Hər kəsə bəllidir ki, ölkəmizdə çap mediasının elektron media ilə əvəz olunmasının da, bir çox obyektiv və subyektiv səbəbləri oldu. Məsələyə bir qədər geniş prizmadan yanaşsaq o halda bəlli olar ki, bu yöndə addımın atılması həm bir çox problemlərin əmələ gəlməsinə, həm də neçə-neçə insanların iş yerlərini itirməsi ilə nəticələndi.
Fakt budur ki, hal-hazırda elektron media ictimai həyatıızın əsas informasiya mənbəyinə çevrilib. Bütün bunlar qalsın bir yana, toxunacağımız məqam isə, bu gün də tam əksəriyyəti düşündürən, şoka salan, açıq-aşkar şəkildə məyus edən halların varlığıdır. Yəni, hal-hazırda elə səlahiyyət sahibi olan şəxslər var ki, onlar “canüstə olan” çap mediasının “canını almaq”la məşğul olurlar. Həmin şəxslərdən biri, bəlkə də lap birincisi 2018-ci ilin oktyabr ayında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzaladığı əmr əsasında, şəhərin Ticarət və Xidmət Departamentinə direktor təyin olunan İntiqam Məmmədovdur.
Məsələn, əldə etdiyimiz məlumatlara görə adı çəkilən bu şəxs Departamentə direktor təyin olunduqdan sonra, şəhər ərazisindəki “Köşk Press”lərdə olub-qalan çap mediasının taleyinə biryolluq “hökm oxundu”. Baxmayaraq ki, illər öncə dövlət başçısı ilə media təmsilçilərinin görüşü keçirilən zaman cənab Prezidentin özü bildirdi ki, bu köşklər onun təşəbbüsü ilə gətirilib, quraşdırılıb. Həm əsas məqsəd quruculuq işləri aparılan paytaxtda köhnə qəzet köşklərinin yeniləri ilə əvəzlənməsi, həm də mətbuatın oxuculara daha effektiv şəkildə çatdırılmasını təmin etmək olub. Prezident keçirilən görüş zamanı onu da vurğulayır ki, “bu məsələdə qarşıya qoyulan məqsədə heç də nail olunmayıb, “Köşk-Press”lər bazara çevrilib”.
Həqiqətən də, bu gün köşklərdə satılan hər növ məhsullar içərisində mətbuat, bəlkə də satılan malların içində cəmi 5 faiz təşkil edir. Belə bir səbəbdən də, qeyd olunan köşklər ticarət köşkü kimi deyil, məhz qəzet köşkü statusu ilə vergidən yayına bilirlər. Bir-iki gün bundan öncə GundemXeber.Az saytının əməkdaşı şəhərin müxtəlif ünvanlarında, ələlxüsus 28 May Metrosunun ətraf ərazilərində fəaliyyət göstərən “Köşk Press”lərə baş çəkib və real vəziyyətlə az-çox maraqlanmağa başlayıb. Ümumi müşahidələrimiz və “Köşk Press”lərdə işləyən bəzi şəxslərlə etdiyimiz fərdi söhbətlər zamanı bəlli oldu ki, bu gün köşklərdə qəzet satışından heç bir halda söhbət gedə bilməz. Qeyd olunan köşklərdə daha çox minbir xırdavat məhsulları satılır. Hər “Köşk Press”i işlədən şəxs, köşklərin yerləşdiyi ərazidən asılı olaraq şəhərin Ticarət və Xidmət Departamentinin direktoruna hər ay arenda haqqı olaraq 2500-4500 manat məbləğində “haqq-hesab” verirlər. Hər kəsə bəllidir ki, bu gün ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi tətbiq olunub. Belə bir səbəb üzündən də, yaşı 65-dən yuxarı olan insanların evdən çıxmaları qadağan olunub, digər yaş həddində olan insanların isə, küçədə-bayırda hərəkət etmələrinə müəyyən məhduduyyətlər tətbiq olunub. Yəni, ilin-günün belə bir vaxtında Intiqam Məmmədov “Köşk Press”lərlə bağlı icarə haqlarını endirmək haqqında düşünmür və o, şəhər ərazisindəki köşkləri sanki özünün şəxsi obyekti kimi idarə edir. Elə ki, qeyd olunan köşklərdə aylıq icarə haqqının endirilməsi və yaxud da güzəşt olunması haqda da, qeyd olunan köşklərdə çalışan şəxslərlə söhbətlər etdik. O halda onlar “heç bir məlumatımız yoxdur” deyə cavab verdilər. Söhbət əsnasında belə bir məlumat da əldə edə bildik ki, sən demə “Köşk Press”ləri işlədən şəxslərin əksəriyyəti İntiqam Məmmədova bu və ya digər yollarla bağlı olan şəxslərdirlər.
