Avqust ayının 13-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri bölgənin əsas gündəm mövzusu olub. Azərbaycana işçi səfərə hərbi gəmilərlə gəlməsi bir çox siyasətçilər tərəfindən Azərbaycana təzyiq kimi qiymətləndirilsə də, bəziləri bunun sadəcə mühafizə üçün olduğunu bildirib.
Məsələylə bağlı Etatist.com-un suallarını cavablandıran Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə, Putinin hərbi gəmilərlə səfərinin Azərbaycana növbəti təzyiq olduğunu bildirdi:
"Azərbaycan hakimiyyəti anlayır ki, onun gələcək qarantı Rusiya dövləti deyil, Qərbdir, Avropa dövlətləridir"
"Bu, Azərbaycana təzyiqin növbəti mərhələsidir. Putin Rusiyanın regionda güc olduğunu və maraqlarından vaz keçmədiyini bir daha nümayiş etdirir. Ona görə də artilleriya qurğuları, raket qurğuları yerləşdirilmiş hərbi gəmilərlə gəlib. Bunun adını kimsə dostluq qoya bilər, amma bu, şəkildə dostluq olmur. Güman edirəm ki, üzdə nə qədər gülümsəsələr də, əslində, hər kəs hansı problemi yaşadığını, hər kəs nə istədiyini yaxşı bilir. Rusiya konkret olaraq Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istəyir".
Azərbaycanın Abrasiya İttifaqına qoşula biləcəyi ehtimalının olduğunu deyən İ.Ağazadə, "Çünki Azərbaycanın mövcud hakimiyyəti qədər Rusiya hakimiyyətinə yaxın siyasi qüvvə yoxdur. Amma bugünkü şərtlər daxilində Azərbaycan hakimiyyəti anlayır ki, onun gələcək qarantı Rusiya dövləti deyil, Qərbdir, Avropa dövlətləridir. Bu baxımdan özünü düşünərək bu proseslərə qatılmamaq şansı daha çoxdur".
"Bu görüş önəmli nəticələr verəcək"
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı isə Putinin səfərinin məqsədini ölkələr arası münasibətin daha da enişlənməsi olduğunu bildirdi:
"Rusiya Azərbaycana xüsusi önəm verir. Rusiya Azərbaycandakı sabitliyi, iqtisadi inkişafı və onun digər sahələrdə, eləcə də beynəlxalq səviyyədə əldə etdiyi uğurlarını nəzərə alaraq Qafqazda lider dövlətə çevrilən Azərbaycanla münasibətlərini daha yaxşı, daha yüksək səviyyədə qurmaq meylini ortaya qoyur. Azərbaycan da hər zaman Rusiya ilə münasibətlərə ciddi önəm verib, çünki Rusiya kifayət qədər geniş imkanlara malik, güclü ölkədir. Buna görə də Azərbaycan Rusiya ilə münasibətlərin yüksək səviyyədə qurulmasında maraqlı olub. Qarşılıqlı maraq, qarşılıqlı faydalı münasibətlər hər iki dövlətin maraqlarına uyğun gəlir və bu müstəvidə düşünürəm ki, bu görüş önəmli nəticələr verəcək, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin yeni mərhələsinin başlanğıcını qoyacaq".
Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı isə Putinin səfərinin seçkilərlə bağlı ola biləcəyini dedi:
"Putinin vaxtından əvvəl Azərbaycana gəlməsi seçkilərlə bağlı ola bilər. İlham Əliyev bununla Rusiyanın onun arxasında durduğunu cəmiyyətə çatdırmaq fikrində ola bilər. Putinin hərbi gəmilərlə gəlməsi Azərbaycana müdaxilə deyil, sadəcə mühafizə baxımından düşünülmüş addımdır".
"Putinin səfərinin məqsədi Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarılmasına cəhddir"
Politoloq Ərəstun Oruclu bu səfərin Azərbaycanı Rusiyanın təsir dairəsinə qaytarılmasına cəhd olduğunu bildirdi:
"Təbii ki, üzdə danışılan söhbətlər, əldə olunan anlaşmalar müqavilələr və s. bunlar hamsı öz yerində. Amma belə səfərlər zamanı əsas məsələlərin müzakirəsi üzbəüz söhbətlərdə baş verir. Rusiya Prezidenti Vladimir Putini müşayət edən nümayəndə heyyətinin tərkibi artıq bir çox məsələlərdən xəbər verir. Ümümiyyətlə Putinin Bakıya səfərinin stili çox maraqlıdır. Hərbi gəmidə Bakı buxtasına daxil olmasının özü artıq rəsmi Bakıya bir mesajdır və mən heç də deməzdim ki, bu xoşməramlı bir mesajdır. Vladimir Putini müşayət edən rəsmilərin arasında 3 güc struktur naziri var: müdafiə naziri, daxili işlər naziri və fövqəladə hallar naziri. Digər tərəfdən Rusiyanın iri investisya şirkətinin rəhbərləri də Putini müşayət edir. Bununla Rusiya göstərmək istəyir ki, biz hansı sferalarda Azərbaycanla tərəfdaşlıqların önə çıxmasını istəyirik. Azərbaycan həm hərbi strateji sahədə, həm enerji əməkdaşlığı sahəsində artıq Rusiyadan xeyli dərəcədə uzaqlaşıb. Putinin seçkiqabağı səfərini bu şəkildə həyata keçirilməsi, heç də təsadüfi deyil. Yəni Rusiya faktiki olaraq mədəni şəkildə Azərbaycanı təhdid edir".
Sorğu
Yeni dizaynımız necədir?