Hüquq-mühafizə orqanları şirkət rəhbərinin qanunsuz əməllərinə niyə görə göz yumur?
Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq hər kəsin qanunlara riayət etməsi, başqalarının hüquqlarına hörmətlə yanaşması ən vacib şərtdir. Qanunlara məhəl qoymadan müxtəlif vasitələrlə iş görən, şəxsi mənfəətlərini başqalarının haqqlarından üstün tutanlar dələduzluq, fırıldaq yolu ilə böyük məbləğdə pullar qazanırlar. Təbii ki, belələri öz əməllərini pərdələmək, daha rahat şəkildə davam etdirmək üçün özlərinə “hamilər” də tapır, onların çətiri altında fəaliyyət göstərirlər. Neyləyəsən ki, bir çox hallarda belələrinə qarşı nədənsə əlahəzrət qanunların, onları qorumalı olan məmurların da münasibəti heç bir ölçüyə sığışmır. Haqlının hüquqları tapdalanır, haqsızın cinayətlərinə isə göz yumulur. Pulun açdığı qapıları qanunlar aça bilmir.
Seyidağa Mirzəyevin qaranlıq iş həyatı
Bir çox sahibkarlar öz fəaliyyətlərində “aldım-aldatdım” prinsipini əsas götürərək daha çox qazanmaq üçün digərlərinin haqqını mənimsəyir, başqalarının halal ruzisi hesabına özünün maraqlarını təmin edir. İş həyatında belə “zəngin səhifələr” olan sahibkarlardan biri də “Bak Terminal Komp LTD” MMC şirkətinin rəhbəri Mirzəyev Seyidağa Zeynal oğludur. Tikinti sektorunda fəaliyyət göstərən S. Mirzəyevin iş həyatı əməkdaşlıq etdiyi şəxslərlə, şirkətlərlə qalmaqallarla doludur. Çünki, bu sahibkar üçün iş gördürdüyü şəxslərin haqqını mənimsəmək belə desək, gündəlik iş prinsipidir. Müxtəlif vaxtlarda dələduzluq, mənimsəmə faktları ilə bağlı haqqında çoxsaylı məhkəmə prosesləri olmasına baxmayaraq, S. Mirzəyev hər dəfə qanunun sərt üzündən yayına bilib. Təbii ki, bu işdə ona himayədarlıq edən yüksək mövqeli hamilərinin də “əməyini” xüsusi qeyd etmək lazımdır. Aldığımız məlumatlara əsasən, hal-hazırda S. Mirzəyevin adı müxtəlif məhkəmələrdə “pul atmaqla” bağlı ən azından 4 prosesdə hallandırılır. Qubada dələduzluq maddəsi ilə məhkəmə prosesi aparılır. Məlumatlı mənbənin dediyinə görə, sahibkar üçün bu sahədə yaxın, uzaq, doğma, yad anlayışı yoxdur. Yetər ki, ortada pul haqq-hesabı olsun. Deyilənə görə, elə bu “aldım-aldatdım” ucbatından bir çox yaxınları, doğmaları belə S. Mirzəyevlə düşmən olublar. Pula olan sonsuz sevgi hissi onu ən yaxın ətrafı ilə belə düşmən olmağa vadar edib. Hətta öz doğma bacısı oğlunu belə ölümlə təhdid edən bu şəxsin digərlərinə hansı münasibət bəslədiyini düşünmək çətin olmaz. Elvin adlı bacısı oğlunun da 17 min manat pulunu mənimsəyən Seyidağa Mirzəyev bu sahənin mahir bilicisidir. Onun Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də məhkəmə çəkişmələri olduğu məlumdur. Ortada isə nə az, nə çox, düz 200 min manatlıq pul haqq-hesabı var. S. Mirzəyevin yolu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən də yan keçməyib. Qanunsuz silah gəzdirdiyinə görə saxlanılmasına baxmayaraq nədənsə bu işdən də sıyrıla bilən iş adamı ondan haqqını tələb edənləri döydürməkdən, ölümlə təhdid etməkdən