Fuad Qəhramanlı: “Hakimiyyət vətəndaşın nəzərində oğru, cinayətkar obrazında təsəvvür edilir”
“Gündəm-xəbər”in suallarına AXCP sədrinin müavini Fuad Qəhramanlı cavab verib. AXCP funksioneri müxalifətin və hakimiyyətin 2013-cü il planlarından, qarşıda duran vəzifələrdən və gözləntilərdən bəhs edib.
- Fuad bəy, 2013-cü ildən gözləntiləriniz nədən ibarətdir? - Əvvəla, 2013-cü il prezident seçkiləri ilidir. Bu ildə əsas diqqət prezident seçkilərinə yönələcək. Seçkilərlə bağlı bizim qarşımıza qoyduğumuz əsas məqsəd ölkədə rejim dəyişikliyinə nail olmaqdır. Nəhayət ki, Azərbaycanda bu xalqın iradəsini əks etdirən bir seçkinin keçirilməsinə nail olmaq lazım və vacibdir. Bu olmayacağı təqdirdə minimum məqsəd kimi Azərbaycan cəmiyyətinin səfərbər olunmasını, demokratik qüvvələrin birliyinin təmin edilməsi, rejimə qarşı seçki mübarizəsinin yeni mərhələsinin başlanmasını nəzərdə tuturuq. Zənnimcə, elə bir proses başlanmalıdır ki, artıq seçkilər saxtalaşdırılsa belə onun nəticələrini nə Azərbaycan ictimaiyyəti, nə də beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsin. Bu konteksdə bizim üçün müxalifətin prezident seçkilərində vahid namizədlə iştirak etməsi, demokratik qüvvələrin birgə seçki koalisiyasının formalaşdırması da vacib məqamlardan biridir. Bu mənada bizim seçki ilində gözləntilərimiz çoxdur. Biz hesab edirik ki, nəhayətdə Azərbaycanda demokratik bir ölkə qurulmalı və hakimiyyətlər xalqın iradəsi ilə formalaşdırılmalıdır. Yalnız bu halda ölkənin və insanların probleminin həlli üçün addımlar atıla bilər. - Çoxları bildirir ki, Azərbaycan müxalifətinin hakimiyyət dəyişikliyini həyata keçirmək üçün potensialı yoxdur. Siz bu fikirlərlə razısınızmı? - Əgər bunu deyənlər müxalifətin öz resursları hesabına hakimiyyətin dəyişikliyini nəzərdə tutursa təbii ki, zorakı və inzibati gücə əsaslanan bir rejimin ancaq müxalifət fəallarının təzyiqi hesabına dəyişməsi real görünmür. Bizim əsl məqsədimiz Azərbaycan cəmiyyətini səfərbər etmək, onu dəyişikliklər uğrunda mübarizəyə qoşmaqdır. Biz o baxımdan nikbinik ki, bizim ölkənin və millətin potensialı demokratik dəyişikliklər etməyə çatar. Amma cəmiyyətimizin siyasi fəallığının indiki durumu yetərli deyil. Biz seçki kampaniyası zamanı bu fəallığın artması, bir qədər də əhatəli olması üçün səylər göstərəcəyik. Ancaq onu da, qeyd edim ki, son dövrlər biz mətbuatda və internetdə müəyyən monitorinqlər həyata keçirmişik və müsbət fikirlərə gəlmişik. Məsələn, bir neçə il əvvəl əgər cəmiyyətimiz daha çox şou xarakterli məlumatlara diqqət ayırırdısa, hazırda oxunma və yayılmaq baxımından siyasi xarakterli xəbərlər liderlik edir. Bu cəmiyyətimizin siyasi proseslərə artan marağının dinamikasını göstərir. Bu baxımdan son dövrlərdə hakimiyyətin ifşa edilməsi, beynəlxalq birliyin Azərbaycana birmənalı münasibəti, xarici siyasətdə ənənəvi balans siyasətinin iflası və digər amillər təsir göstərir ki, biz cəmiyyətlə