Dünən Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslara dair qətnamə layihəsinin qəbul olunmamasından sonra almaniyalı məruzəçi mətbuat konfransı keçirib. Ştrasser mətbuat konfransında çıxışında missiyasının başa çatdığını bildirib: “Mənim missiyam başa çatdı. Mən məğlub oldum”. Məruzəçi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov son çıxışına da diqqət çəkib və bu çıxışın çox şeydən xəbər verdiyini bildirib. Qeyd edək ki, S.Seyidov çıxışında bildirmişdi ki, Kristofer Ştrasser Avropa dəyərlərini özəlləşdirmək istəyirdi: “Bu onun Avropa Şurası deyil, bu Azərbaycanın Avropa Şurasıdır, 20% torpağı işğal altında olan Azərbaycanın Avropa Şurasıdır, bir milyona yaxın qaçqını olan Avropa Şurasıdır. Ona görə də keçməz, keçməz və bir daha keçməz”. Xatırladaq ki, AŞPA-da yanvarın 23-də Azərbaycana dair iki qətnamə layihəsi müzakirəyə çıxarılmışdı. Almaniyadan olan Ştrasserin məruzəsi 125 əleyhinə, 79 lehinə səslə qəbul olunmayıb. Qurumun Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladığı Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə dair hesabat isə 196 lehinə səslə qəbul olunmuşdu. Kristoffer Ştrasser Azadliq radiosuna bildirib ki, mübarizəni davam etdirəcək: "Görüşümə imkan verilməyən siyasi məhbuslar bunu bilsinlər". Bununla belə, məruzəçi məyusluğunu gizlətməyib. O, səsverməni insan haqlarının "qara günü" adlandırıb.
Sorğu
Yeni dizaynımız necədir?