Sumqayıt bələdiyyəsində 1 milyon 400 min manatlıq yeyinti
Əbülfəz Babayevin həbs olunması üçün kifayət qədər sübutlar var
Ötən yazılarımızdan birində qeyd etmişdik ki, Eldar Əzizov Sumqayıta icra hakimiyyəti başçısı gələndən bəri qarşılaşdığı və bu günədək öhdəsindən gələ bilmədiyi məmurlardan biri şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayevdir. Biz onu da qeyd etmişdik ki, bələdiyyə sədrinin indiyə kimi ayaqda durmasının, münasibətlərinin gərginliyinə rəğmən bəzi məqamlarda icra başçısına meydan oxumasının əsl səbəbi onu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müdafiə etməsidir. Əbülfəz Babayev məhz bu dəstək sayəsində bələdiyyənin büdcəsini istədiyi kimi xərcləyir. Başçı ilə münasibətlərini bir yana qoysaq belə, Əbülfəz Babayev həqiqətən nümunəvi bələdiyyə sədri deyil. Amma nədənsə bu günədək onun qanunsuzluqları ilə bağlı hüquq-mühafizə orqanlari ciddi addım atmırlar. Halbuki, son illərdə Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi onlarla bələdiyyə sədrini korrupsiya faktı üzrə həbs edib. Onların əksəriyyəti ölkədə korrupsiyaya qarşı mübarizə dalğasının güdazına gediblər. Bu dalğanın Əbülfəz Babayeva nə vaxt çatacağı isə hələ də bilinmir. Bir daha qeyd edək ki, Sumqayıt bələdiyyəsindəki qanunsuzluqlar digərləri ilə müqayisədə həm sayca çox, həm də mənimsəmə miqdarına görə böyükdür. Bələdiyyə sədrinin qanunsuzluqları təkcə büdcədən səmərəsiz istifadə ilə yox, həm də insan faciəsi ilə nəticələnir. Təmir-tikinti idarəsinin keçmiş rəisi Ramiz Əhmədovun qəflətən ölümü ilə bağlı faktın bu gün də ciddi araşdırılmasına ehtiyac var. Əzizov icra başçısı gələndən sonra Babayevi oyundankənar vəziyyətə salmaqdan ötrü Sumqayıtın hüquq-mühafizə orqanlarını da prosesə cəlb etmişdi. Aydındır ki, Babayev rəhbərdirsə, deməli hər sahədə müəyyən qanunsuzluqlar olmamış deyil. İcra başçısının istəyi ilə bir müddət əvvəl təmir-tikinti idarəsində aparılan qanunsuz əməliyyatlarla bağlı apaşdırma aparılmışdı. Bizimlə söhbət edən bələdiyyə üzvlərindən birinin dediyinə görə, Ramiz Əhmədov həqiqətən bələdiyyə sədrinin təhriki ilə rəhbəri olduğu idarə üçün nisyə avadanlıqlar, maşın-texnika alıbmış. Deməli, idarədə aparılan yoxlamalar ilk növbədə Əhmədovun güdaza gedəcəyi ilə nəticələnəcəkdi. Bu yoxlamalar vaxtı təmir-tikinti idarəsinin rəisi qəflətən dünyasını dəyişib. Onun ürək tutmasından keçindiyibildirilirdi. Ramiz Əhmədovun vaxtilə idarənin istifadəsi üçün aldığı malların bir çoxunun dəyəri isə hələ də ödənilməyib. Başqa məlumata görə, idarə rəisinin ailəsini indi də həmin borca görə narahat edirlər. Bələdiyyə sədri isə heç nə olmamış kimi keçmiş işçisinin ailəsini müdafiə etmək haqda belə düşünmür.
