Nazir dəyişsə də, sistem eyni qalıb; hər hansı uğurlu kadr seçiminin demək olar ki, çökmüş təhsil sistemini təkbaşına dirçəldəcəyinə inanmaq üçün həddindən artıq optimist olmaq lazımdır
Son günlərdə ölkə gündəmini ən çox məşğul edən xəbər, təhsil nazirinin dəyişdirilməsi oldu. Dəyişiklik gözləri yeni təhsil nazirinə dikdi. Məlumat üçün bildirək ki, 15 ildir təhsil naziri vəzifəsini icra edən Misir Mərdanovu, “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Mikayıl Cabbarov təyin olunub. Yeni nazir M.Cabbarovla bağlı ən çox müzakirəyə səbəb olan məqamlardan biri onun təhsil sisteminə yad biri olması ilə bağlıdır. Amma bunun əksini düşünərək seçilmiş kadrın uğurlu olduğunu düşünənlər də az deyil. Məsələ burasındadır ki, hər hansı uğurlu kadr seçiminin demək olar ki, çökmüş təhsil sistemini təkbaşına dirçəldəcəyinə inanmaq üçün həddindən artıq optimist olmaq lazımdır.Təbii ki, dünya təcrübəsində də öz postunu layiqincə təmsil edən gənc kadrlar nümunəsinə rast gəlmək olar. Amma onu da qeyd etmək yerinə düşər ki, M.Cabbarov bundan əvvəlki vəzifələrində də xüsusi uğuru və idarəetmə bacarığı ilə fərqlənməyib. Buna görə də ictimaiyyətin yeni nazirdən gözləntiləri elə də yüksək deyil… Təhsil sahəsi illərdir inkişaf etmək əvəzinə sürətlə geriləyir. Demək olar ki, onun bütün pillələrində qüsurlara, çatışmazlıqlara rast gəlməmək mümkün deyil. Azərbaycan təhsil sisteminin birinci pilləsi məktəbəqədər təhsil, sonuncu pilləsi isə ali təhsildir. Və bu pillələrin hər birində islahatlar aparılsa da, heç vaxt ciddi dəyişikliklərə nail olunmayıb. Məsələn, elə Bolonya prosesinə qoşulmağımız bizim üçün yaxşı şans ola bilərdi. Amma sözügedən proses bizdə geriləməyə səbəb oldu. Müəllim-tələbə mobilliyini nizama sala bilmədi, kredit sisteminə keçid isə korrupsiyaya yol açdı... Bu səbəblərdən dolayı, düşünürük ki, təhsil naziri olacaq adam, ilk növbədə, bu sahəni mükəmməl bilməlidir, təhsillə bağlı konkret proqramlara malik olmalıdır. Amma mövcud reallıq onu göstərir ki, təhsillə bağlı konkret proqram tətbiq olunmur. Düşünürük ki, kadrları dəyişib sistemi eynilə saxlamaqla heç nəyə nail olunmayacaq. Təhsil nazirinin kimliyindən asılı olmayaraq bu cür şərtlərlə Azərbaycan təhsilinin problemini qısa müddətdə çözmək mümkün görünmür. Bizə isə bircə ümid etmək qalır ki, yeni nazir tədricən də olsa, təhsil sahəsində rast gəlinən çatışmazlıqları aradan qaldırmağa nail olsun… Azərbaycanda sürətlə inkişafdan geri qalan sahələrdən birinin təhsil olduğunu söyləsək yanılmarıq. Xüsusilə də, son onillik ərzində adıçəkilən sahədə elə bir pillə yoxdur ki, orada natamamlığa, yarıtmazlığa və ümumiyyətlə təhsilə aidiyyatı olmayan məsələlərə rast gəlinməsin. Qəribədir, klavyaturanın şriftləri əlimin altındadır və mən əslində mövzunu rahat yazmalı olduğum halda çox çətinlik çəkirəm. Nədən ki, təhsil sistemində olan çatışmazlıqların hansından başlayıb, hansında qurtaracağımızı təyin etməkdə acizlik çəkirik… Elə bu səbəbdən də sözügedən mövzunu üç hissəyə bölərək Azərbaycan təhsilinin dünəni, bu günü və sabahını işıqlandırmağa çalışacağıq… Azərbaycanın təhsil sisteminin birinci pilləsi məktəbəqədər təhsil, üçüncü pilləsi isə ali təhsildir. Məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün nəzərdə tutulan ərzaq məhsullarının mənimsənilməsindən, təlim-tərbiyənin aşağı səviyyədə olmasından dəfələrlə yazılıb. Amma burada ən acınacaqlı hal odur ki, hələ kiçik yaşlarından bu körpələrin beyninə korrupsiyanın nə olması barədə rüşeymlər səpilir. Artıq bu balaca şəxsiyyətlər müəllimə mütləq bahalı hədiyyə