“Space” telekanalının aparıcısı Zamirə Dadaşovanın səhiyyə və məhkəmə orqanlarına başına gətirilənlərdən yazmışdıq. Teleaparıcı bildirmişdi ki, Z.Dadaşova qeyd edir ki, 3-cü hamiləliyi ilə əlaqədar 2011-ci ilin fevralında Yasamal rayonu 2 saylı qadın məsləhətxanasında hamiləliyinin 14-cü həftəliyində qeydiyyata götürülüb. Həkim Sona Aslanova analizlər əsasında hec bir problemin olmadığını bildirib: "Ürək bulanması, yüksək təzyiq, qasıq nahiyəmdə ağrılarım olsa da, bunları sahə həkimi hamilələliyin fizioloji amili hesab edib. Bu ağrılarla hamiləliyin 7-ci ayında, mayın 31- də Sona Aslanova yenidən USM müayinəsinə baxaraq heç bir problemin olmadığını, ağrıların təbii olduğunu dedi".
Ertəsi gün Z.Dadaşova dəhşətli ağrılarla Respublika Perinatal Mərkəzə müraciət edib. Orada götürülən analizlərdən sonra anaya “HELP” sindromu, preaklampsiya diaqnozu qoyulur. Perinatal Mərkəzdə doğuşdan sonra ölümcül vəziyyətdə olan aparıcı 8 gün reanimasiyada yatandan sonra Gömrük Hospitalına köçürülür. Bu günə kimi də həmin klinikada vaxtaşırı müayinə olunur.
Z.Dadaşovanın ümidlərini Yasamal rayon Məhkəməsi də puça çıxarıb. Aparıcının sözlərinə görə, məhkəmənin ədalətli olacağına inanıb: “Tibbi ekspertizanın "düzgün müayinələr aparılmış olsaydı, uşaq ölümü olmazdı" ifadəsinə, övladını itirən ananın bundan sonra ana ola bilməyəcək faktına və bütün bu hadisələrin mənim psixoloji durumuma təsirini nəzərə alsaq, məhkəmənin qərarını anlaya bilmirəm. Cünki yaşadıqlarım nəinki mənim dünyasını dəyişən övladıma, həm də anasız qala biləcək iki oğluma qarşı edilənlərdir. İki ay bundan əvvəl məhkəmənin qərarı elan olunsa da, bu günə qədər qərarı ala bilmirəm”.
Məhkəmənin niyə ədalətsiz qərar çıxarması ilə bağlı Musavat.com-a yeni informasiya daxil olub. Məlumata görə, hər şey 2 saylı qadın məsləhətxanasının baş həkiminin qohumluq əlaqələri ilə bağlıdır. Baş həkim vaxtilə səhiyyə nazirinin birinci müavini olan və dünyasını vaxtsız dəyişən Sərdar Kərimovun həyat yoldaşıdır. Sərdar Kərimov, eyni zamanda, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidməti) sədri İnam Kərimovun əmisidir. Məlumatı redaksiyamıza ötürən mənbə bildirib ki, Yasamal rayon məhkəməsinin hakiminin qərarında məhz bu faktorlar rol oynayıb. Hakim özü də etiraf edib ki, ədalətli qərar çıxarmağa gücü çatmır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?