Novella Cəfəroğlu: “Ştrasserin hesabatı kəskin ola bilər”
Yanvarın 21-dən Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır. Sessiyada Azərbaycanla bağlı məsələlərdə müzakirə ediləcək. Artıq bir qrup hüquq müdafiəçisi sessiyada iştirak etmək üçün Strasburqa yola düşüb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Strasburq səfərindən öncə qəzetin suallarına cavab verib.
- Novella xanım, yanvarın 21-dən Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyası başlayır. Bu sessiyada Azərbaycanla bağlı məsələlər müzakirə ediləcəkmi? - Məndə olan məlumata görə, artıq sessiyanın gündəliyi açıqlanıb. Gündəliyə əsasən Azərbaycanla bağlı məsələlər də müzakirə ediləcək. Bildiyim qədər Azərbaycanla bağlı məsələyə sessiya yanvarın 22 və 23-də baxacaq. - Azərbaycanla bağlı konkret hansı məsələlər müzakirə ediləcək? - Hər dəfə müzakirə edilən məsələlər bu dəfə də müzakirəyə çıxarılacaq. Məsələn, insan haqları, siyasi məhbuslar, söz azadlığı, sərbəst toplaşma azadlığı ilə bağlı yaranan problemləri qeyd edə bilərəm. Mən ehtimal edirəm ki, əsasən bu məsələlər gündəlikdə olacaq. - Azərbaycanla bağlı hansısa hesabatların olacağını güman etmək olarmı? - Əlbəttə ki, hesabatlar olacaq. Mən bildiyim qədər Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi, alman deputat Kristofer Ştrasserin hesabatı olacaq. Bundan başqa, Avropa Şurası İnsan Haqları Monitorinq Qrupunun Azərbaycan üzrə həmməruzəçilərinin də hesabatı açıqlanacaq. Fikrimcə, əsas müzakirələrdə bu hesabatların ətrafında gedəcək. Təbii ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin də çıxışları olacaq. İndidən hansı nəticəyə gəlinəcəyi və nə qərar veriləcəyi haqqında şəxsən mən konkret bir söz deyə bilmərəm. Amma fakt odur ki, müzakirələr gedəcək. Bizim istəyimiz ondan ibarətdir ki, bu müzakirələr pozitiv istiqamətdə olsun və nəticədə onun xeyrini xalqımız hiss eləsin. - Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslar, həmməruzəçilərin isə ölkənin Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin monitorinqinə dair hesabatları artıq açıqlanıbmı? - Məndə olan məlumata görə, hələlik hesabatlar açıqlanmayıb. Amma ehtimal edirəm ki, yaxın iki gün müddətinə açıqlanacaq. Biz hesabatlarla tanış olduqdan sonra bu haqda daha aydın şəkildə danışa və fikrimizi ifadə edə bilərik. - Amma Səməd Seyidov deyir ki, Azərbaycan tərəfi Ştrasserin siyahısı ilə deyil, həmməruzəçilərin siyahısı əsasında işləyir? - Mən bu haqda bir söz deyə bilmərəm. Azərbaycan tərəfi elə ilk gündən Ştrasserin siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasına qarşı idi və bu mövqeyini dəfələrlə ifadə etmişdi. Azərbaycan tərəfi qeyd edirdi ki, həm Ermənistanda, həm Gürcüstanda, həmdə Rusiyada məhbəsdə siyasi məhbuslar və jurnalistlər var. Bu halda nəyə görə, siyasi məhbuslar üzrə məruzəçi ancaq Azərbaycan üçün müəyyən edilməlidir. Azərbaycan tərəfi hesab edirdi ki, bu hal ona qarşı ikili standratın tətbiq edilməsidir. Siz də razı olarsınız ki, Azərbaycan tərəfinin fikirlərində həqiqət var. Bizdə hesab edirik ki, siyasi məhbuslar üzrə məruzəçi yalnız Azərbaycana deyil, əksər ölkələr üzrə təyin edilməli idi. Biz onu da qeyd edirik ki, bu saat Avropa Şurasına üzv olan dövlətlərin böyük əksəriyyətinin həbsxanasında jurnalistlər və siyasi xarekterli məhbuslar var. - Novella xanım, siz açıqlanacaq hesabatdan nə gözləyirsiniz? - Cənab Ştrasserin hesabatının çox kəskin olacağı ehtimal edilirdi. Amma bizdə Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə prezident əfv verdi. Səhv etmirəmsə təxminən 14 nəfər siyasi məhbus hesab oluna biləcək şəxslər