Bu ilin iyulunda Azərbaycan jurnalistlərinin VI qurultayında Mətbuat Şurasının yeni tərkibi seçildi Beynəlxalq Əlaqələr Komissiyası millət vəkili Cavanşir Feyziyevə həvalə edildi. Deputat mətbuata açıqlamalarında qeyd etdi ki, bu komissiya Azərbaycan həqiqətlərinin dünyaya çıxarılması, Azərbaycan jurnalistikasının beynəlxalq jurnalistika səviyyəsinə qaldırılması və s. məsələlər üçün mühüm addımlar atacaq. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycanın torpaqları 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. İndi Qarabağ məsələsi regional deyil, beynəlxalq problemə çevrilib. Təbii ki, bu məsələdə medianın da üzərinə böyük yük düşür. Bununla bağlı komissiya hansı işləri görəcək?
Modern.az saytı komissiyanın rəhbəri, millət vəkili Cavanşir Feyziyevə müraciət edib. Millət vəkili bununla bağlı qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə, keçirdiyi bütün görüşlərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin iradəsini birmənalı şəkildə ortaya qoyub. Bu da ondan ibarətdir ki, Azərbaycanın bir qarış torpağı danışıqlar mövzusu ola bilməz və Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək”.
Cavanşir Feyziyev bildirib ki, bu məsələ ilə bağlı Azərbaycan cəmiyyəti də iş görməlidir:
“Bu məsələdə medianın üzərinə çox böyük yük düşür. Bu problemin milli maraqlarımıza uyğun olaraq həlli üçün hər kəs çalışdığı sahədə öz işini ləyaqətlə yerinə yetirməlidir. Azərbaycanın xarici siyasətində əsas prioritet Qarabağ məsələsidir. Biz də bu məsələdə bir vətəndaş olaraq həm üzərimizə düşən işin öhdəsindən gəlməliyik, həm də əməlimizlə dövlət başçımıza dəstəyimizi verməliyik”.
Komissiya rəhbəri deyib ki, Qarabağ məsələsində Azərbaycan mediası müəyyən işlər görür və demək olmaz ki, mətbuat Qarabağı tamam unudub: “Ancaq hesab edirəm ki, bu istiqamətdə görüləcək işlər də çoxdur. Ona görə də düşünürük ki, biz bu istiqamətdə ciddi işləməliyik. Onu deyə bilərəm ki, bununla bağlı ciddi və böyük layihə üzərində işləyirik”.
“Layihədə hansı işlərin görülməsi nəzərdə tutulur” sualına deputat cavab olaraq bildirib ki, komissiya yeni tərkibdə təşkil olunduqdan sonra fəaliyyət peşəkar yanaşma metodologiyası istiqamətində qurulur.
“Bir daha vurğulamaq istəyirəm, fikrimiz ondan ibarətdir ki, Qarabağla bağlı Azərbaycan mediası daha çox iş görə bilər. Yaxın zamanlarda Azərbaycanın media ictimaiyyəti ilə birlikdə məsələni müzakirə edəcəyik. Əminəm ki, gözə çarpacaq irəliləyişlər əldə edəcəyik. Layihə barədə həmin müzakirələrdə geniş məlumat veriləcək”.
Sorğu
Yeni dizaynımız necədir?