Rusiyameyilli komanda prezidentə qarşı açıq fəaliyyətə keçir
Son günlər Azərbaycanda Rusiyameylli qruplaşmanın cilddi aktivlik numayiş etdirdiyi müşahidə olunur. Onlar Moskvadan gələn təlimatlara uyğun şəkildə fəaliyyət göstərməklə ölkədə vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Məqsəd Azərbaycanda yaranmış xaosdan istifadə edib, öz çirkin niyyətlərini həyata keçirməkdən ibarətdir…
Moskva Azərbaycanı əldən vermək istəmir
Indi ölkədə çoxlarına bəllidir ki, artıq rəsmi Bakının birmənalı olaraq Qərbə yön çevirməkdən başqa çıxış yolu yoxdur. Çünki dövlət başçısı İlham Əliyevin 2013-cü il prezident seçkilərində Qərbin dəstəyi olmadan iştirak etməsi qeyri-mümkündür. Heç şübhəsiz, Moskvanın da regionda baş verən bu proseslərin fonunda özunun alternativ planları olmamış deyil. Çünki Putin Rusiyasının Azərbaycandan belə asanlıqla əl çəkəcəyi və ölkəmizi könüllü olaraq Qərbin himayəsinə verəcəyini güman etmək sadəlövhlük olar. Əksinə, bir neçə ay öncə Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkədə baş verən proseslərin Rusiyanın xeyrinə dəyişməsi Moskvanı daha da ruhlandırıb. İndi Rusiyada çoxlarına elə gəlir ki, Qərb Gürcüstanda Saakaşvilini “dəstəkdən məhrum etdiyi” kimi, Azərbaycandakı proseslərə də müdaxilə etməyəcək. Odur ki, son vaxtlar Moskva ölkəmizdə ciddi aktivlik nümayiş etdirməklə Azərbaycanı yenə də öz təsir dairəsində saxlamağa çalışır.
Vladimir Putinin “şərəf”ləndirdiyi məmurların çevriliş planındakı rolu
Qeyd etdiyimiz kimi, Kreml bu məsələdə, hər zaman olduğu kimi, yenə də Azərbaycan hakimiyyətində təmsil olunan Rusiyapərəst məmurların yardımından faydalanmağa çalışır. Digər tərəfdən, Moskva ikinci bir alternativ kimi Rusiyada yaşayan Azərbaycan əsilli milyarderlərin xidmətindən yararlanmaq niyyətindədir. Vladimir Putin bu plan çərçivəsində «Milyarderlər İttifaqı»nın əli ilə Azərbaycanda bir qrup tanınmış ziyalını da hakimiyyətə qarşı qoymaqla öz çirkin niyyətini həyata keçirməkdə israrlıdır. Son vaxtlar ölkədə baş verən prosesləri təhlil etdikdə belə qənaətə gəlmək olur ki, Moskva Azərbaycanda öz niyyətinə çatmaq üçün hətta vətəndaş qarşıdurmasının yaranmasında belə maraqlıdır. Rusiya bu məqsədlə ən çirkin oyunlara belə baş vurur. Məsələn, bu günlərdə Rusiya mətbuatının, xüsusən də Vladimir Putinə yaxınlığı ilə seçilən qəzetlərin guya, Azərbaycanda – İsmayıllı rayonunun İvanovka kəndində ruslara qarşı etnik ayrı-seçkilik tətbiq olunduğu haqqında yazılanlar məhz bu planın tərkib hissəsidir. Əslində belə qənaətə gəlmək olar ki, “Binə” ticarət mərkəzində baş verən üsyanını polis zopası ilə yatırılması, İsmayıllı hadisələri zamanı əhaliyə divan tutlması və s. proseslər də planlı şəkildə həyata keçirilib. Burada zaman-zaman Vladimir Putinin “şərəf”ləndirdiyi məmurların əlinin olduğu istisna deyil. Görünür, Prezident Administrasiyasının və Daxili İşlər Nazirliyinin rəhbərliyində təmsil olunan bir qrup məmur regionlarda planlı üsyanlar çıxarmaqla, Kremlin maraqları çərçivəsində ölkədə xaos yaratmaq istəyirlər.
