Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində ölkənin idxalı faktiki qiymətlərlə 31,3%, müqayisəli qiymətlərlə 3.4% artıb.
Rəqəmləri təhlil edən tanınmış iqtisadçı Rövşən Ağayev bildirib ki, idxalın dəyəri onun real həcmindən daha çox artır, yəni idxal bahalanır.
“Məsələn, biz ötən il dəyəri 1000 dollar olan 10 ton meyvə idxal etmişdik. Bu il eyni idxal səbətinin natural həcmi 10.3 ton olub, amma dəyəri təxminən 13 000 dollara yüksəlib. Ötən il bir tonun orta qiyməti 1000 dollar, bu il təxminən 1300 dollar olub. Səbəbindən asılı olmayaraq idxalımız bahalaşıb” - deyə, Rövşən Ağayev bildirib.
İqtisadçının sözlərinə görə, burada maraqlı məqam odur ki, idxalda belə kəskin dəyər artımı özünü istehlak bazarında göstərməyib: “Əgər inflyasiya göstəricisi etibarlıdırsa, burda yeganə ehtimal odur ki, idxalda əsas bahalanma istehlak mallarının deyil, istehsal təyinatlı xammal, material və yarımfabrikatların qiymət artımı hesabına baş verir.
Əslində il başlayandan aparıcı istehsalçı qiymət indekslərinin artım sürətinin istehlak qiymətləri indeksini əhəmiyyətli dərəcədə üstələməsi bu ehtimalı xeyli gücləndirir”.
R. Ağayev vurğulayıb ki, bütün hallarda bu fakt iqtisadiyyata ciddi inflyasiya təzyiqinin qaldığını göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?