“Azəryolservis” rəhbəri Elmar Vəliyevlə işbirliyində gundemxeber.az İş adamı 1 milyon manatlıq obyektinin kompensasiyasını ala bilmir. Dünya Bankının ayırdığı kompensasiyanın «Azəryolservis» ASC-nin sədri və millət vəkili Cavid Qurbanovla hazırda Gəncənin İcra başçısı olan Elmar Vəliyev arasında bölüşdürüldüyü bildirilir. Bu barədə məlumat verən yevlaxlı iş adamı Bəhram Sultanov iddia edir ki, millət vəkili ilə icra başçısı əlbir olub, ona çatacaq 1 milyon manat kompensasiyanı mənimsəyiblər. Şikayətçinin bildirdiynə görə onun Yevlax - Gəncə dairəsinin qarşısında «Xan Çinar» adlı istirahət mərkəzi fəaliyyət göstərib. Həmin istirahət mərkəzi «İpək Yolu» magistralının çəkilməsi ilə əlaqədar olaraq plana düşüb. Sahibkar bildirir ki, həmin magistral üzərində plana düşən bütün obyektlərin kompensasiyası, layihəni maliyyələşdirən Dünya Bankı tərəfindən ödənilib. Həmin vaxt Elmar Vəliyevin sağ əli , Yevlax Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin müdiri Məharət Mustafayev (hazırda Kəpəz rayon İcra Hakimiyyətinin başçısı), Bəhram Sultanovu yanına çağırıb və bildirib ki, onun obyekti rəsmi olaraq dövlət tərəfindən 1 milyon manat olaraq dəyərləndirilib. Amma «Azəryolservis» ASC-nin sədri ona bu məbləğin ancaq yarısını təklif edir. Məharət Mustafayev açıq şəkildə bildirib ki, Cavid Qurbanov iş adamına düşən və Dünya Bankı tərəfindən ödənilən kompensasiyanın yarısını, yəni 500 min manatını istəyir. Bəhram Sulianov bildirir ki, o, bu təklifdən imtina edib və bildirib ki, kompensasiyanın hamısını istəyir. Əks təqdirdə obyektin sökülməsinə imkan verməyəcək. Bir müddətdən sonra, 2010-cu il iyulun 16-da, iş adımını o zaman Yevlax İcra Hakimiyyətinin başçısı olan Elmar Vəliyev öz yanına dəvət edib. Sahibkar ora yollanıb və icra başçısı ötkəm səslə ondan inadını yerə qoymağı və təklif olunan məbləğlə razılaşmağı əmr edib. Sahibkar etiraz etdikdə isə, icra başçısı otağındaca onu dövlətə xəyanətdə ittiham edib və sahibkar elə icra başçısının kabinetində həbs olunub. Bəhram Sultanov azadlığa çıxdıqdan sonra görüb ki, onun istirahət mərkəzini söküblər. İş adamının istirahət mərkəzinin arxasında saldırdığı və 700-dən artıq ağac yetişdirdiyi Heydər Əliyev adına park da yerlə yeksan olunub. Sahibkar bildirir ki, artıq iki ildən artıqdır ki, ona çatacaq kompesasiyanı almaq üçün mübarizə aparır. Dünya Bankı kompensasiyanı ödəməsinə baxmayraq, o qara qəpikdə 1 milyonluq obekti üçün kompensasiya ala bilməyib. Bəhrəm Sultanov iddia edir ki, onun adına saxta sənədlər tərtib olunub və bu pul alınaraq mənimsənilib. İddiaya əsasən saxta sənədlərin hazırlanmasında isə hazırda Kəpəz rayon İcra Hakimiyyətinin başçısı olan Yevlax Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin müdiri Məharət Mustafayev birbaşa iştirak edib. Sahibkar əlində olan sənədləri istənilən quruma təqdim edə biləcəyini bildirir. Onu da qeyd edir ki, bu günə qədər məhkəmələrə və dövlət rəhbərlərinə etdiyi mürasətin heç bir nəticəsi olmayıb. Mövzu diqqətimizdə olacaq, yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?