Azərbaycanda Rusiya-Avropa nüfuz savaşı
Artıq hakimiyyət daxilində İlham Əliyevə sadiqliyi ilə seçilən bəzi məmurların baş verən proseslərin fərqində olduğu bildirilir. Hətta son vaxtlar iqtidar kluarlarında belə bir fikir dolaşır ki, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı hazırlanmaqdadır. Əlbəttə, biz bu deyilənlərin yüzfaizli həqiqət olduğunu iddia etmək fikrindən uzağıq. Amma bu aralar Vladimir Putinlə İlham Əliyevin münasibətlərinin heç də ürəkaçan olmaması səbəbindən bu deyilənlərə şübhə ilə yanaşmaq da olmur. Görünən odur ki, Qərbin təklifləri əsasında İlham Əliyevin ciddi siyasi islahatlar həyata keçirmək ərəfəsində olduğu indiki dönəmdə Rusiya əks-iradə nümayiş etdirməkdə israrlıdır. Məhz İlham Əliyevin ölkədə olmadığı ərəfədə guya, əsgər ölümünə etiraz olaraq Prezident Administrasiyasının sifarişi ilə çoxminli aksiyanın keçirilməsi, bunun ardınca «Binə» ticarət mərkəzində icarə qiymətlərinin artırılmasına etiraz edən iş adamlarının həbs olunması, İsmayıllıda məmur özbaşınalığına qarşı üsyana qalxan sakinlərə zor tətbiq edilməsi, eyni vaxtda Müsavat başqanı İsa Qəmbərə qarşı təxribat xarakterli əməllərin həyata keçirilməsi, son günlər Zaqatalada və İmislidə baş verən kütləvi narazılıq və s. heç də təsadüfi olaylara bənzəmir. Bu hadisələri diqqətlə təhlil etdikdə belə qənaətə gəlmək olar ki, əslində ruskafalı məmurlar bu proseslrə süni nəfəs verməklə, baş verənlərdən ölkə başçısı İlham Əliyevə qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışırlar. Yəni hakimiyyətdəki Rusiyameylli qruplaşma bununla ölkə başçısına demək istəyir ki, islahatlardan vaz keçməsən, bütün ölkəni sənin üzərinə qaldıra bilərik və s.
İlham Əliyevdən ciddi qərarlar gözlənilir
Hakimiyyət daxilində İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun yanvarın 27-də başa çatmasına baxmayaraq ölkəyə nədən bir neçə gün sonra dönməsi də ciddi muzakirə mövzusuna çevrilib. Qeyd edək ki, dövlət başçısı Azərbaycana yanvarın 30-dan 31-nə keçən gecə qayıdıb. Bu baxımdan, indi hakimiyyət daxilində bir çoxları narahatdır ki, İlham Əliyevin 3 gün gecikməsinə səbəb nə olub. Çünki dövlət başçısının dönüsünə qədər hakimiyyət dairələrində belə bir xəbər dolaşırdı ki, İ.Əliyev Avropada müəyyən məxfi görüşlər keçirir və ölkəyə döndükdə çox ciddi qərarların veriləcəyi istisna deyil. Məhz bu baxımdan elə indinin özündə də iqtidardakı «mühafizəkar»lar arasında çox ciddi narahatçılıq hökm sürməkdədir. Onların Azərbaycanda sosial partlayışlar yaratmağa cəhd etməsi də məhz bu narahatçılığın bariz nümunəsi hesab oluna bilər. Çünki ölkədə xaos olduqda onlar özlərini daha təhlükəsiz hiss edirlər…
İqtidar düşərgəsində fırtına qabağı sakitlik
Maraqlıdır ki, dövlət başçısı İlham Əliyevin Azərbaycana qayıdışından bir çox yüksək rütbəli məmurların xəbəri olmayıb. Halbuki, adətən belə səfərlərdə prezidentin qarşılanma mərasimi təşkil olunurdu. Bu baxımdan, sırağagün İ.Əliyevin ölkəyə səssiz gəlişi çoxlarının kürkünə birə salıb. Odur ki, indi bütün diqqətlər, ölkədə və regionda baş verənlər fonunda, prezident İlham Əliyevə yönəlib. İndi nəinki Rusiyameylli «mühafizəkar» qrup, o cümlədən, Qərbpərəst «islahatçı» komanda da İlham Əliyevin qovluğundan hansı qərarların çıxacağını ciddi maraqla gözləyir. Bir sözlə, bu gün iqtidar düşərgəsində fırtına öncəsi susqunluq yaşanır. Çoxları İlham Əliyevin bu səssizliyi öz iradəsini ortaya qoyaraq ciddi kadr islahatlarına qərar verməklə pozacağına ümid edir. İndi ötənlərdən fərqli olaraq bir çox məmurlar da bu düşüncədədir ki, illər öncə ilə müqayisədə İlham Əliyevin bu gün belə bir qərar verməsi onun üçün daha asandır. Çünki Azərbaycanda Rusiyameylli qruplaşmaya qarşı nifrətin günbəgün çoxalması müqabilində dövlət başçısı istər cəmiyyətdə, istər də hakimiyyət daxilində öz mövqeyini kifayət qədər gücləndirə bilib. Digər tərəfdən, artıq İ.Əliyevin özü də onun fərqindədir ki, tezliklə Qərbin və Azərbaycan ictimaiyyətinin gözlədiyi qərarları verməsə, onun 2013-cü il prezident seçkilərinə gedən yoluna böyük bir sipər çəkilmiş olacaq. Elçin Əmirov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?