belə çəkinmir. Seyidağa Mirzəyevin vətənə olan məhəbbəti pula olan sevgisinin heç milyonda birinə də bərabər deyil. Belə olmasaydı, oğlunun üzərində milyonlar sahibi olduğu vətən torpağına kişilik borcunu ödəməməsi üçün min-bir vasitəyə əl atmazdı. Aldığımız məlumatlara əsasən, oğlunu ilk öncə Abşeron rayon Hərbi Komissarlığı ilə “razılaşmasına” əsasən xidmətdən yayındıran S. Mirzəyev məsələ diqqətə düşəndən, qabardılandan sonra başqa vasitələrdən istifadə edərək xalqa sevgisini sübut edib. Belə ki, Abşeron Hərbi Komissarlığı onun oğlunu yenidən hərbi xidmətə çağıranda köməyinə Sərhəd Qoşunları Poliklinikası çatıb. Buradan oğluna guya gözlərinin zəif olması, xəstəliyi ilə bağlı sənəd düzəltdirən iş adamı övladını yenidən hərbi xidmətdən yayındırmağa müvəffəq olub. Ancaq, S. Mirzəyevin oğluna gözlərində problem olması ilə bağlı sənəd verən həkimlər maraqlanmayıblar ki, necə olur sürücülük vəsiqəsinə sahib olan, bir maşından düşüb digərinə minən biznesmen oğlu vətənə xidmət etmək lazım olanda gözlərindən şikayət edir. Yəni doğurdanmı bu, vətəni qorumaq ancaq kasıbların, atası biznesmen, məmur olmayanların borcudur? Səngərlərdə düşmənlə üz-üzə duran oğulların atası S. Mirzəyevdən əskik kişidirmi ki, onların övladları canı, qanı bahasına bu vətənin keşiyində durublar?
Seyidağa Mirzəyevin 43 min manatlıq fırıldağı
İş həyatında çoxlarının haqqını mənimsəyən S. Mirzəyevin “qurbanlarının” siyahısı hər gün artır. Çünki, himayədarlarının köməkliyi ilə hələ də sərbəst fəaliyyət göstərən sahibkar qanunlara, hüquq-mühafizə orqanlarına məhəl qoymadan ayrı-ayrı şəxslərin etimadından sui-istifadə edərək böyük məbləğdə pullar ələ keçirir. Əlinin zəhməti ilə çörək pulunu qazanan neçə-neçə sadə insanın haqqını mənimsəyən S. Mirzəyev “Bak Terminal Komp LTD” MMC şirkətinin sifarişlərini həyata keçirən Sadiq Mahmudovun da 43 min manat məbləğində pulunu mənimsəyib. Müxtəlif vaxtlarda öz briqadası ilə sifarişləri yerinə yetirən S. Mahmudov artıq uzun müddətdir ki, iş adamından 43 min manat pulu ala bilmir. 30-dan çox fəhlənin, ustanın əlinin zəhmət haqqını, istifadə olunan materialın pulunu verməyən S. Mirzəyev hətta hədə-qorxu gəlməkdən belə çəkinmir. “Onsuz da məsələni lazımi adamlarla, orqanlarla həll etmişəm” deyən S. Mirzəyev heç bir qanuna məhəl qoymur. Sadiq Mahmudov müxtəlif vaxtlarda “Bak Terminal Komp LTD” MMC şirkətinin sifarişi əsasında öz briqadası ilə “LUKOYL” şirkətinin əsas binasının , Varovski ərazisində yerləşən 19 və 20 saylı yanacaqdoldurma məntəqələrinin dam örtüyünün quraşdırılması işlərini görüb. Həmçinin briqada yüksək keyfiyyətlə Xırdalan dairəsi yaxınlığında yerləşən 3 saylı yanacaq doldurma məntəqəsinin, Sumqayıtda 16 saylı yanacaqdoldurma məntəqəsinin dam örtüklərinin quraşdırılması və təmiri işlərini də təhvil verib. Lakin, sifarişlər bununla da bitməyib. Quba rayonu Xınalıq kəndində “Şah dağ” nəzarət buraxılış məntəqəsinin, eləcə də Qusar rayonunun Ləzi kəndində yerləşən