Vidadi İsgəndərli: “2012-ci ilin 8 avqustunda tibbi müayinə zamanı 256 məhkumda vərəm aşkar edildi”
Bir il doqquz ay öncə həbs edilən hüquq müdafiəçisi Vidadi İsgəndərli də prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılan səkkiz siyasi məhbusdan biridir. Beynəlxalq Aministiya Təşkilatının vicdan məhbusu elan etdiyi Vidadi İsgəndərli qəzetimizin 2012-ci ilin sonuncu sayı üçün müsahibə verib. O, başına gətirilənlərdən bəhs edib, eləcədə cəzaçəkmə müəssisələrində baş verənlərdən danışıb.
- Vidadi müəllim, özünüzü azadlıqda necə hiss edirsiniz? - Bilmirəm necə deyim ki, bir qədər fikirlərim obyektiv olsun. Sözsüz ki, bu hissləri, məhbus həyatını yaşamaq lazımdır. Yəni ən azından bəlkə də nisbi azadlığın qədrini bilmək üçün həbsxanaya düşmək lazımdır. Azadlığa çıxandan sonra insanın hansı hisslər keçirdiyini duymaq lazımdır. Bunu isə sözlə ifadə eləmək bir qədər çətindir. Məhz bu xüsusatlara görə də hakimiyyət çox gözəl bilir ki, insanları tutmaq, incitmək və həbsxanaya atandan sonra onlar bir daha həbs olunmaq istəmirlər. Ona görə ki, bundan sonra azadlığın qədrini bilirlər. Amma nəzərə almaq lazımdır ki, siyasi və vicdan məhbusları ilə digər cinayət törədən məhbusların azadlığa çıxmasında fərq var. Fərq ondadır ki, mən heç bir cinayət törətməmişdim. Ona görə azadlığa çıxan kimi bəyan etdim ki, mən həbsxanada olmamışam. Sadəcə olaraq bu hakimiyyət tərəfindən girov götürülmüşəm. Dekabrın 26-da da girovluqdan azad edilmişəm. Və səmimi deyirəm ki, mən oradan azad edildikdə girovluqdan azad olmağın hissini keçirdim.
- Həbsdən çıxandan sonra kimi görməyə tələsdiniz? - Bilirsinizmi, səmimi deyim ki, mən hüquq müdafiəçisi kimi işimə çox bağlıyam. Mənim çoxlu əqidə dostlarım, jurnalist qardaşlarım var. Fərdi götürsək, mən ilk olaraq 87 yaşlı anamı görmək istəyirdim. Çünki mən həbsdə olanda anam xəstə idi. Pentensiar Xidməti və hakimiyyət orqanları insani hissiyyət deyil, bu amildən istifadə etdilər. Mənə bildirildi ki, əgər ananı son dəfə görmək istəyirsənsə əfv yazmalısan. Onda hətta Pərviz Cəbrayıloğlu “Vudadi İsgəndərli manifesti” adlı köşə də yazdı. Mən həmin vaxt bildirmişdim ki, görün məni nə ilə sınağa çəkirlər, deyirlər ki, anannı görmək istəyirsənsə əfvə ərizə yaz. O zaman təbii ki, mən cavabımı verdim. Dedim ki, anamı çox görmək istəyirəm. Amma məni heç kəs qınamasın, bir kimsə mənə pis övlad deməsin. Ən əsası ona görə ki, kimlərsə məni qınayıb deyəcək ki, Vidadi İsgəndərli bir parça sözün ucbatından bu dünyada anasını görə bilmədi. Ancaq məni qınayanlar bilsinlər ki, əfv yazsam bu mənim əqidəmə, dostlarıma və azadlıqsevər xalqıma bir şərəfsizlik gətirərdi. Ona görə də, mən əfv ərizəsi yazmaqdan imtina etdim. Belə bir mövqeyi o zaman açıqlamışdım. Bu sözlərdən sonra, təbii ki, azad edildikdən sonra 87 yaşlı ağbirçək anamı və iki övladımı görmək istədim. Onu da deyim ki, bu müddətdə övladlarımda ciddi zədə almışdılar. Hətta hakimiyyət orqanlarının bəzi nümayəndələri orta məktəbdə övladlarımı “sizin atanız cinayətkardır” deyib incidirdilər. Övladlarımı da görmək istədim. Həm də istədim ki, onlar başa düşsünlər ki, ataları cinayətkar deyil, sadəcə olaraq bu bir siyasi mübarizədir.
