Gəncənin icra başçısı hansı pullarla Türkiyədən sənətçilər gətirdir?
Bu il Gəncədə keçiriləcək “Gül bayramı”na Türkiyənin iki məşhur müğənnisi dəvət edilib. Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, məşhur pop müğənniləri Mustafa Ceceli və Hadisə Gəncədə təşkil olunacaq konsertdə çıxış edəcək. Səhnəyə ilk olaraq, Mustafa Ceceli sonra Hadisə çıxacaq. Qeyd edək ki, keçən ildən fərqli olaraq bu ilə bayram şənlikləri Heydər Əliyev park-kompleksində 7 may tarixində keçiriləcək. Gəncə şəhər İcra Hakimiyyətinin Heydər Əliyevin doğumunun 91 illiyi münasibəti ilə təşkil etdiyi konsert AzTv tərəfindən canlı yayımlanacaq. Onu da qeyd edək ki, Elmar Vəliyev icra başçıları arasında hər zaman ulduz müğənni sevdalısı kimi yadda qalıb. Daxil olan məlumata əsasən, Gəncənin icra başçısı bu tədbirləri təşkil etmək üçün nə az, nə çox 2 milyon manata yaxın pul xərcləməli oldacaq. Aldığımız informasiyalara əsasən, E.Vəliyev bu pulu rayonda pullu məmurlar və iş adamları arasında siyahı şəkilində bölüşdürüb. Tədbirin Ümummilli liderin doğum günündə, məhz “Gül bayramı” günü deyil, 3 gün öncə keçirilməsi də maraq doğurur. Buna səbəb mayın 10-da AzTV-da canlı yayımlanmanın mümkün olmaması göstərilir. Gəncə şəhər İcra Hakimiyyətindəki mənbəmiz bildirir ki, hətta AzTV-də canlı yayım almaq üçün birbaşa olaraq Arif Alışanovla danışıqlar aparılıb. Ehtimal olunur ki, Elmar Vəliyev hətta bu efir zamanını almaq üçün şirinlik də verib. Məlumatlarda həmçinin bildirilir ki, Hadisənin Gəncəyə gətirilməsi üçün Bakıda yerləşən məşhur prodakşnlardan birinin vasitəçiliyindən istifadə edilib. Hadisə ilə aparılan danışıqlardan sonra məlum olub ki, Türkiyəli sənətçi Gəncəyə 1.5 milyon manat qonararın müqabilində gəlməyə razılıq verib. Mustafa Ceceliyə isə yarım milyon manat qonarar verilməsi məsələsi razılaşdırılıb. Qeyd edək ki, adətən dövlət səviyyəsində təşhkil edilən belə tədbirlər üçün büdcədən vəsaitlərin ayrılması nəzərdə tutulur. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin Mədəniyyət və Turizm İdarəsinin hesabında Hadisə və Mustafa Cecelini Bakıya gətirmək üçün 2 milyon manat vəsaitin ayrıldığına dair heç bir rəsmi informasiya yoxdur. Azərbaycanda icra başçılarının nə qədər əmək haqqı aldığı da hər kəsə bəllidir. 800 manata yaxın bir məbləğlə Türkiyənin dünya şöşrətli müəğənnilərini dəvət edib, heç onların yol xərclərini belə qarşılamaq mümkün deyil. Əslində Elmar Vəliyev dəfələrlə yaxınındakı adamlarına bildirib ki, Gəncəyə məşhur sənətçiləri öz şəxsi vəsaiti ilə gətirir. Əcaba biznes fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulan bir icra başçısının bu qədər şəxsi vəsaiti hardandır görəsən… Hazırda əməkdaşlarımız araşdırma apararaq cari il üçün Gəncə şəhərində dövlət tədbirlərinin, bayram şənliklərinin təşkili üçün büdcədən nə qədər vəsaitin ayrıldığını və bu vəsaitlərin hansı istiqamətlər üzrə nəzərdə tutulduğunu müəyyən etməyə çalışır. Bizi izləyin. R.Əlicanlı
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?