daha effektiv işləyə, cəmiyyəti dəyişikliklərin mümkünlüyünə inandıra bilərik. Bu da, öz növbəsində ictimai fəallığının artmasında öz təsirini göstərəcək. Elşad Abdullayevin yaydığı videolar, orada edilən söhbətlərdən hər kəs məlumatlıdır. Hazırda hakimiyyət öz nümayəndələrinin dili ilə ifşa edilməkdədir. Biz ilk növbdə müxalifət olaraq rejimə qarşı mübarizədən daha çox Azərbaycan cəmiyyətini yanımıza alaraq rejimin seçki saxtakarlığına qarşı ictimai müqavimətini formalaşdırmağı nəzərdə tuturuq. - 2010-cu il Milli Məclisə seçkilərdən sonra ictimai müqavimət formalaşdıra bildinizmi? - İctimai Palatanın yaranması bu istiqamətdə atılan ən mühüm addımlardan biridir. Bilirsiniz ki, İctimai Palatada aparıcı müxalifət partiyaları ilə birlikdə qeyri hökumət təşkilatları, müstəqil namizədlər və ictimai şəxslər təmsil olunur. Amma biz onu da, qəbul edirik ki, İctimai Palata formatı yetərli deyil və bu formatı daha da genişləndirmək lazımdır. Fikrimcə, İctimai Palatadan kənarda olan, amma real müxalifət mövqeyindən çıxış edən siyasi partiyaların, eləcədə ictimai qurumların bu prosesdə iştirak etməsi və fəaliyyətin koordinasiyası nəzərdə tutulmalıdır. İctimai Palatanın Koordinasiya Şurasının sonuncu toplantısında bu məsələlər nəzərdə tutulub. Ziyalılar Forumu ilə İctimai Palata arasında olan intensiv əməkdaşlıq və münasibətlər, digər qurumlarla funksional əməkdaşlığın olması deməyə əsas verir ki, biz bu istiqamətdə təməl qoymuşuq, addımlar atırıq və bu proses yüksələn xəttlə inkişaf etməlidir. Bu gün Azərbaycan cəmiyyəti birlik məsələsində çox həssasdır. Demokratik qüvvələr, siyasətçilər bunun məsuliyyətini üzərində hiss edirlər. O baxımdan hesab edirik ki, bu istiqamətdə bizlər indikindən daha üstün nəticələr əldə etməyimiz üçün hər hansı bir mane olmayacaq. Bir sözlə, biz bu istiqamətdə qarşıya qoyduğumuz məqsədləri gerçəkləşdirə biləcəyik. - Ancaq İctimai Palatada baş verən fikir ayrılıqları, bu qurumun seçkiyə qədər dağıla bilmə ehtimalı ilə bağlı ciddi narahatçılıqları da var... - Bilirsinizmi, İctimai Palata demokratik qurumdur. Yəni ora heç kəs zorla gətirilməyib. 2010-cu ilin saxta seçkilərinə qarşı birləşib mübarizə aparmaq qərarına gəlinib və bütün məsələlərdə səsvermə, müzakirələr yolu ilə həll edilir. Demokratik bir qurumda fikir ayrılıqlarının olması da normal qarşılanmalıdır. Fərqli yanaşmaların sərgilənməsi çox təbiidir. Əsas diqqətin fikir ayrılıqlarına yönəldilməsi deyil. Əksinə, bu demokratik birliyə xas olan xüsusiyyətdir. Əsas olanı bu fikir ayrılıqları arasında konsensusa nail olmaq imkanlarının olmasıdır. İctimai Palatanın mövcud olduğu müddətdə bir neçə dəfə bu cür fikir polemikası, fərqli yanaşmalar olub. Ancaq sonda fikir fərqlilikləri arasında uzlaşma nöqtələri tapılıb. Bu baxımdan İctimai Palata həm də son dövrlər uğurlu sınaqdan çıxıb. Çünki fərqli baxış və yanaşmaların arasından konsesensus əldə oluna bilinir. Bu onu göstərir ki, artıq İctimai Palata arasında fərqli fikirlər var düşüncəsini əsas götürərək bu qurumun perspektivini şübhə altına almaq doğru deyil. Əksinə, hər dəfə bu məsələ ortaya çıxanda İctimai Palatada daxili polemikalar üçün imkan açılır və sonda konsensus əldə edilir. Əslində bu İctimai Palatanın yaşamaq iqtidarında olduğunu göstərir. Həm də, İctimai Palatada təmsil olunan siyasi qüvvələr ölkənin siyasi məsuliyyətini üzərinə götürmək iddiasında olan partiyalardır. Onlar anlayırlar ki, bu qurumun birliyinə və bütövlüyünə xələl gətirəcək hər hansı addım həmin siyasətçinin cəmiyyət qarşısında məsuliyyətini gündəmə gətirəcək. Bu qurumun gələcəyi ilə bağlı fikir fərqliliklərinin müzakirəsi zamanı ciddi siyasətçilər həm də üzərlərində ciddi məsuliyyət hiss edirlər. Bu da, əlavə faktor kimi palatanın fəaliyyətini davam etdirməsi və gücləndirməsi üçün stimul yaradır. Mən hesab edirəm ki, indiki halda İctimai Palatanın gələcək fəaliyyətini təhdid edən məqam yoxdur. İctimai Palata bu gün olduğu kimi sabah da olacaq. Bizim iradəmiz, qarşılıqlı münasibətimiz, siyasi mədəniyyətimiz imkan verir ki, fikir fərqliliyi zamanı optimal nöqtələr taparaq birgə fəaliyyətimizi davam etdirə bilək. Bu gün İctimai Palatanın mövcudluğunun şübhə altına salınması yalnız və yalnız hakimiyyətin maraqlarına uyğundur. - Bəs hakimiyyət 2013-cü ildən nələr gözləyir, bu ilə hansı fikir və planlarla daxil olur? - Hakimiyyətin vəziyyəti kritikdir. Seçki həm də təbliğat siyasəti deməkdir. Cəmiyyət qarşısında oponetlərlə rəqabət aparmalı və üstünlüyünü göstərməlisən. Bu baxımından Azərbaycan hökuməti 2012-ci ildə elə şəkildə ifşa edilib ki, onun öz xeyrinə işlədəcəyi söz cəmiyyətdə ironiya deyil, qəzəbə səbəb ola və bu da bumeranq effekti ilə geri qayıda bilər. Yəni rəqibə ehtiyac olmadan hakimiyyət cəmiyyətdən dəstək alacaq durumda deyil. Əksinə, Azərbaycan cəmiyyətinin nəzərində hakimiyyət onu soyan, talayan, səsini oğurlayan zorakı və bədheybət bir imicdədir. Bu baxımdan hakimiyyətin seçki qurmaq imkanı və şansı yoxdur. Yalanlara isə heç kəs inanmaq niyyətində deyil. - Bu halda hakimiyyət nəyə əl atacaq ki, seçkini udmuş kimi görünsün? - Biz yenə də, o fikirdəyik ki, hakimiyyət zora istinad edərək cəmiyyətin müqavimətini zorakı yolla məğlub etsin, onun gözünü qorxutsun, geri oturtsun və hakimiyyətdə qalmağını bu yolla təmin etmək addımı atsın. - Buna nail olmaq nə dərəcədə mümkündür? - Gəldiyimiz nöqtə elədir ki, zorakılığın əvvəlki dönəmlərdə olduğu kimi susqunluqla qəbul ediləcəyi ehtimalı azdır. Əksinə, bu cür zorakılıq hakimiyyətin iflasına gətirib çıxaracaq faktor ola bilər. Seçki saxtalaşdırılacağı və zor işlədiləcəyi rəqdirdə artıq dünya ictimaiyyəti tərəfindən Azərbaycanda seçkilərin legitim qəbul olunma imkanı azalacaq və bu proses getdikcə fəallaşacaq. Son dönəmlərdə hakimiyyətin imicinə vurulan zərbələri də nəzərə almaq lazımdır. İlham Əliyevin ilin korrupsioneri və