- Vidadi müəllim, siz uzun illər cinayətkarlara qarşı mübarizə aparmısınız, prokurorluq orqanlarında çalışmısınız. Əsində sizi həbs edəndən sonra xüsusi cəzaçəkmə müəssisəsinə göndərməli idilər. Amma bu baş vermədi. Bəs sizə qatı cinayətkarlarla bir yerdə olmaq çətin deyildimi? - Bilirsinizmi, mən sizə tam səmimi deyirəm. Ümumiyyətlə cinayətkar aləmdə bir nömrəli düşmən kimi “poqonu” görürlər. Yəni onlar üçün polis, prokurorluq işçisi və ya hərbçi olman fərq eləməz, əgər sən poqon taxmısansa cinayətkar aləmin düşmənisən. Bu birmənalı belədir. Fikir verin ki, hakimiyyət orqanları bunu gözəl bilir. Məhz ona görə də, qanunvericilik hüquq mühafizə orqanlarında çalışan insanların cinayət törətdiyi zaman onlar üçün xüsusi müəssisəyə göndərilməsini tələb edir. Hazırda Pentensiar Xidmətin Binədə yerləşən 9 saylı cəzaçəkmə müəssisəsi bu məqsədlə qurulub. Ancaq məni bütün bu müddətdə xüsusi amansızlıqla cinayət törədən şəxslərlə bir kamerada saxlayıblar. Sözsüz ki, bu zaman söz-söhbət də yaranır. Ancaq mən şərəfli prokurorluq əməkdaşı və hüquq müdafiəçisi olduğum kimi, şərəfli də dustaq olmuşam. Təbii ki, bu aləmin öz qanunları, söz-söhbətləri var. Mən bu söz-söhətlərdən şərəflə çıxmışam. Hakimiyyət orqanları gözəl bilirdi ki, məni narkotiklərə görə həbs edilənlər, oğrular, insan öldürən cinayətkarların içərisinə atırlar. Əlbəttə 9 saylı cəzaçəkmə müəssisəsində də belə kateqoriyalı dustaqlar var. Amma nəzərə alınmalıdır ki, 9 saylıda olan belə cinayət törədən məhbuslar vaxtı ilə hüquq mühafizə orqanlarında çalışan şəxslər olublar. Mən həbs edildikdən sonra bütün prosedura qaydalarını keçdikdən sonra dedilər ki, onlara prokurorluqda işləməyim haqqında arayış təqdim etməliyəm. Mən həbsxanada cəza çəkə-çəkə mənə deyirdilər ki, prokurorluq orqanında işlədiyini sübut edən arayış gətir. Məndə onlara dedim ki, həbsxanada olduğum üçün gedib prokurorluqdan arayış almaq imkanlarım yoxdur. İkincisi də, mənim cinayət işimin içərisində hər şey var. Mənə əsas gətirdilər ki, arayış təqdim etmədiyim üçün 14 saylı cəzaçəkmə müəssisəsinə göndərirlər. Mən 14 saylı cəzaçəkmə müəssisəsinə daxil olduqdan sonra bildim ki, bu müəssisəyə gətirilmişəm. Yəni bu gizli şəkildə həyata keçirildi və öncədən mənə məlumat verilmədi. Tam səmimi deyirəm ki, həbsxanada cinayətkar aləmlə mənim aramda düz bir ay söz-söhbətlər olub. Lakin sonradan mən onlara sübut etmişəm ki, prokurorluqda işlyəndə də, hazırda da şərəf və ləyaqətli insan olmuşam və bununla fəxr duymuşam. Çünki alçaq və şərəfsiz iş görməmişəm. Nəticə etibarı ilə mən 14 saylı cəzaçəkmə müəssisəsinə 2011-ci il noyabrın 14-də gəlmişəm. Dekabrın 15-də müəssisənin klubunda keçirilən tədbirdə çıxış etdim. Cəzaçəkən şəxslərin hüquqları pozulduğu üçün, ümumi hüquqların qorunması