Bu il də kənd təsərrüfatı naziri İsmət Abasov böyük vədlər verməkdə davam edir. Trend-in məlumatına görə, nazir cari ildə Azərbaycanda taxıl istehsalının həcminin ən azı 2,8 milyon ton səviyyəsində gözlənildiyini bildirib: «Əgər daha əvvəl maksimum istehsal həcmi bu səviyyədə proqnozlaşdırılırdısa, hazırda regionlardan və rayonlara ezamiyyətə göndərilmiş nazirlik əməkdaşlarından daxil olan məlumatlara görə cari ildə bu rəqəmin daha yüksək olacağını güman edirəm». Nazir hesab edir ki, buna baxmayaraq, Azərbaycanın idxaldan asıllığı hələ də saxlanılacaq: «Taxıl məhsulları təkcə ərzaq buğdası deyil, həm də heyvandarlıq üçün nəzərdən tutulan yemdir. Dövlət başçısının tapşırığına əsasən, biz iri fermer təsərrüfatlarının yaradılması üzrə işlərə başlamışıq. Gələcəkdə kənd təsərrüfatı məhsullarının bütün növlərilə, həmçinin ərzaq buğdası ilə özümüzü tam təmin edə biləcəyik». Bu vədlər 2006-ci ildən bəri hər il verilsə də, reallıqda əksini görürük. Belə ki, ildən-ilə nazirliyin statistikasına görə istehsal da artır, idxal da. Bu da paradoksal vəziyyət yaradıb. Taxıl Fond məhsul tədarükü ilə bağlı elan verəndə isə, məlum olur ki, 1 kq da keyfiyyətli yerli məhsul yoxdur. Aparılan araşdırmalar göstərir ki, taxılçılıq sahəsində kifayət qədər böyük problemlər var. Onlar həll olunmayana qədər istehsal artımından danışmaq yersizdir. Femerlərin aldıqları toxumun keyfiyyəti çox aşağıdır. Təəssüf ki, toxumçuluq təlabatımızı ödəyəcək səviyyədə deyil. Bu sahə ilə məşğul olanların maddi-texniki bazaları olduqca zəifdir. Azərbaycanda bir təsərrüfat da göstərmək mümkün deyil ki, müasir standartlara uyğun toxum istehsalı ilə məşğul olsun. Xüsusilə, Şəkidə belə təsərrüfatları daha çoxdur. Bu sahədə istehsalatda köhnə elmi yanaşmalardan istifadə edilir. Ona görə də, toxumların keyfiyyəti çox aşağıdır. Bundan başqa suvarma sistemində ciddi problemlər var. Əkin sahələrinin həcmi çoxdur və onların su ilə təminatında çətinliklər mövcuddur. Fermerlər Kənd Təsərrüfatı Nazirliyinə, «Melorasiya və Su Təsərrüfatı» ASC-yə dəfələrlə müraciət edərək, sahələrin su ilə təminatında kömək istəyiblər. Lakin bu işlər görülməyib. Bunun üçün suyu xüsusi hövzələrə yığmaq, sonra sahələrə vermək lazımdır. Təəssüf ki, Azərbaycanda müvafiq hökumət strukturları öncədən belə bir tədarük görmürlər. Fermerlərin üzləşdiyi başqa bir çətinlik texniki avadanlıqlarla təchizatla bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi göstərir ki, haızrda 1 milyon hektara yaxın yararlı torpaq sahəsində taxıl əkini aparıblar. Amma bu qədər sahədə əkilən taxılın biçməyə texnika yoxdur. Əgər Avropada, Rusiyada hər 100-120 ha sahəyə 1 kombayn düşürsə, Azərbaycanda1 kombayna düşən pay 545 ha sahədir. Ona görə də, biçin vaxtı kombayn çatışmazlığı ucbatından, nə qədər sahədə taxıl yığımında ləngimələr baş verir. Nəticədə məhsul zay olur. O cümlədən, taxıl səpini üçün aqreqatların sayı 5 dəfə azalıb. Amma sovet dönəmindən indiyədək sözügedən istiqamətdə səpinin həcmi 2 dəfə artıb. Bütün bunlar onu deməyə əsas verir ki, texniki təminatla da ciddi problemlər var. Fermerlər istehsal olunan məhsullarını kondinsasiyaya gətirə bilmirlər. Bunun üçün müasir standratlara uyğun elevatorlar lazımdır. Onun yenilərinin inşasına ehtiyac var. Məhsulun daşınıb qurudulması, çeşidlənməsi, siniflərə bölünməsi prosesi həyata keçirilməlidir. Amma bu işlərin heç biri həyata keçirilmir. Ona görə də, İsmət Abasovun 2,8 milyon tondan artıq bir məhsulun əldə ediləcəyi barədə fikrini uydurma hesab edirəm. Bizim xüsusi metodologiya ilə apardığımız hesablamalara görə, ölkədə 1,2-1,3 milyon ton taxıl istehsalı gözlənilir. Onların da keyfiyyəti həddən artıq aşağı olacaq. Əsasən, maldarlıqda istifadə oluna bilər. Məhsulların keyfiyyəti maldarlıq üçün də tam yaramadığından bu, nə ət, nə süd istehsalına təkan verə bilir. Nəticədə heyvandarlıq sahəsində də məhsuldarlıq kəskin aşağı enərək, idxaldan asılı vəziyyətə düşmüşük. Əgər doğrudan da 2,8 milyon ton taxıl istehsal ediləcəksə, o zaman idxala ehtiyacımız yaranmazdı. Sadəcə olaraq, ictimaiyyəti aldadaraq, iş görüntüsü yaratmaq istəyirlər»-deyə V.Məhərrəmov vurğuladı.
Sorğu
Yeni dizaynımız necədir?