Söyün Sadiqovdan Azərbaycan mətbuatına sensasiyali bayram təbriki “Totalitar rejimlərin siyasi xarakterləri dəyişmədikcə...”; “Medianın təsir gücü onun inandırıcılığında, müstəqilliyində və demokratikliyindədir” Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqov 22 İyul Milli Mətbuat günü münasibətilə Azərbaycan jurnalistlərinə təbrik ünvanlayıb.Təbrik mətnində deyilir:
“Əziz mətbuat nümayəndələri!
Azərbaycanda mətbuatın yaradılmasının 138-ci ildönümüdür. Böyük ziyalımız Həsən bəy Zərbabinin ərsəyə gətirdiyi “Əkinci” qəzetinin dərc olunmasını milad olaraq qəbul edən Azərbaycan ictimaiyyətibu tarixi Milli Mətbuat Günü kimi qeyd edir. Müasir çağımızda mətbuatın həm də söz və düşüncə azadlığının tribunası, məlumat alma hüququnun təminatçısı olduğunu nəzərə alsaq medianın milli dövlətçilik sahəsində nə qədər böyük əhəmiyyətə malik olduğunu, xalqların idarə olunmasında necə mühüm məna daşıdığını anlaya bilərik. Təsadüfi deyil ki, mətbuatın demokratik idarəetmə mexanizmində oynadığı bu mühüm rola görə onu hakimiyyətin dördüncü qolu adlandırırlar. Mətbuat ictimai həyatın bütün sahələrini işıqlandıran, ölkənin istənilən güşəsində baş verən hadisələri ictimaiyyətin diqqətinə çatdıran, dolayısıyla, gündəm yaradan və poblemlərin həllində aktiv rol oynayan qurum olduğundan, xüsusilə informasiya əsri adlanan indiki dövrdə, hakimiyyətin digər qanadlarından daha mühüm funksiyanı həyata keçirir, dövlət siyasətini müəyyənləşdirən əsas vasitəyə çevrilir. Əlbəttə ki, bu, demokratik rejimlərdə belədir. Anti-demokratik, totalitar və yarı-totalitar rejimlərdə isə media, hakimiyyətin digər qanadlarından asılı vəziyyətdə olduğundan öz həqiqi funksiyasını yerinə yetirə bilmir, əksinə despotik hakimiyyətlərin xalqlar üzərində təzyiq vasitəsi kimi çıxış edir.
Əziz media nümayəndələri!
Medianın müasir çağımızda daşıdığı ictimai əhəmiyyət yalnız ölkələrin daxili siyasi xarakterini müəyyənləşdirməklə də qalmır, o, həm də bu dövlətlərin beynəlxalq imicini və təsir gücünü formalaşdırır. Dünyanın bir sıra ölkələrində baş verən hadisələr sübut edir ki, müstəqil və demokratik mətbuat ölkələrin bir nömrəli strateji silahlarıdır. Totalitar rejimlərin buxovladığı yerli mətbuat orqanları dünyanın qlobal informasiya kanalları ilə rəqabət apara bilmədiklərindən zəifləyir, hətta öz əhatə dairəsində belə ictimai rəy yaratmaqda çətinlik çəkir və həmin dövlətlər informasiya siyasətində digər qlobal güc mərkəzlərinə uduzduqlarından onların təsiri altına düşürlər. Bu isə həmin dövlətlərin tənəzzülünə səbəb olur. Hazırda bütün ərəb coğrafiyasını bürüyən inqilabi proseslər, kütləvi iğtişaşlar totalitar rejimli ölkələrin öz siyasi xarakterinə uyğun formalaşdırdığı informasiya siyasətilə bir başa əlaqədardır. Sirr deyil ki, sözügedən inqilabi proseslərin mərkəzində bir sıra qlobal kütləvi informasiya vasitələri durmuşdur və bu KİV-in heç də hamısı hərbi və iqtisadi cəhətdən dünya ağalığına can atan super dövlətlərə məxsus media qurumları da deyildi. İstər hərbi, istər insan gücü, istərsə də iqtisadi potensialına görə Misirdən, Liviyadan qat-qat zəif vəziyyətdə olan Qətərin Əl-cəzirə telekanalının “ərəb baharı” hərəkatlarında oynadığı xüsusi rol qlobal informasiya kanallarıyla rəqabət apara bilən medianın hər hansı bir ölkənin ən böyük strateji silahı olması fikrini bir daha sübut edir. Təəssüf ki, totalitar rejimlərin siyasi xarakterləri dəyişmədikcə bu cür güclü media qurumları yaratmaq mümkün deyil. O səbəbdən ki, medianın təsir gücü onun inandırıcılığında, müstəqilliyində və demokratikliyindədir.
Əziz media nümayəndələri!
Göründüyü kimi, sizin varlığınız və imkanlarınızın daha da artırılması, müstəqil, demokratik bir mühitdə fəaliyyət göstərməniz yalnız ölkənin söz və vicdan azadlığının təminat altına alınması mənasına gəlmir. Bu həm də getdikcə qlobal güclərin təsir dairəsinə düşən dünyada xalqımızın və onun siyasi iradəsi olan Azərbaycan dövlətinin milli təhlükəsizlik, müstəqilliyini qorumaq məsələsidir. Odur ki, Azərbaycanın bir dövlət kimi mövcudluğu, yaxın qonşularıyla dinc və əmin-amanlıq şəraitində yaşaması, ölkədə demokratik təsisatların yaranması və inkişaf etməsi kimi vacib məsələlərdə siz media nümayəndələrinin çiyinlərinə böyük vəzifələr düşür. Azərbaycanın yaxın qonşusu olan Rusiya Federasiyası da yüzillik tarixə söykənən qarşılıqlı əlaqələrimizi əsas götürərək Azərbaycanın milli təhlükəsizliyini, demokratik inkişafını özünün milli və strateji maraqlarının vacib bir hissəsi hesab edir və bu çətin işdə hamınıza müvəffəqiyyətlər arzulayırıq.
Söyün Sadikov Rusiya Federasiyası prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi”
Sorğu
Yeni dizaynımız necədir?