa çalışırlar. Bütün bunlara baxmayaraq, həyat yoldaşım yenə də şikayət edəcəyimizi israrla onlara bildirir. Bütün bunlardan əlavə onu da vurğulayım ki, Ağcabədi rayon icra şöbəsi əməkdaşları tərəfindən bizə məxsus “darvaza” “itgin salındıqdan” və nəhayət ötən ilin 22 dekabr günü tapıldıqdan sonra, çox götür-qoy etdik. Hətta, “itgin salınmış darvaza”mız tapılmazdan öncə belə, bizə vurulmuş təqribən 23.000 manat maddi və 40.000 manat isə mənəvi ziyanla bağlı Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət etməli olmuşduq. Etdiyimiz müraciətdən sonra, 23 iyun 2017-ci il tarixdə №2-1(086)-1586/2017 saylı iş materialları əsasında keçirilən məhkəmə prosesi zamanı, hakim Elxan Əmirəliyev Azərbaycan Respublikası İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini əsas gətirməklə, irəli sürdüyümüz iddia tələbimizin təmin edilməməsi, hətta işə baxılması ilə bağlı ödənilmiş dövlət rüsumunun bizə aid olması haqda qərar çıxartdı. Onu da bildirim ki, keçirilmiş məhkəmə proseslərində hüquqlarımızın müdafiəsi ilə Şirvan şəhər hüquq məsləhətxanasının vəkili Əbdürəhmanov Kənan Səfər oğlu məşğul olsa da, ilk vaxtlardan biz onun bu yöndə fəaliyyətinin lazımi səviyyədə olmadığını görürdük. Onu da bildirim ki, Kənan Əbdürəhmanov bizimlə notarial qaydada heç bir müqavilə sənədi bağlamadı və hüquqlarımızın müdafiəsi ilə məşğul olmağın qarşılığında, hətta bizdən 240 manat pul da aldı. Bu cür qərarın elan olunması, növbəti dəfə hüquqlarımızın pozulması ilə nəticələnmiş oldu”. Biz də bir redaksiya olaraq onu qeyd etmək istəyirik ki, bu açıqlamada Əhmədova Nazilə Əhməd qızının səsləndirdiyi ittihamlar şəxsən onun özünə məxsus ittihamlardır. Odur ki, açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?