Bələdiyyə parkında yeyinti
Əzizov icra başçısı gələndə Abşeron rayon icra hakimiyyətinin indiki başçısı Zakir Fərəcovun vaxtında yenidən qurulan Sumqayıtdakı bələdiyyə parkı tanınmaz vəziyyətə düşmüşdü. Burada demək olar hər şey dağıdılmışdı. Əzizov icra hakimiyyətinin beş addımlığında yerləşən həmin parkda yenidənqurma işlərinin aparılmasına göstəriş verdi. 2012-ci ildə bununla bağlı xeyli iş görüldü. Parkdakı hovuzun ətrafındakı və digər ərazidəki daş döşəmələr dəyişdirildi. Sən demə, icra başçısı ilə münasibətlərinin gərgin olmasına baxmayaraq Əbülfəz Babayev yenidənqurma işləri zamanı da qanunsuzluq etməkdən çəkinməyib. Bələdiyyədəki mənbənin verdiyi məlumata görə, yeyintinin məbləği 1 milyon 400 min manata yaxındır. Babayev bu qanunsuzluğun üstünü ört-basdır etmək üçün cəhd etsə də, faydası olmayıb. Mənbə bildirir ki, bələdiyyə parkındakı yeyinti faktının araşdırılması məqsədilə komissiya yaradılıb. Məhz həmin komissiya üzvləri Babayevin diktəsi ilə mənimsəmə faktını gizlətmək niyyətinə ciddi mane olurlar. Bununla bağlı artıq Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edildiyi də bildirilir.
Qanunsuz torpaq satışı varsa, deməli ortada konkret cinayət əməli var
Babayevin heç kəsi vecinə almadan bələdiyyə büdcəsinin vəsaitindən səmərəsiz istifadəsi təkcə hüquq-mühafizə orqanlarını hərəkətə gətirməyib, elə bələdiyyə üzvlərinində ciddi narahatlığına səbəb olub. Əldə etdiyimiz məlumata görə, bələdiyyə üzvü Yusif Salmansoy və Mədət adlı digər birisi yenidən Əbülfəz Babayevin istefası məsələsini gündəmə gətiriblər. Təbii ki, bələdiyyənin daxilində sədrə qarşı müxalif mövqedə dayananların olması ilk növbədə icra başçısının xeyrinədir. Çünki Əzizov məhz həmin müxaliflərin vasitəsilə onsuz da zəhləsi gedən Babayevin axırına çıxa bilər. Əlbəttə, Vasif Talıbov kimi birisinin müdafiə etdiyi Babayevin həbs olunması inandırıcı görünmür. Bu, həm də ona görə mümkün deyil ki, bələdiyyə sədri bundan əvvəl dəfələrlə maliyyə pozuntularına, qanunsuz torpaq verilməsinə görə hədəfə gəlib və hər dəfə toxunulmaz qala bilib. Məsələn, onun Sumqayıt bələdiyyəsinə məxsus torpaq sahələrinin qanunsuz paylanması ilə bağlı saysız-hesabsız faktlar var. Hətta əvvəllər bu faktlara görə bələdiyyənin bir neçə məsul şəxsi saxlanılıb, sonradan kimlərinsə tapşırığı ilə azadlığa qovuşa biliblər. Onu da xatırladaq ki, bələdiyyədə bu cür qanunsuzluqlara qol qoyanların əksəriyyəti Babayevin qohum-əqrəbalarıdır. Qanunsuz torpaq satışı varsa, deməli ortada konkret cinayət əməli var. Bu əməli sübut edəcək sənədlər də kifayət qədər olur.
Bələdiyyə üzvləri Əbülfəz Babayevin istefası məsələsini qaldıracaq
Mətbuatda dəfələrlə yazıldığı kimi, başçı bələdiyyə sədrinin külli miqdarda maliyyə israfçılığına yol verdiyi, müxtəlif vəzifələrə təyin etdiyi qohum-əqrəbası vasitəsilə saysız-hesabsız qanunsuzluq edildiyindən xəbərdardır. İcra başçısı hətta vətəndaşlardan külli miqdarda pul alınması hesabına verilən qanunsuz torpaq sahələrinin geri alınması prosesinə şəxsən rəhbərlik edir. Amma Əbülfəz Babayev bu günədək yeni başçıya, necə deyərlər, meydan oxuyur. Əslində Babayevin fəaliyyəti Eldar Əzizov Sumqayıta gəlməmişdən əvvəl də bələdiyyə üzvlərinin bir hissəsini qane etmirdi. Bu səbəbdən ümumi yığıncaqlarda bir neçə dəfə onun istefası məsələsi gündəmə gətirilmişdi.Bu dəfə isə məsələ daha ciddi qaldırılıb. Bələdiyyə üzvlərindən aldığımız məlumata görə, iki həftə əvvəl Əbülfəz Babayevin istefası məsələsi yenidən aktuallaşıb. Onlar növbəti ümumi yığıncaqda bir daha istefa tələbi ilə çıxış edəcəklər. Bundan əlavə, Babayevə qarşı çıxan çoxluq onun fəaliyyətinin yoxlanılması ilə bağlı hüquq-mühafizə orqanlarına konkret faktlarla müraciət etməkdə də israrlıdırlar. Sumqayıt bələdiyyəsində neçə ildir davam edən özbaşınalığı, qanunsuzluqları təkcə sədr Babayevin boynuna yıxmaq düzgün olmazdı. Amma bu qanunsuzluqlara yol verənlərin əksəriyyəti Babayevə arxalanan vəzifəlilərdir. Daha doğrusu, bələdiyyə sədrinin qohum-əqrəbalarıdır. Bu sırada ilk növbədə bələdiyyənin baş mühasibi Səyyaf Cabbarovun adını çəkmək olar. Xatırlayırsınızsa, 2010-cu ilin payızında bələdiyyənin tabeliyində olan təmir-tikinti idarəsinin işçilərinə 17 aydır əmək haqqı verilməməsi ilə bağlı problem yaranmışdı. O zaman həmin müəssisənin onlarla işçisi Prezident Administrasiyasına və digər dövlət strukturlarına müraciət etmişdilər. Bələdiyyə sədri isə buna görə qəzəblənərək əmək haqqı tələb edənlərə hədə-qorxu gələrək, heç kimdən çəkinmədiyini demişdi. Sonrakı proseslər də göstərdi ki, Eldar Əzizovun öhdəsindən gələ bilmədiyi bələdiyyə sədrinə, hətta nə qədər tutarlı faktlar aşkarlansa da, kimsə qanunsuz əməllərindən geri çəkindirə bilməz. O zaman iddia olunurdu ki, Babayevin yaxın qohumu olan baş mühasib bələdiyyənin büdcəsindəki vəsaiti əlavə pul qazanmaq məqsədilə ayrı-ayrı şirkətlərin hesabına köçürdüyündən əmək haqları yubadılır. Həmin şirkətlərdən birinin hətta Cabbarovun bacısı oğluna məxsus olduğu bildirilirdi. Digər bir məlumatda qeyd edilirdi ki, baş mühasib Sumqayıtda “Daş bazarı” adlanan ərazidə kanalizasiya sisteminin yenidən qurulması üçün nəzərdə tutulan böyük həcmdə vəsaiti də başqa bir şirkətin hesabına köçürməklə mənimsənilməsinə nail olub. Ötən yazılarımızdan birində məlumat vermişdik ki, bələdiyyəyə məxsus bir çox sənədlərin saxlanıldığı mülkiyyətin idarəetməsi şöbəsində fevralın 16-da yanğın baş verib. Nəticədə oradakı bütün sənədlər yanıb. Onu da qeyd etmişdik ki, bu hadisənin təsadüfən baş verməməsi ilə bağlı ciddi şübhələr ortaya çıxıb. Aldığımız son məlumata görə, hadisədən sonra Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş üzrə mərkəzi ciddi yoxlamalara başlayıb. Görəsən, bu dəfə Babayevin və onun qohum-əqrəbalarının qanunsuzluqları haqda tədbir görüləcəkmi? Xatırladaq ki, həmin yanan şöbədə Sumqayıt bələdiyyəsinin rəhbərliyinin əməllərini sübut edəcək yetərincə sənəd olduğu bildirilir.
560 min manatın hesabatı verilmir
Babayev və onun ətrafındakılar təkcə büdcədəki vəsaiti sağa-sola xərcləməkdə şübhəli bilinmirlər. Digər bir məlumata görə, bələdiyyəyə məxsus texnikanın bir hissəsi burada hüquqşünas işləyən sədrin qardaşı Tamerxan Babayevin şəxsi əmlakı kimi onun yaşadığı evin həyətində saxlanılır. Bununla bağlı dəfələrlə məsələ qaldırılsa da, fakt ciddi araşdırılmadı. Sonradan bələdiyyənin bir neçə üzvü Babayevin özbaşınalığı ilə bağlı məsələni qaldıranda büdcəyə yığılan 650 min manat vəsaitin yoxa çıxmasını da gündəmə gətirdilər. Bu məbləğ bələdiyyə torpaqlarından yığılan vergi hesabına toplanmışdı. Babayev isə indiyədək 650 min manatın hara xərclənməsi haqda hesabat verməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?