üçün çağırış etdim və mənim çıxışımdan sonra 800 dustaq ayağa qalxaraq yarım saat məni alqışladılar. Bundan sonra cəzaçəkmə müəssisəsinin əməkdaşları məni dərhal həbs etdilər. Bu zaman 700 dustaq ayağa qalxaraq dedilər ki, əgər “deputatın” başından bir tük əskik olsa müəssisədə kütləvi ixtişaşlar baş verə bilər. Həmin gündən sonra mən dustaqlar arasında böyük nüfuza malik şəxs kimi qəbul etdilər. Və mənə hammı “deputat” deyə müraciət etməyə başladılar. Nəticə etibarı ilə 2012-ci ilin sentyabr ayının 9-da 14saylı cəzaçəkmə müəssisəsində kütləvi oturaq aksiyası keçirildi. 500-dən çox dustaq öz haqqını, eləcədə ədalətin bərpasını tələb etdilər. Bu müddətdə mən müəssisənin tibbi məntəqəsində müaicə alırdım. 500 dustaq tələb etdi ki, bizim deputatımız bura gəlsin və hüquqlarımızı qorusun. Mən dərhal hadisə yerinə gəldim və təxminən 40 dəqiqə çıxış etdim. Məhbuslara dedim ki, gördükləri iş haqq və ədalətli işdir, tələb etdikləri qanunidir, qanunsuz hərəkətə yol verməyiblər. Bu zaman 500-dən çox ordu birləşməsini və xüsusi dəstələri 14 saylı cəzaçəkmə müəssisəsinə yeritdilər. Nəticədə vəhşilik etdilər və dustaqları cəzalandırdılar. Amma buna baxmayaraq müəssisədə böyük dəyişikliklər də baş verdi. Hal-hazırda müəyyən qədər korrupsiya və qanunsuzluqların qarşısı alınıb. Bir sözlə, hakimiyyət məni cəzalandırmaq üçün qatı cinayətkarların əhatəsinə atdı. Bunun qarşılığında orada insan haqlarının qorunması uğrunda qiyam baş verdi. Təbii ki, 14 saylı müəssisənin arxasınca bir saylı, iki saylı, altı saylı, onyeddi saylı cəzaçəkmə müəssisələrində dustaqların mübarizəsi uğrunda qiyam baş verdi.
- Ancaq bu qiyamlar mətbuata bəlli deyil... - Bu haqda informasiyanı ilk dəfə sizin qəzetiniz yazır. İndiyə qədər bu informasiyanı heç kim yazmayıb.
- Yəni Pentensiar Xidmət bu informasiyanı cəmiyyətdən gizlədib? - Əlbəttə gizlədib. Hətta mən adını çəkmək istəmirəm. Çünki mən iki gün əvvəl azad edilmişəm və istəmrəm ki, münasibətlərdə ziddiyyətlər yaransın. Amma bəzi hüquq müdafiəçilərinə müəssisələrdə ki, qiyamlara dair informasiyalar verilsə də, onlar bunu guya müəssisələrdə axtarışın olması kimi cəmiyyətə təqdim ediblər. Amma söhbət altı kalona xüsusi dəstələr və ordu hissələrinin yeridilməsi ilə baş verən hadisələrdən, dustaqların qiyamının yatırılmasından gedir. Bu müəssisələrin heç birində kriminal aləmin nümayəndələri olmayıb. Sadəcə olaraq insanlar öz hüquqlarını tələb ediblər. Mən eşitdiyimə görə, hətta onyeddi saylı müəssisədə bir nəfər bu hadisə nəticəsində dünyasını dəyişib. Bu xəbərləri Pentensiar Xidmətdə, bəzi hüquq müdafiəçiləri də gizlədir. Bəli, bu gün cəzaçəkmə müəssisələrində böyük narazılıqlar, rüşvət, korrupsiya var. Dustaqların da əksəriyyəti öz hüquqları uğrunda mübarizə aparıblar.