mütəşəkkil cinayətkarlıq üzrə lider elan edilməsi artıq seçki ərəfəsi hakim partiyanın namizədinə ciddi zərbədir. Mən ehtimal edirəm ki, bu proses getdikcə davam edəcək. Video ifşaların da ardı gələcək. Fikrimcə, bu halda hakimiyyət uğursuz bir yolda olmuş kimi görünür. Şübhəsiz ki, hakimiyyət bu halda müdafiə mövqeyindən çıxış edəcək. Hakimiyyətin krizis dönəmlərində ənənəvi olaraq xarici havadarlarından dəstək alaraq, öz iradəsini zorla cəmiyyətə qəbul etdirməsinə imkan verən şərtlər də dəyişib. - Konkret nəyi nəzərdə tutursunuz? - Məsələn, artıq Türkiyə Suriya məsələsində demokratik öncüllüyü üzərinə götürüb və Suriyada zora qarşı çıxan əsas dövlətlərdən biridir. İnandırıcı deyil ki, Türkiyə əvvəllər olduğu kimi bu dəfə də, Azərbaycan iqtidarının zorakı addımlarına dözsün, göz yumsun. Rusiya ilə münasibətlər kritikdir, soyuqluq açıq şəkildə ifadə olunur. TANAP layihəsinə rəsmən razılığın verilməsi, Qəbələ RLS-dən rus hərbiçilərinin çıxarılması və digər məqamlar göstərir ki, münasibətər əvvəlki vəziyyətdə deyil və Azərbaycan iqtidarı qərb blokuna qoşulur. Təbii ki, bu münasibətlər seçkiöncəsi vəziyyətdə özünü göstərəcək. Rusiya isə geopolitik maraqlarından geri çəkilmək niyyətində deyil. Ancaq Azərbaycanın qərbə istiqamətlənən geopolitik güzəştləri belə oradan gələn demokratik tələblərin önünü kəsməyə kifayət etmir. Əksinə, əvvəlki sərt tələblər səsləndirilir. Azərbaycan qərb blokunda yer almaqla demokratikləşmə prosesinin tərkib hissəsinə çevrilib. Hakimiyyətdə anlayırlar ki, bu prosesi bir qədər ləngitmək olar, amma onun qarşısını almaq mümkün deyil. Bu artıq ictimai şüurda da öz əksini tapır. İndi sülalə rejimindən danışılmır. İndi ən aktual mövzu olaraq bu hakimiyyətin nə zaman çökəcəyi müzakirə edilir. Odur ki, hakimiyyət nümayəndələri bundan ağıllı nəticə çıxarmalıdırlar. Onlar da, artıq bu şəkildə davam etməyin mümkünsüzlüyünü nəhayət ki, anlamalıdırlar. Azərbaycan cəmiyyətini bu cürə kriminal, zorakı əlamətlərinə görə inqilabi proseslərə sürükləməməlidirlər. Çünki cəmiyyət o zaman inqilabi əhval-ruhiyəyə köklənir ki, hakimiyyətdən hər hansı ümidi və gözləntisi qalmır. Bizim hakimiyyət isə yalnız səriştəsiz siyasət yeritmir, həm də vətəndaşın nəzərində oğru obrazında təsəvvür edilir. İnsanın obrazında hakimiyyət cinayətkardan daha təhlükəlidir. Çünki insan oğurlamaqla məşğuldurlar,insanların bədbəxtliyinə, sabaha olan ümidlərinin onların əlindən alınmasının səbəbkarı kimi görünür. Belə proses millətin xüsusiyyətindən asılı olmayaraq cəmiyyəti inqilaba sürükləyir. Azərbaycan hakimiyyəti bunun fərqində olmalıdır. Çünki bu təhlükədən hamı ziyan çəkəcək, amma ən böyük ziyan hakimiyyətdə olanların gələcəyinə yönələ bilər. Odur ki, hakimiyyət islahatlara getməli və zorla cəmiyyətə öz mövqeyini qəbul etdirmək siyasətinə son qoymalıdır. Bizim istəyimiz budur ki, demokratiyanın yolu açılsın. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?