Diqqəti cəlb edən hallardan biri də, “Köşk Press”ləri işlədən şəxslərin satış məqsədilə aldığı məhsulları istədikləri ünvanlardan deyil, birbaşa ticarət departamentindən almağa məcbur edilmələridir. Belə bir addımın atılmasının, məhz Intiqam Məmmədovun təkidi ilə həyata keçirildiyi bildirilir və hər mal köşk sahiblərinə alış qiymətindən iki faiz baha qiymətə başa gəlir. Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, artıq “Köşk Press”ləri işlədən şəxslər işlətdikləri köşkləri təhvil vermək məcburiyyətində qalıblar. Buna da əsas səbəb, icarə haqlarının aşağı salınmaması, malların departamentdən almağa məcbur edilməsi olur. Bəzi köşklərdə çalışan şəxslər onu da bildirdilər ki, “əgər Əli Həsənovun zamanında hər köşkə görə ayda 2-3 min manat arenda haqqı ödəyirdiksə, bu gün isə 4000- 4500 manat məbləğində arenda haqqı ödəməyə məcbur oluruq”. Belə bir halın varlığı da onu söyləməyə əsas verir ki, əslən Naxçıvan MR-dan olan departament müdiri, bu gün köşk sahiblərini zülmə salmaqla məşğul olur.
Onu da qeyd edək ki, “Köşk Press”lərdə çalışanların tam əksəriyyətinin qəzet satışı haqda heç bir anlayışa malik olmadıqları da bildirilir. Ona görə də onlar çalışdıqları köşklərdə qəzetdən başqa hər nə desən satırlar. Məsələn, həmin şəxslər daha çox kazbek, spirtli içkilər, müxtəlif çeşidli siqaretlər, hətta bəzi iddialara görə nəşə satışı ilə də məşğul olurlar. Bütün bunlara da əsas səbəb, aylıq icarə haqqının 4000- 4500 manat məbləğində olmasıdır. Bu kimi işlərə əsas səbəbkar isə, məhz Intiqam Məmmədovun olduğu vurğulanır. Hal-hazırda ölkəmizdə çap mediasının öldürülməsi, dünya demokratiyasından təcrid olunması və s. yerli işbazlara xüsusi imkanlar yaradıb. Tam əksəriyyətinin Naxçıvan MR-dan olduğu bildirilən işbazların çoxu, bu gün ölkə rəhbəri cənab Ilham Əliyevin verdiyi tapşırıqlara heç də əməl etmirlər və onlar hökumətin bu yöndə siyasətini də saya salmırlar. Biz müəyyən araşdırmalarımızı apardıq, əgər hökumət bütövlükdə Azərbaycan xalqını düşünürsə, o halda buyursun lazımi tədbirlərini görsün. Onu da qeyd edək ki, biz GundemXeber.Az redaksiyası olaraq, bu yöndə araşdırmamızı şəhərin Nizami, 28 May və Elimlər Akademiyası metrostansiyalarının çıxışlarında və yaxın ətrafındakı “Köşk Press”lərdə apardıq və lazımi məlumatları da əldə etməyə müvəffəq olduq. Bu yöndə araşdırmamızı davam etdirəcəyik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?