Tofiq Yaqublu vəkili ilə türmədə ölkə gündəmini dəyərləndirib
İsmayıllı hadisələrinə görə şərlənərək həbsə atılmış Müsavat Partiyası başqanının müavini , “Yeni Müsavat” qəzetinin köşə yazarı, siyasi məhbus Tofiq Yaqublunun həbsinin 5 ayı tamam oldu. Bu günlərdə vəkili Əsabəli Mustafayev onunla saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb. Vəkil müvəkkili ilə görüşdən sonra əməkdaşımıza bildirib ki, onun səhhəti və saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Çoxdandır abunə yazılışı həyata keçirilsə də hələ də “Azadlıq” qəzetini ala bilmir və bundan narahat olur. İnformasiya aclığını abunəçisi olduğu “Yeni Müsavat” qəzeti ilə öldürür.
Vəkilin dediyinə görə, müvəkkili ilə qondarma cinayət işi ilə bağlı və həmçinin ölkədəki ictimai-siyasi vəziyyət haqqında da söhbət ediblər. Tofiq bəy iyunun 26-da Silahlı Qüvvələr Günü ilə bağlı hərbi paradı televiziya ilə canlı izləyib və bu barədə öz fikirlərini söyləyib. O, vəkilinə deyib: “Bir daha əmin oldum ki, bu hakimiyyətin milli dövlətçiliklə heç bir əlaqəsi yoxdur. Paradı səsgücləndiricilərlə həm Azadlıq meydanında, həm də televiziya tamaşaçılarına təqdim edən şərhçi-diktor 1918-ci il haqda bircə kəlmə də danışmadı, ancaq 1993-cü ildən bu yana olan dövr haqqında danışdı. Parad günü baş vermiş növbəti rüsvayçılıq isə ondan ibarət idi ki, meydandakı hərbçilər dövlət himnimizi oxuyarkən, nə dövlət başçısı, nə də tribunadakı yüksək rütbəli dövlət məmurları himni oxumadılar. Bu, dövlətimizin rəmzinə açıq-aydın həqarət və sayğısızlıq idi.
Ə.Mustafayev daha sonra əlavə etdi ki, Tofiq bəy qeyd edib ki, necə möhtəşəm, qüdrətli görünməsindən asılı olmayaraq hərbi paradın düşmənlərimizi qorxuya salacağını düşünmür: “İstəsələr ermənilər də bir bəhanə ilə tapıb İrəvanın mərkəzində hərbi parad keçirə və hərbi texnikalarını nümayiş etdirə bilərlər. Ancaq məsələ bundadır ki, son zamanlarda ölkə başçısı və xarici işlər naziri dəfələrlə bəyan ediblər ki, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı gedən sülh danışıqları heç bir səmərə vermir və məsələ sıfır nöqtəsindən tərpənməyib. Bu, o deməkdir ki, nə qədər danışıqlarda hər iki tərəfi eyni mahiyyətli hakimiyyətlər təmsil edəcək, problemin sülh yolu ilə həlli yoxdur. Dövrəyə xalqdan mandat almış iqtidar girməlidir. Ölkə başçısının “lazım gəlsə” mahiyyətli hərbi ritorikası da heç nəyi dəyişdirməyə qadir deyil. Belə ki, aydınca görünür, bu hakimiyyətin qalacağı təqdirdə növbəti 5 ildə də müharibə ehtimalı yoxdur. Çünki Azərbaycan iqtidarı qollarını cırmayıb 2015-ci ildə keçiriləcək Birinci Avropa Olimpiadasına hazırlaşır. Dünyanın super güclərindən asılı olan Azərbaycan kimi ölkənin həm olimpiada keçirməsi, həm də müharibəyə başlaması qeyri-real işdir. Bunlar 2015-ci ildə Avropanın ilk olimpiadasını keçirib yaxşı beynəlxalq nüfuz qazanmaq, sonra da həmin nüfuzu qoruyub saxlamaq üçün çalışırlar. 2015-ci ilin parlament, dalınca da 2018-ci ilin prezident seçkilərində hakimiyyəti qorumağı düşünürlər. Bir sözlə, bu hakimiyyətin yerli-dibli Qarabağı azad etmək niyyəti yoxdur”.
Vəkilin sözlərinə görə, Tofiq bəy ona daha bir məslə haqqında da öz fikrini bildirib. O, deyib ki, son vaxtlar ölkə başçısı və bir sıra iqtidar təbliğatçıları Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv olmasını, iqtidarın yürütdüyü siyasətin uğuru kimi təqdim edirlər. T.Yaqublu vəkilinə daha sonra bunları deyib: “Bu yaxınlarda Türkiyədə baş vermiş terror aktı ilə əlaqədar bu qurum adından verilmiş bəyanatın təşəbbüskarının və müəllifinin Azərbaycan olunmasını gözə soxaraq, ölkəmizin rolunu qabardırlar. Halbuki, bilənlər bilirlər ki, TŞ-nın daimi üzvlərindən başqa daimi olmayan üzvləri rotasiya qaydasında dəyişilir. Yəni sırası gələndə bu postda ölkəmizi başqa bir dövlət əvəz edəcək. İqtidar digər tərəfdən də BMT-ni Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnaməni reallaşdırmamaqda ittiham edir. Onda sual yaranır, bir halda ki, ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində hətta BMT-yə rəhbərliyi də ələ keçiribsiniz, onda nəyi gözləyirsiniz? Yerinə yetirin də həmin qətnamələri! Özünüz özünüzdən şikayət edirsiniz?”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?