Naxçıvandan olan bir sahibkar Moderator.az-a bir müdhiş şikayət məktubu göndərib.
Daha doğrusu, sayt vasitəsilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib. Xatırladaq ki, o bir müddət öncə də Moderator.az və digər saytlar vasitəsilə öz narazılıqlarını dilə gətirmiş, indi həbsdə olan Sədərək gömrüyünün keçmiş rəisinin və onun ətrafındakıların başına hansı oyun açdıqlarını və qanunsuz olaraq həbsə atdıqlarını qeyd etmişdi. İndi də onun yazdıqlarını olduğu kimi təqdim edirik və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq:
1.Sən niyə "Toyota" maşını sürürsən? Pulun çoxdu gətir ver bizə, ya da cənab sədrə. Sən get "Moskviç" min başın salamat olsun, nəvələrinin yanında ol! Qulu, Qasım, Vilayət.
2.Məmməd Qurbanov: Yoldaş prokuror, Sədərək polis şöbəsində 3 gündür bizə gecə-gündüz dözülməz işgəncələr verirlər. Bizə kömək et. Sədərək rayon prokuroru Teymur Vəliyev: Mən Daxili İşlər Nazirliyinin daxili işlərinə qarışa bilmərəm. Mən öz işimi görürəm. Yoldaş sədr, 26 aprel 2013-cü il tarixində təcridxanadan azad olandan sonra 1 ay istirahətdən edib öz çörəyimin arxasınca getmək istədim. Lakin buna imkan vermədilər, çünki artıq 6 ay idi ki, mənim “Danino” çörəyimi sizin kürəkəniniz Fəxrəddin özəlləşdirmişdi. Mən ona əngəl ola bilərdim. Ad çəkmirəm, 10 iyun 2013-cü il tarixdə bir yüksək vəzifə sahibi məni kabinetinə çağırtdırdı.
“Biz hamımız bu kişinin çörəyini yeyirik” sözünü bir neçə dəfə təkrar etdi. Cəsarət tapıb deyə bilmədim ki, siz hamınız o kişinin çörəyini yeyirsiniz, ancaq mənə o kişinin çörəyini yemək heç zaman qismət olmayıb. Bircə dəfə 2005-ci il tarixdə ehsanını yemək qismət oldu, onu da elə həmin gün iş, çörək istədiyimə görə Ali Məclisin qarşısında təhvil verdilər polislərə, aparıb o qədər döydülər ki, verdikləri ehsan həzm edilməmiş burnumdan gəldi, 3 aydan artıq yorğan- döşəkdən ayağa qalxa bilmədim. Sonra mənə bildirdi ki, yaxın günlərdə səni yenidən başqa bir adla həbs edəcəyik. Dedim axı mən ki, heç nə etmirəm, heç kimə bir söz demirəm. Dedi nə olsun ki, heç nə etmirsən, həbs edəcəyik. Soruşdum: bəs adını nə qoyacaqsınız? Dedi: Adı elə biz qoyuruq, istəyirsən elə bu saat səni içəri atım. Soruşdum: bunu necə edəcəksiniz? Dedi: Düyməni basacağam, işçiləri kabinetə tökəcəyəm, deyəcəyəm ki, sən bu kişini söydün. Şəhadət barmağını başının üstündəki portretə tuşladı. Elə buradaca qollarını qandallayacaqlar, protokollaşdıracaqlar, gedəcəksən içəriyə. Vəssalam: Kimə sübut edəcəksən? Sonra müdrik kəlam deyən insanlar kimi gözlərini gözümün içinə dikərək soruşdu. Edə bilərəm ya yox? Bir anlığa Namiq Şıxəliyevin şər-şantaj bir yumruq iddiası ilə başımıza gələn faciələr gözümün önündən keçdi. Düşündüm ki, gör portretə görə başımıza nə müsibətlər gələr. Dedim: Sən nə deyirsən edə bilərsən. Səninlə barışıram. Onun kabinetindən çıxanda həyatımda ilk dəfə idi ki, qorxudan dilim tutuldu. Kimsəyə zəng edib bir şey deyə bilmədim. Bir başa yollandım aerokassaya və bir saatdan sonrakı reyslə Naxçıvanı tərk etdim. Qısa günlər içində bütün nəslimi Naxçıvandan çıxartdım. Yoldaş sədr, bu cur misallardan çox çəkə bilərəm. Bu məsələni açıqlamaqda məqsədim kimisə ifşa etmək deyil, məqsədim onu çatdırmaqdır ki, bu məmləkətdə kiminsə həyatını məhv etmək, ömrünü həbsxanada çürütmək üçün hansısa cinayət etməsinə heç bir ehtiyac yoxdur. Sadəcə kiminsə istəyi yetərlidir. Kiminsə insanlıq adına xas olan keyfiyyətlərini itirməsi yetərlidir. Gerçəklərdən azacıq açıqlama verdiyimə görə sizdən xahiş edirəm saxta ittihamlarla üzə dirənən məxluqları, şikayət etməmək üçün vətəndaşın, arvad-uşağının qarşısına başsız lüt şəkillər qoyub, onlara baş qoymaqla hədələyən, şantaj edən, həbsə atılmış vətəndaşın ailə-uşaqlarına gecə-gündüz maşınlara doluşub evinin önündə ətrafdan utanmadan, həya etmədən işıq atan, 9 nəfərlik arvad-uşaqdan ibarət ailəni Naxçıvandan Bakıya qaçmaq məcburiyyətində qoyan, cəmiyyət arasında vətəndaşın şərəf-ləyaqətini alçaldacaq özlərinəməxsus fikirlər, rəylər yaradan namuslu məmurlarınızı, saxta ittiham və saxta qərarlar verməklə qanun kitablarından qanun donu geyindirməklə qanunsuzluqları qanunla sığortalamaqla məşğul olan vicdanlı məmurlarınızı, dildə milli mənəvi dəyərlərdən, mentalitetdən danışan,əməldə isə bütün bu milli atributları zorlayan məmurlarınızı bizə qarşı səfərbər etməyəsiniz. Mənə düşmən olan məmurların arxasında partiya, hakimiyyət, hökümət, dövlət və qərəzli niyyətlərə xidmət edən qanun kitabları var. Mən isə yalqız, gücsüz bir insanam, arxamda məni qoruyacaq nə hakimiyyət, nə hökümət, nə dövlət, nə də qanun yoxdur. Arxamda kölgəmdən başqa heç nə yoxdur. Mən sizdən nə çörək, nə də vəzifə istəmirəm. Zatən 13 il yüzlərla məktubla iş, çörək istədim vermədiniz. Istədiyim tək bir şey var.
1.Mənim əlimdən zorla alınıb kürəkəniniz Fəxraddinə verdiyiniz “Danino” çörəyimi onun əlindən alıb özümə qaytarasınız.
2.Mənə qarşı düşməncəsinə qəsb edilən, qəsd edilən külli miqdarda maddi zərərin ödənilməsini təmin edəsiniz.
3.Çörəyimizin, həyatımızın qarşısından uzaq durasınız.
4.Dediklərimi isbat etmək üçün şahidə ehtiyacım yoxdur. Naxçıvan MR-da gözü olan hər kəs Məmməd Qurbanovun çörəyi ilə kimin uşaqlarının böyüdüyünü görür.
VƏSSALAM.
HÖRMƏTLƏ: MƏCBURİ NAXÇIVAN QAÇQİNİ MƏMMƏD QURBANOV
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?