Dövlət Əmlak Komitəsinin şöbə müdiri Yusif Qəmbərovdan şok cavab: “Bu pula prezident üçün “Cümeyra” oteli tikilib”
Dünən Media Mərkəzdə Azadlıq prospekti, 154 ünvanında 16 mərtəbəli binanın sakinləri və obyekt sahiblərinə qarşı davam edən qanunsuzluqlara həsr olunmuş mətbuat konfransı keçirilib. Bu evin keçmiş sakini, üç mənzilin sahibi Fuad Abbasov bildirib ki, indiyədək o və qızı nə mənzillərini, nə də məhrum olduqların mənzilə görə kompensasiya almayıblar. Düzdür, ona “Azinko” şirkəti tərəfindən tikilmiş mənzil təklif ediblər, lakin o, keyfiyyətin aşağı olması ilə əlaqədar imtina edib. (Bu şirkət söküntü işlərini həyata keçirib, Dövlət Əmlak Komitəsinin sədrinin qardaşı Kərəm Həsənova məxsusdur). Eyni zamanda, o, evin söküntüsü zamanı qanunsuzluqlar barədə danışıb. Belə ki, söküntü haqqında qərar sənədlərini heç kim görməyib. “Əvvəlcə bizə dedilər ki, bu, ölkə prezidentinin şifahi sərəncamıdır, daha sonra FHN-in binanın qəzalı vəziyyətdə olması haqqında aktı olduğunu bildiriblər, amma FHN özü bunu təkzib etmir”, deyə Abbasov bildirib. Müqabil Kərimov – binanın birinci mərtəbəsində yerləşən “Gülnarə” restoranın həmsahibi də nə kompensasiya, nə də başqa bir yer almadığını bildirib. 2011-ci ilin sentyabrında Dövlət Əmlak Komitəsinin şöbə müdiri Yusif Qəmbərov gəlib və bildirib ki, binanın birinci mərtəbəsindəki bütün obyektlərin sahibləri obyekləri tərk etməlidirlər. O, onlar üçün başqa yer ayrılacağını və dövlətin bunun üçün 2 mln. manat ayırdığını bildirib. “Lakin indiyədək bizə heç nə verməyiblər. Bütün şikayətlərim cavabsız qalıb”, deyə Kərimov bildirib. Digər sahibkar – binanın birinci mərtəbəsində aptek və ərzaq mağazasının sahibi Yasim Bəşirov söküntü prosesində məmurların yol verdiyi qanunsuzluqları təsdiq edir. Onun sözlərinə görə, dövlət onların binasının və üç beşmərtəbəli evin söküntüsünə böyük vəsait ayırıb. Belə ki, 16 mərtəbəli binanın söküntüsünə 60 min, üç beşmərtəbənin sökülməsinə isə 50 minə yaxın vəsait gedib. Obyekt sahiblərinə ayrılmış 2 mln. ödənilməyib və bu pul “Azinko”nun hesabına yatıb. Qalan iri məbləğ (təxminən 30 mln. manat) haraya gedib, məlum deyil. “Yusif Qəmbərovla görüşüb bu sualı ona verdikdə o bildirdi ki, bu pula prezident üçün “Cümeyra” oteli tikilib. Xatırladaq ki, 16 mərtəbəli bina və ona bitişik üç beşmərtəbə 2011-ci ildə sökülüb. Söküntünün səbəbi yaxınlıqda dövlət iqamətgahı tikilməsi və yüksək mərtəbələrdən onun içərisinin görünməsi olub. Bundan başqa, tikilməkdə olan iki yarımçıq bina da sökülüb. Fərib
Sorğu
Yeni dizaynımız necədir?