nəzarət buraxılış məntəqəsinin dam örtükləri quraşdırılıb. Briqada tərəfindən “LUKOYL”un neft bazasında çənlərin yuyulması, reklam lövhələrinin quraşdırılması, eləcə də su və yanğınsöndürmə xəttlərinin çəkilməsi işləri də yerinə yetirilib. Lakin, bütün bu işlər yüksək keyfiyyətlə təhvil verilməsinə baxmayaraq Seyidağa Mirzəyev 30-dan çox usta və fəhləyə çatacaq, eləcə də istifadə olunmuş materiallar üçün sərf olunmuş 43 min manatı verməkdən imtina edir. Müxtəlif instansiyalara müraciət edilməsinə baxmayaraq hələ ki, S. Mirzəyev üçün ölkə qanunları keçərsiz olaraq qalır. Sadiq Mahmudovun briqadasına çatmalı olan vəsaiti ödəməmək üçün iş adamı ən müxtəlif vasitələrə əl atır. Rəhbərlik etdiyi şirkətdə xəzinədar işləyən bacısı oğlu Elvini guya pulu ödədiyini demək üçün məcbur etmək istəyən Seyidağa Mirzəyev buna nail olmayanda təhdidlərə, hədə qorxuya əl atıb. Bacısı oğlunun yalançı şahid olmaq istəməmsi dayını bərk qəzəbləndirib. Elə bu sözə baxmazlığı da Elvinə 17 min manata başa gəlib. Dayısı bacısı oğlunun da pulunu verməkdən imtina edir. Artıq xeyli müddətdir ki, Sadiq Mahmudov dəfələrlə Seyidağa Mirzəyevə müraciətlər etməsinə baxmayaraq öz halal haqqını ala bilmir. 30-dan çox usta və fəhlə də nə vaxtdan bəridir ki, zəhmət haqqlarını alacaqları günü gözləyirlər. Lakin, S. Mirzəyev üçün bunların heç bir əhəmiyyəti yoxdur. Hüquq-mühafizə orqanlarına edilən müraciətlər də heç bir nəticə vermir. Çünki, nədənsə heç kim əli qabarlı fəhlələrin hüquqlarını qorumaq istəmir. Aldığımız məlumatlara görə, Seyidağa Mirzəyevin bu əməllərinin layiqincə qiymətləndirilməsinə sədd çəkən şəxslərdən biri də İqtisad Məhkəməsində çalışan Şərafət xanım adlı şəxsdir. Şərafət xanım iş adamının bir çox qaranlıq, cinayət tərkibli əməllərini pərdələməyə, ört-basdır etməyə xüsusi köməklik göstərir. Təsadüfi deyil ki, belə himayədarlarının köməkliyi ilə Seyidağa Mirzəyev hələ də sərbəst şəkildə başqalarının halal pullarını mənimsəməkdə davam edir. Onun bu qanunsuzluqlarına, dələduzluqlarına son verilməzsə, kim bilir hələ neçə-neçə əli qabarlı fəhlənin halal haqqı yeyiləcək, zəhmət haqqı mənimsəniləcək. Belələrinə “dur” deməyin, qanunlar çərçivəsində tədbir görməyin vaxtıdır. Seyidağa Mirzəyevin qanunsuz əməlləri ilə bağlı müraciət edilən orqanların məsələyə biganə münasibəti heç də anlaşılan deyil. Maraqlıdır ki, açıq aşkar cinayət tərkibli bu faktlara hüquq-mühafizə orqanları niyə göz yumurlar? Ortada hansı maraqlar var ki, bir nəfərin maraqları neçə-neçə sadə insanın mənafelərindən üstün tutulur? Yəqin ki, Azərbaycan Respublikası Baş Prokurorluğu, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsi qeyd etdiyimiz faktları diqqətdə saxlayacaq, lazımi hüquqi tədbirlər görəcəklər. Qanun hamı üçün ali olmalıdır, kiminsə şəxsi maraqları naminə onu tapdalamağa ixtiyarı yoxdur. Son söz hüquq-mühafizə orqanlarınındır. Özü də qəti son söz! Nicat MAHMUDOV
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?