Rabitə orqanlarının istehlakçı hüquqlarını pozmasına qiymət verilmir
Kommunal, rabitə xidmətləri sektorunda istehlakçı hüquqlarının pozulması, keyfiyyətə yox, inhisarçı hökmranlığının diqtəsinə önəm verilməsi abonentlərin hər addımda qarşılaşdığı pozuntudur. Yaxşı ki, mobil operatorlar insanların , necə deyərlər, qanının arasına girir, ehtiyaclarını qarşılayır, yoxsa bağlantı özbaşınalığından qorunmaq olmazdı. Konkret faktlara keçək.
İki ilə yaxındır İqtisadiyyat Nazirliyinin (İN) başçılıq etdiyi Tarif Şurası telefonların aylıq abunə haqqını 2.50 manatdan 3.50 manata qaldırdı. Birdən-birə bu 40 faizlik qiymət artımının nə sosial-iqtisadi əsası , nə elə həmin İN-in yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlakçı hüquqlarına inhisar zərbəsinə “anti-mövqeyi” ortaya qoyuldu. Hökumətin zorla əhalinin cibinə girməsi bununla da bitmədi. Tarif Şurasının müəyyən etdiyi 3.50 manat qiymətini rabitə xidməti daha 10 faiz qaldırıb, 3.85 manat etdi. Hələ də Konstitusiyaya hörmətsizlik sürür. Ana Qanunun 73-cü maddəsinin II hissəsi heç kəsdən qanunda nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilərin və digər dövlət ödənişlərinin ödəməyə məcbur edilə bilməzliyini doğrulayır. Bəs niyə hamıdan telefon abunə ödənişlərini qanunda nəzərdə tutulandan 10 faiz artıq ödəməyi məcbur edirlər? Bu məcburiyyətə kim qiymət verməlidir?
Mobil operatorlar bağlantı qurmaqda istehlakçıların “üzünü ağ” etsə də, keyfiyyətdə “gününü qara” edirlər. “Bakcell” xidmət günlərini “qaralamaqda” öndə gedir. İstehlakçı hüquqlarının pozuntusuna baxın, əvvəllər 2 manatlıq balans artımı ilə sim- nömrə bir ay aktiv qalırdı, sonra bir ayı 25 günə endirdilər. Hazırda isə günlərin sayı 15 gündür (?). Özü də abonentin bu “endirimlər”dən xəbəri olmur. Eləcə də, nömrənin ikitərəfli bağlı qalması müddəti də yarıya endirilib. Digər operatorlarda isə belə “endirimlər” yoxdur.
“Bakcell”in daha bir “endirim güzəşti” nömrənin 180 gündən sonra xəbərdarlıqsız ləğv edilməsində tətbiq edilir. 180 gün bitməmiş nömrə balansı mənimsənilməklə ləğv edilir! Hətta 180 günə 30 gün qalmış nömrənin ləğv edilməsi faktları var. Yoxsa burda da endirim var, 180 gün 150 günə endirilib? Belə xidmət olar? Bəyəm sms-lə nömrənin ləğv ediləcəyini öncədən bildirmək mobil operatora belə çətindir?
İstehlakçı hüquqlarını qorumağa görəvləndirilən dövlət xidməti rabitə qurumlarının qiymət artımı, xidmət endiriminə qiymət verəcəkmi?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?