- Vidadi müəllim, bundan sonra hansı addımlar atmağı düşünürsünüz? - Mən sizə bir söz deyim. Bir var məsələnin mahiyyətini çöldən biləsən, bir də var daxilində olub içəridən biləsən. Mənim üçün bəlli olmayan bir hadisə yoxdur. Mən cəzaçəkmə müəssisəsini “konslager” adlandırırdım. Pentensiar Xidmətin cəzaçəkmə institutunun hansı şərəfsiz günləri var, korrupsiya burada hansı səviyyədədir kimi məsələlər artıq mənə bəllidir. Sizə bir fakt deyim. Pentensiar Xidmətində olan dövlət əmlakını mənimsəmə, rüşvət və korrupsiya heç də prokurorluqdan və ya məhkəmə sistemindən az deyil. Sözsüz ki, bu müddətdən sonra mən daha kəskin mübarizə aparacağam, rüşvət və korrupsiya haqqında məlumatları ictimailəşdirəcəyəm. Kriminal qrupların rüşvət və korrupsiyasına qarşı olacağam. Bir sözlə hüquq müdafiəçisi kimi sona qədər xalqıma xidmət edəcəyəm, demokratik və hüquqi dövlətin qurulması üçün var gücümlə çalışacağam. Bunu çox səmimi deyirəm.
- Sizin səhhətinizdə ciddi problemlərin olduğu haqqında məlumatlar var idi, xüsusilə şəkəriniz tez-tez qalxırdı. İndi vəziyyətiniz necədir? - Bir fakt deyim. Azərbaycanda 14 saylı cəzaçəkmə müəssisəsi planetdə ən kəskin, hüquqi olmayan, cəzaçəkmək üçün heç bir normaya uyğun gəlməyən bir müəssisəsidir. Amma ora daha çox “konslager”ə oxşayır. İkincisi, oranı insanlıqdan mərhum edilən yerdə adlandırmaq da olar. XXI əsrdə bu cəzaçəkmə müəssisəsində minə yaxın məhkum var. Amma müəssisənin kanalizasiya, havalandırma sistemi yoxdur, hər gün su problemi yaşanır. Yayda burada 45-50 dərəcə isti olur, qışda isə soyuqdan yatmaq olmur. Üstəlik bura 120 daş karxanasının əhatəsində yerləşir. Ən əsası burada sement üçün istehsalda istifadə edilən zəhərli toz istehsal olunur. Fikir verin, 2012-ci ilin 8 avqustunda orada tibbi müayinə aparılan zamanı 256 adamda vərəm aşkar edildi. Düşünün, bura cəzaçəkmə müəssisəsidir, yoxsa konslagerdir.
- İndi özünüzü necə hiss edirsiniz? - Mən səhhətimlə bağlı səmimi olaraq Pentensiar Xidmətə təşəkkürümü bildirirəm. Çünki son 7 ay müddətində mən ancaq müalicə müəssisəsində olmuşam. Məni şəkərli diabetdən, təzyiqdən, soyuqdəymədən və ürəkdamar xəstəliklərindən müalicə ediblər. Amma hazırda da, səhəttimdə psixoloji problemlər var. Təsəvvür edin ki, heç bir cinayət törətmədiyim təqdirdə bir il 9 ay məni qatı cinayət törədən şəxslərin içinə atıblar. Şübhəsiz ki, mən nüfuzumu qoruyub saxlamışam. Amma bunlar psixoloji cəhətdən mənim əsəblərimə də toxunub, səhəttimdə ciddi problemlər yaradıb.
- Vidadi müəllim, həbs olunmazdan iki gün əvvəl “Gündəm xəbər” qəzetinə müsahibə vermişdiniz. Bu müsahibədən sonra həbs olunma ehtimalınız varmı? - Bəli sizə, müsahibə verəndən iki gün sonra həbs edildim. Və məmim cinayət işimə bu mühasibə də əlavə edilmişdi. Düşünürəm ki, bu müsahibədən sonra həbs edilməyəcəyəm. Amma ümumilikdə yenidən həbs olmaqdan sığortalanmamışam. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?