Hələ Sovetlər dönəmindən başlanan Rusiyaya işləməyə getmə tendensiyası bu gün də davam etməkdədir. Eyni zamanda bu insanların daha çox gənclər olması da hamıya məlumdur. Əlavə edək ki, həmin gənclərin qeyri-müəyyən vaxta Rusiyaya getməsini də hamımız bilirik. Həm də onu bilirik ki, Azərbaycanda qalanlar o insanların talehindən bixəbər şəkildə onlara ümid işığı kimi baxırlar. Yəni, Putinin hərbi-siyasi liderlik etdiyi ölkəyə gedən şəxs yaxşı qazanc gətirəcək, özünə ev-eşik düzəldəcək, qohum-əqrabada yetim-yesirə əl tutacaq, kəndin ən gözəl-göyçək qızını alacaq, kəndin cavanları üçün iş təminatçısı olacaq, birdən gəlib kəndin kommunal xərclərini bağlayacaq, kənddəki işsizləri (bunların sayı onsuz da çoxdur) elə həmin Rusiyaya aparacaq ki, o da al-ver edib (daha çox rast gəlinən məşğuliyyət) pul qazansın və ən azı həmkəndlisi kimi olsun. Bunlar hamısı arzudur təbii ki... Əlavə olaraq biz arvad-uşağını qoyub gedən, nişanlısını qoyub gedən, qoca ata-anasını qoyub gedən və s. yerlilərimizi də bunun üstünə gəlsək və bir anlığa fikirləşsək ki, bizim ölkədə həmin arzuları reallaşdırmağa şərait yoxdur, deməli, Rusiyaya getmək çox yaxşı variantdır. Təbii ki, Avropaya və ya Amerikaya getmək daha yaxşı olardı, amma çətindir... Rusiyaya isə sənədsiz getmək də olar, orada yaşamaq da.! Amma sadəcə fiziki yaşamaq o qədər də asan deyil... Bununla belə, bizim valideynlərimiz övladlarımızın Rusiyada hansı çətinliklərə düçar olacağını, hansı işlə məşğul olacağını, necə istirahət edəcəyini, hansı şəraitdə yaşayacağını, nə vaxt geri dönəcəyini ağıllarına da gətirmirlər. Bizim böyüklər (valideynlər və həm də siyasi böyüklər) heç vaxt düşünmürlər ki, Rusiyanın istənilən yerində kriminal qaydalar hökm sürməkdədir. İnsanlar problemlərini hüquq müstəvisində deyil, kriminal avtoritetlər müstəvisində həll edirlər. Rusiyanın istənilən iaşə obyektlərində hər gecə yüzlərlə kriminal hadisələr baş verir və adamlar öldürülür. Öldürülənlərin isə 95%-i azərbaycanlıların da daxil olduğu qeyri-ruslardır. Axı, Rusiyada millətçı gənclər topa-topa gəzərək əllərinə düşən qeyri-rusları yerindəcə öldürürlər. Mən hələ işdə texniki-təhlükəsizlik məsələsini, məzuniyyət məsələsini, qeyri-normal iş şəraitini, qeyri-qanuni məşğuliyyəti, zərərli vərdişləri, alkoqolizmi, narkomaniyanı və s. demirəm. Amma hamı bilir ki, Rusiyaya gedən bütün gənclərimiz sözün əsl mənasında əxlaqsızlıqla məşğuldur və ən azı alkoqolizmdən qaça bilmirlər. O ölkədə rus qızlarıyla yaşamaq həm də bizim cəmiyyətdə olduqca normal sayılır və artıq bu bir dəyərə çevrilməkdədir. Azərbaycanda qalan həmin şəxsin ailəsi isə bunları bilə-bilə həsrətlə ər yolunu gözləyir. Amma bəla bununla bitmir; Azərbaycanda qızlar və onların valideynləri Rusiyada uzun müddət yaşayan və “AZƏRBAYCANDA EVLİ OLMAYAN” oğlanın qayıdaraq onun evinə “elçi” düşməsini həsrətlə gözləyirlər. Bəzən gözlənilən OĞLAN-KİŞİ 40 yaşına çatsa da, valideynlər qızı məhz həmin şəxsə ərə verirlər. 17-25 yaş arası qızlar isə evləndikdən bir ay sonra yenidən ərsiz qalırlar və gənc gəlinlər kənddə özlərinin təbii sexual tələbatlarını ödəmək üçün ya əxlaqsızlıqla məşğul olurlar, ya psixoloji sarsıntı keçirirlər, ya da qaynata və qaynananın “sevimli qulluqçusu”na çevrilərək bədbəxt olurlar. OĞLAN-KİŞİ ƏR isə yenə də Rusiyaya gedir. Çünki, “DOLANIŞIQ” oradan gəlir. Bütün tarixi boyu xoş olmayan nümunələr göstərən Rus mühiti bu gün də bizə bu “dəyərləri” aşılayır. Biz isə qeyri-ixtiyari olaraq prosesin qurbanına çevrilmək ərəfəsindəyik. Çünki, iqtisadi durumumuz və yaşayış səviyyəmiz bizə alternativ buraxmır. Hökumətin isə bu barədə düşünməyə marağı yoxdur. Əgər marağı olsaydı Gürcüstan və Ukrayna kimi bizə də Avropa “ŞENGEN”i qismət olardı. Qismətimizə isə Rusiya düşür hələki...
Sorğu
Yeni dizaynımız necədir?