alınmalı olduğunu, ona daha yaxşı baxılması üçün valideyninin daima əlinin cibində olmasının “vacib”liyini dərk edir. Bu proses illər keçdikcə təhsilin daha yuxarı pillələrinə, daha sonra həyatın bütün sahələrinə qədər onların yaşam fəlsəfəsinə çevrilir. Bu prosesə tab gətirməyənlər isə başqa çıxış yolu axtarırlar. Necə ki, yaxın günlərdə məktəbli bir qızın sinifdə qanunsuz halda yığılan rüşvəti verə bilməməsi səbəbindən özünü pəncərədən ataraq intihar etməsi kimi… Orta məktəblərdə kişi müəllimlərin sayı barmaqla göstəriləcək qədərdir və günü-gündən azalır. Burada çalışan müəllimlərin 80 faizə yaxını qadınlardır. Demək olar ki, kişilər kütləvi şəkildə məktəbləri tərk ediblər. İş o həddə çatıb ki, ali məktəblərin müəllimlik ixtisasını qazanan tələbələr bunu utanc bir hal sayır, həmin ixtisası başa vurub diplom alsalar belə, məktəbdə çalışmırlar. Orta məktəblərdə təhsil mühiti bərbad haldadır. Müəllim-şagird münasibətləri tamamilə nəzarətdən çıxıb. Sosial şəbəkələrdə paylaşılan videolardan da bunu aydınca görmək mümkündür. Bura ya müəllimin şagirdləri sıraya düzüb sillələməsi, ya da şagirdlərin müəllimin qarşısında davranış qaydalarını necə tapdaması epizodlarını misal gətirmək olar. Məktəb yalnız sənəd xatiri üçün gəlib-gedilən formal bir məkana çevrilib. Bəlkə də bir çoxlarının bahalı maşınlarını, mobil telefonlarını, paltarlarını (baxmayaraq ki, Bakı Baş Təhsil İdarəsi məktəblərdə vahid forma geyinilməsini tətbiq etmək istəyir. İstəyir deyirik çünki, hələlik bu məqsədə nail olmayıb red. Y.B.) göstərəcəyi bir podiuma çevrilib. Əvəzində hazırlıq kursları, repetitorluq ön plana çıxıb. Təsadüfi deyil ki, tələbə qəbulu zamanı məktəb qiymətləri ilə abituriyentin göstərdiyi nəticələr tərs mütənasiblik təşkil edir. Son illər məktəblərin yenidən tikilməsi, təmir işləri aparılır. Amma içində tədris olmayan bir məktəbin, divarlarının təzə olması nəyi dəyişdirir ki!? Axı bəlli bir zamandan sonra şagirdə beynindəki bilik lazım olacaq, bir neçə funksiyalı lövhələr yox… Azərbaycanda orta məktəb məzunlarının əksəriyyəti ali məktəbə daxil olmaq istəyir. Böyük əksəriyyət peşə təhsilinə yiyələnmək istəmir. Reallıq isə ondan ibarət olur ki, cəmiyyətin bu kateqoriyası əmək bazarında özünə müvafiq iş tapmaqda çətinlik çəkir. Azərbaycan ali məktəbləri dünya universitetlərinin reytinq cədvəllərində axırıncı yerləri tutur. Baxmayaraq ki, neçə ildir Bolonya prosesinə qoşulmuşuq və bu dünya universitetlərinin inkişafında əhəmiyyətli yer tutur. Bizdə isə əksinə, inkişafa mane olan bir prosesə çevrilib. Hətta mütəxəssislər bu prosesi korrupsiyaya yol açan bir məsələ kimi göstərir. Bolonya müəllim-tələbə mobilliyini nizama sala bilmədi, kredit sisteminə keçid isə korrupsiyaya rəvac verdi… Təhsil sahəsində olan qüsurların kiçik bir qismini diqqətinizə çatdırdıq. Əksəriyyət nöqsanların yaranma səbəblərini yarıtmaz kadr problemində görür. Nəhayət, neçə illərdir gözlənilən bu addım atıldı və təhsil naziri vəzifəsinə yeni kadr təyin olundu. Xatırladaq ki, 15 ildir təhsil naziri vəzifəsini icra edən Misir Mərdanovu, “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Mikayıl Cabbarov əvəz etdi. Hazırda yeni nazir M.Cabbarovla bağlı ən çox müzakirəyə səbəb olan məqamlardan biri onun təhsil sisteminə yad biri olması ilə bağlıdır. Təbii ki, bunun əksini düşünərək seçilmiş kadrın uğurlu olduğunu düşünənlər də az deyil. Məsələ burasındadır ki, hər hansı uğurlu kadr seçiminin demək olar ki, çökmüş təhsil sistemini təkbaşına dirçəldəcəyinə inanmaq üçün həddindən artıq optimist olmaq lazımdır. Yeni