Azərbaycan AŞ qarşısında öhdəliklərini tam yerinə yetirənə qədər monitorinq altında qalacaq
Məlum olduğu kimi AŞPA-nın Strasburqda qış sessiyasının plenar iclasında Azərbaycan üzrə iki məruzəyə baxıb. Onlardan biri Monitorinq Komitəsinin məruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Qrex (Malta) tərəfindən hazırlanmış məruzə Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı idi. Siyasi məhbuslar haqqında ikinci məruzə alman deputatı Kristof Ştrasser tərəfindən tərtib edilib. Əvvəlcə məruzəçilər öz hesabatlarını təqdim ediblər. Daha sonra sənədlər paralel olaraq müzakirə olunub. Müzakirələr zamanı Arqamunt və Qrexin məruzəsi ümumilikdə dəstəklənib. Ştrasserin hesabatı ətrafında müzakirələr tamamilə ziddiyyətli olub. Lüksemburqdan deputat Anna Brasser qeyd edib ki, Azərbaycanda öhdəliklərin yerinə yetirilməsi nöqteyi-nəzərdən irəliləyişlər olmasına baxmayaraq, ölkə hələ çox yol keçməlidir. Eyni zamanda, o, Ştrasserin məruzəsini alqışlayıb. «Biz məhbusların bir hissəsinin azad edilməsini alqışlayırıq, amma siyahıya yeni məhbuslar əlavə edilib. İnsanların öz əqidələrinə görə həbsi yolverilməzdir», - Brasser bildirib. O, Ştrasserə viza verilməməsini pisləyib. O, həmçinin Ştrasseri dəstəkləyən deputatların «antiazərbaycan lobbisi» adlandırılmasını qəbuledilməz adlandırıb. «Bizim məqsədimiz birlikdə işləməkdir. Bütün ölkələrin AŞ-ın tələblərinə riayət etməsidir. Ölkəyə səfər üçün viza verilməsindən imtina qəbuledilməzdir». Eyni zamanda, britaniyalı deputat Robert Valter Aqramunt və Qrexin məruzəsini ciddi adlandırıb, Ştrasserin məruzəsini isə tənqidi qiymətləndirib. «Onun məruzəsi bloqlara və QHT-lərin məruzələrinə əsaslanır. Hesab edirəm ki, bu, bizim işimizi nüfuzdan salır. Biz Ştrasserin məruzəsini qəbul etməyəcəyik», - Valter bildirib. Lakin almaniyalı deputat Katrin Varner məruzəçiyə monitorinq aparmaq üçün viza verilməməsinin yanlış olduğunu bildirib. Avropa Şurası ölkələrində siyasi məhbus olmamalıdır, onlar hamısı azad edilməlidir, - Verner bildirib. İtaliyadan deputat Luka Volonte Aqramunt və Qrexin məruzəsində Azərbaycandakı irəliləyişlərin qeyd edilməsi ilə razılaşsa da, məhkəmə, ifadə azadlığı sahəsində problemlər, curnalistlərə hücumlar, siyasi məhbusların mövcudluğu ilə bağlı narahatlığını bildirib. O, Ştrasserin məruzəsini də dəstəkləyib. «Siyasi məhbuslar problemini həll etmək üçün bu barədə danışmaq lazımdır», -İtaliyalı deputat bildirib. Almaniyalı deputat Viola von Qramon-Taubadel bildirib ki, siyasi məhbusların bir hissəsi artıq cəza müddətini çəkib, həbsxanalarda ölənlər var. Eyni zamanda, eyni siyasi məhbuslar meydana çıxıb. Onun fikrincə, Azərbaycanın ədliyyə sistemi Avropa prinsiplərinə və normalarına uyğun deyil. Norveç deputatı Liz Xristofersen qeyd edib ki, ölkədə əvvəlki kimi toplaşmaq azadlığı məhdudlaşdırılır, curnalistlər və fəallar saxta ittihamlarla təqib olunur, onlar daim təhlükə altındadır. Norveçli deputat iki övladı Norveçdə qaçqın kimi yaşayan NMR hüquq müdafiəçisi Məlahət Nəsibovanı xüsusi qeyd edib. Nəsibovanın NMR-də qalan daha bir qızının qorxudulması davam edir.«Dəfələrlə buna son qoyulması barədə xəbərdarlıq etmişəm. Bu, AŞ-ın nüfuzunu şübhə altına qoyur», - Xristofersen qeyd edib. Fransalı deputat Can Mari Bokel Ştrasserin məruzəsininna tamam olduğunu və ona səsverməyəcəyini bildirib. Digər Fransalı deputat Rene Ruce məcburi köçkünlər probleminə və Qarabağ münaqişəsinin başa çatmaması ilə əlaqədar onların aydın gələcəyinin olmamasına diqqət çəkib. Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev Ştrasserin məruzəsini təkzib edərək Azərbaycanda insanların əqidələrinə görə cinayət təqibi olmadığını bildirib. «Biz demokratiya qurulmasında həmkarlarımızın köməyinə ümidedirik. Ştrasser özü Azərbaycanda olsa və hər şeyi öz gözləri ilə görsə yaxşı olardı», - Rzayev bildirib. Almaniyalı deputat Marina Şuster hər iki məruzənin bir-birini tamamladığı barədə fikir bildirib və onları qəbul etməyə çağırıb. «Assambleyamız Azərbaycanda siyasi məhbuslarla bağlı vəziyyəti yoxlamağı tapşırıb. Təəssüfki, o, ölkəyə gedə bilməyib və biz buna dözməməliyik», - Şuster bildirib. RF-dən deputat Boris Şpigel bildirib ki, diqqətin keçmiş İttifaq və Şərqi Avropa ölkələri üzərində cəmlənməsi ikili standartlar siyasətidir. AŞ nə vaxtaqədər Qərb ölkələrində pozuntulara diqqət yetirmədən bu ölkələrdən əzarət həyata keçirəcək? Fransalı deputat Cak Legendre Ermənistanda da 4 müxalifətçinin həbs edildiyinə diqqət çəkib. «Biz bütün ölkələrdə pozuntula rhaqqında danışmalıyıq», -o əlavə edib. Ermənistandan deputat Aripne Ovanisyan bildirib ki, Monitorinq Komitəsinin məruzəsi ölkədəki nöqsanları gizlədir və hakimiyyətin mövqeyinə, o cümlədən Qarabağ münaqişəsi üzrə mövqeyinə bəraət qazandırır. Erməni deputatların tənqidinə cavabda Aqramunt yekun sözündə bildirib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktdır. Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov bir ölkə üzrə eyni zamanda iki məruzənin müzakirəyə çıxarılmasını tənqid edərək AŞPA-da ilk dəfə belə bir şeyi gördüyünü deyib. AŞ ölkələrə qarşı deyil, ölkələr üçün yaradılıb. «Ştrasserin məruzəsi həddindən artıq qəribə təqdim edildiyi halda ona necə səs verə bilərik? Məruzədə ümumiyyətlə mövcud olmayan insanların adları var. Biz Ştrasserin əleyhinə deyilik, məruzənin əleyhinəyik. Onun məruzəsi ümumilikdə Avropa dəyərlərini sarsıdır», - Seyidov bildirib. Kanada nümayəndəsi (Kanada xüsusi dəvət edilmiş üzv statusuna malikdir) Korneliu Çisu Azərbaycanda seçkilərin bir dəfə olsun demokratik qiymətləndirilmədiyindən narahatlığını ifadə edib. O, Seçki Məcəlləsinə dəyişikliklər etmək zərurətini qeyd edib. Çünki bu şəkildə o, seçkilərin düzgünlüyünə mane olacaq. Kanadalı deputat həmçinin korrupsiya, dövlət orqanlarının qeyri-şəffaflığı, siyasi plüralizmin olmaması barədə danışıb. «Kanada hesab edir ki, korrupsiya Azərbaycanla ticarət üçün ciddi maneədir. Biz QHT-lərin fəaliyyətinin asanlaşdırılmasına yönəlmiş qətnaməni dəstəkləyirik. Biz Azərbaycanı insan hüquqlarına riayət etməyə çağırmağa davam edirik», - kanadalı deputat bildirib. Müzakirələrə yekun vuran Ştrasser qeyd edib ki, o, öz missiyasını yerinə yetirərkən, nədənsə onu Azərbaycana dəvət etməyiblər, indi isə ölkəyə gəlməməkdə qınayırlar. «Mənim ölkəyə səfər etməyimə imkan vermədilər, məni subyektivlikdə ittiham edirlər. Məruzəm dərin araşdırmalara əsaslanır. Məruzəm qətiyyən terrorçulara qapı açmır (bunu rusiyalı Leonid Slutski və bir sıra digər deputatlar söyləyiblər). Biz məlumatı tamamilə müxtəlif mənbələrdən alırdıq. Biz ədalətsiz olaraq həbs edilənlər naminə işləməliyik», - Ştrasser bildirib. Lakin Ştrasserin məruzəsi üzrə qətnamə qəbul edilməyib. Onu 74 deputat dəstəkləyib, 125 deputat əleyhinə səs verib. Bununla belə, Aqramunt və Qrexin 196 səs lehinə, iki səs əleyhinə olmaqla qəbul edilmiş məruzəsində siyasi məhbuslar probleminin həlli haqqında tələbi yer alır. Xüsusən, yerli və beynəlxalq hüquq müdafiə qurumlarının cinayət təqibinin qanuniliyini şübhə altına aldığı curnalistlərin və fəalların işlərinə yenidən baxmaq təklif edilir. Bu zaman həmin məhbusları azad etmək üçün bütün mövcud hüquqi alətlərdən istifadə etmək tövsiyə olunur. Səhhəti narahatlıq doğuran siyasi məhbusların humanitar nöqteyi-nəzərdən azad edilməsi tövsiyə olunur. Bundan başqa, AŞPA-nın Azərbaycanda ehtimal olunan siyasi məhbuslarla bağlı əvvəlki qətnamələrinin tam həyata keçirilməsi tövsiyə olunur. AŞPA-nın qətnaməsində həmçinin Azərbaycanın seçki sisteminin ATƏT DTİHB və Venesiya Komissiyasının təklifləri əsasında təkmilləşdirilməsi, QHT-lərin qeydiyyatında maneələrin aradan qaldırılması, beynəlxalq QHT-lərin qeydiyyatı prosedurlarının asanlaşdırılması, parlamentdə müxalifət fraksiyasının yaradılması üçün şəraitin təmin edilməsi və s. tövsiyə olunur. Qətnamədə həmçinin Qarabağ münaqişəsinin həll edilməmiş qaldığı qeyd edilir və münaqişənin BMT TŞ-nin, AŞPA-nın, ATƏT-in və Avropa Parlamentinin qətnamələri əsasında nizamlanmasına dəstək ifadə olunur. Qətnamədə Azərbaycanın AŞ qarşısında öhdəliklərini tam yerinə yetirməsinə qədər AŞPA-nın monitorinqi altında saxlanması zəruri hesab olunub. “Siyasət şöbəsi”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?