Baş nazirin sabiq müavini haqda müxtəlif xəbərlər dolaşır
gundemxeber.az Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Rusiya Azərbaycan Təşkilatları Ittifaqının (RATI) yaradılmasına münasibət bildirərkən qurumun təsisçilərindən biri ilə görüşdüyünü söyləmişdi. “Təşkilatçıların biri ilə bu qurum yaranmazdan əvvəl söhbətim olub. Mən onlara fikrimin mənfi olduğunu çatdırmışam. Bunu Rusiyada formalaşmış Azərbaycan diasporunun parçalanması kimi qiymətləndirirəm”, - deyə PA rəhbəri vurğulamışdı. Ramiz Mehdiyev konkret kiminlə görüşdüyünü açıqlamasa da, “Azadlıq”a daxil olan məlumata görə bu şəxs RATI-nin rəhbəri, baş nazirin sabiq müavini Abbas Abbasov olub. PA rəhbərilə onun söhbəti doğrudan da gərgin keçib. Ramiz Mehdiyev bu qurumun yaradılmasına ehtiyac olmadığını, bu məsələdə Kremlin maraqlı olduğunu açıq şəkildə Abbas Abbasovun diqqətinə çatdırıb. O, bildirib ki, Azərbaycan hakimiyyətinin belə bir təşkilatın yaradılmasına münasibəti mənfidir. RATI-nin rəhbəri isə öz növbəsində Ramiz Mehdiyevi inandırmağa çalışıb ki, təşkilatın yaradılması Azərbaycan hakimiyyətinə qarşı addım deyil. Xatırladaq ki, RATI təsis olunandan az sonra Azərbaycan hakimiyyəti quruma qarşı kampaniyaya başladı. O zaman RATI-nin təsisçilərindən olan Söyün Sadıqovun bu təşkilat yaradılmamışdan əvvəl Azərbaycan rəsmilərilə, o cümlədən Ramiz Mehdiyevlə danışıqlar olub. Mətbuatda baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycana buraxılmaması barədə xəbər nə onun özünün, nə də deputat oğlu Aydın Abbasov tərəfindən təkzib olunub. Qeyd edək ki, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının təsisçilərindən olan Abbas Abbasovun son zamanlar hakimiyyətin hədəfinə gəlməsi barədə Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyov da bəyanat vermişdi. Abbas Abbasovun oğlu Aydın Abbasov da atasının Azərbaycana buraxılmaması xəbərlərinə tam aydınlıq gətirməyib. Maraqlıdır ki, Aydın Abbasov atası barədə yayılan xəbərləri nə təsdiq, nə də təkzib edib: “Mən bu barədə heç bir suala cavab verməyəcəyəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?