təhsil nazirinin bu sahəyə yad adam olması ilə bağlı fikirlərə münasibət bildirən Milli Məclisin elm və təhsil komitəsinin sədri, İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirib ki, M.Cabbarovun təhsillə bağlı adam olmaması onun normal fəaliyyətinə problem yaratmaz: “Təcrübə göstərir ki, bəzən təhsildə olan adamlar vəzifəyə çəkildikdə özünü doğrultmur. Bəzən görürsən ki, başqa sahənin adamı vəzifəyə təyin olunandan sonra tamamilə başqa bir islahatlar başlayır. Başqa bir ab-hava, mühit yaranır. Mikayıl Cabbarov normal təhsil alıb, Amerika təhsili görüb, bizim təhsili görüb. Hüquqşünasdır, iqtisadçıdır. Hesab edirəm ki, cavan, enerjili bir kadrdır. Həm də problemlərə qarşı hamılıqla çalışmalıyıq. Bu gün rektorlar da maraqlıdır ki, təhsilə üzqaralığı gətirən problemlər həllini tapsın”. Təhsil eksperti Əlövsət Osmanlının fikrincə, M.Mərdanovun bu sistemdən getməsi təhsil üçün uğurdur: “Misir Mərdanov çalışdığı 15 il ərzində dağıdıcı təhsil naziri kimi tanınıb. İnsanların neçə nəslini təhsildən məhrum qoyub. Tədris planları, təhsil proqramları darmadağın edilib. Hazırda Azərbaycan təhsilinin məzunu sıfır dərəcədədir. Arzu edərdim ki, elə birinci iş təhsilin məzmunca qaldırılması olsun, islahatlar aparılsın. Çünki 1999-cu ildə gözəl bir islahat proqramı qəbul olunub, amma Misir Mərdanov bu islahatda deyilənlərin əksinə gedib”. Sabiq təhsil naziri Firudin Cəlilovun fikrincə isə bu vəzifəyə kim gəlir-gəlsin Azərbaycan təhsilinin problemini qısa müddətdə çözə bilməyəcək: “Ümumiyyətlə, bu gün kimi təhsil naziri qoysan, adıçəkilən sahədə hər hansı çevriliş mümkün deyil. Çünki bu rejim təhsili elə bir günə salıb ki, düzəlməsinə illərlə vaxt lazımdır”. Hazırda isə yeni nazirin vəzifəyə gəldiyi bu qısa dönəmdə təhsil sahəsində nələri müşahidə etmək olar? Ən nəzərə çarpan hal müəllim və şagirdlərin dərs davamiyyətinin normala düşməsidir. Bundan əlavə, bütün tədris və təlim-tərbiyə müəssisələrində kadr islahatları gedir. Yeni maarif müdirləri, direktorlar vəzifəyə təyin olunur… Qeyd edilən bu dəyişikliklərlə təhsil sisteminin hansı uğurlar əldə edəcəyini görmək üçün zaman lazımdır. Amma onu da vurğulamamaq olmur ki, təhsil naziri olacaq adam ilk növbədə bu sahəni bilməli, əlində təhsillə bağlı konkret proqramı olmalıdır. Hazırda isə hökumətin belə təhsillə bağlı konkret bir proqramı yoxdur. Düşünürük ki, kadrları dəyişib sistemi eynilə saxlamaqla heç nəyə nail olunmayacaq. Təhsil nazirinin kimliyindən asılı olmayaraq bu cür şərtlərlə Azərbaycan təhsilinin problemini qısa müddətdə çözmək mümkün deyil. Çünki sistemdə kök atmış problemlər üzdə deyil, təhsil sahəsindəki yaralar daha dərindədir və bunun üçün problemləri kosmetik ört-basdır ilə yox, özəyindən çıxarıb atmaq vasitəsilə həll etmək mümkün olacaq. Ümid sonda ölər və biz güman edirik ki, yeni nazir bütün ictimaiyyətin ona olan gözləntilərini doğruldar. Tədricən də olsa təhsil sahəsində rast gəlinən çatışmazlıqları aradan qaldırmağa nail olar. Əksi halda biz Azərbaycan təhsilini, daha doğrusu, xalqı məhv olmaqdan xilas edə bilməyəcəyik. Çünki təhsilin məhvi elə millətin məhvi deməkdir…
Yasəmən Bağırova
REDAKSİYADAN: Dünən yeni təhsil naziri ilk təyinatını etdi. Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirliyin Aparat rəhbəri İlham Pirməmmədov yeni - ikinci müavin təyin edilib. Pirməmmədovun müavini hüquqşünas Mətin Eynullayevdir. Pirməmmədovun birinci müavini isə Nəzakət Hacıyevadır. Bu informasiyaya tək bir cümlə əlavə etmək qalır: Bu həmin İlham Pirməmmədovdur...
Sorğu
Yeni dizaynımız necədir?