azadlığa buraxıldı. Bundan sonra Ştrasserin ofisi bizdən xahiş etdi ki, biz onlara yeni siyahı təqdim edək. Bizdə onların öncədən tutduqları siyahını yeniləyərək onlara göndərdik. Hesab edirəm ki, məhz əfvin verilməsi səbəbindən Ştrasserin hesabatı gözlənildiyi kimi kəskin olmayacaq. - Sizcə, insanları həbs etmək, sonra isə hər Avropa Şurasının sessiyası öncəsi əfv etmək çıxış yoludurmu? - Xeyr. Mən dəfələrlə qeyd etmişəm ki, bu siyasi məhbus problemini birdəfəlik həll eləmək lazımdır. Çünki bu ölkəmizin imici üçün də yaxşı hal deyil. Sadəcə olaraq indi mən bildirirəm ki, 2012-ci ildə iki dəfə əfv fərmanı verilib və təxminən iyirmiyə yaxın siyasi məhbus azadlığa buraxılıb. Bu amili də Avropa Şurası, eləcədə məruzəçi Ştrasser və həmməruzəçilər nəzərə alacaq. Ola bilər ki, orada danışıqlar getsin və Azərbaycan tərəfi söz versin ki, qarşıdan gələn Novruz Bayramı münasibəti ilə də əfv veriləcək. Nəticədə Avropa Şurasının Azərbaycana münasibətdə mövqeyi sərt olmayacaq. Əlbəttə ki, bütün bunlar mənim ehtimallarımdır. Amma daha dəqiq nələrin baş verəcəyini biz yanvarın 21-dən sonra müşahidə edəcəyik. - Son hadisələrə münasibət necə ola bilər? - Siz konkret nəyi nəzərdə tutursunuz? - Məsələn, yanvarın 12-də keçirilən aksiya və gənclərin böyük miqdarda cərimə edilməsini... - Fikrimcə, bu yaxşı hal deyildi və gəncləri belə yüksək məbləğdə cərimələmək də, doğru deyildi. Həmdə mən anlamadım ki, bunlar niyə yanvarın 13-də Müsavat Partiyasının başqanı İsa Qəmbərə Lənkəranda hücum təşkil etdilər. Ölkənin bu durumunda,Azərbaycanın məsələsinin Avropa Şurasında müzakirə edilməsi gözlənilən bir halda İsa Qəmbrə hücum nəyə lazım idi? Sözsüz ki, bu məsələlər Avropa Şurasında deyiləcək. Hesab edirəm ki, bu məsələlər ölkənin xeyrinə deyil, əleyhinə istifadə olunacaq. - Ştrasser ancaq sizdən siyahı istəyib? - Yəqin ki, yox. Ola bilsin ki, başqa hüquq müdafiəçiləri də siyahı göndəriblər. Amma biz hər zaman onlarla bu məsələlərdə məsləhətləşirik. - Sizin siyahıda neçə siyasi məhbus var? - Sizdə bilirsiniz ki, mən bir müddət burada olmadım. Siyahımızı həmkarlarım Səidə Qocamanlı və Səadət Bənəniyarlı araşdırıb. Hələlik mən siyahıya baxmamışam. Onu qeyd edim ki, sonuncu əfv fərmanı zamanı bizim siyahımızda olan dörd nəfər azadlığa buraxılıb. Ancaq biz siyasi məhbus elan etmədiyimiz şəxslər, yəni hicabla bağlı həbs edilənlər də azadlığa buraxılıb. Biz bu insanların siyahısını Prezident Administrasiyasına göndərmişdik. Yəni bu on nəfərin də, azadlığa buraxılmasını xahiş etmişdik. Bir sözlə, siyasi məhbus hesab etmədiyimiz bir çox məhbusların azad olunmasını daima hakimiyyət nümayəndələrinin diqqətinə çatdırırıq. Biz islamçıların da adını Prezident Administrasiyasına göndərmişdik. Çünki onların içərisində alim olan şəxslər var və məhkəmələri yenidən keçirilməlidir. Amma bu gün mən deyə bilmərəm ki, siyahımızda neçə nəfər var. Çünki bir tərəfdən azad edilir, bir tərəfdən də, yeni şəxslər həbs olunur. Mən Nemət Pənahlının, Əli İnsanovun, Fərhad Əliyevin, Rafiq Əliyevin və başqalarının adını qeyd edə bilərəm. Eləcədə Hilal Məmmədov, Nigar Yaqublu, Əvəz Zeynallı isə potensial siyasi məhbuslardır. - Siz Avropa Şurasının sessiyasına gedəcəksinizmi? - Bəli. Sizinlə müsahibədən sonra biz ölkəni tərk edəcəyik. Strasburqa Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun üzvləridən-Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mən gedəcəyəm. Orada müəyyən görüşlərimiz də nəzərdə tutulub. Biz Avropa Şurasının baş katibi, ombudsman, məruzəçilərlə görüşəcəyik. Ştrasserlə də görüşməyi planlaşdırırıq. Çalışacağıq hamı ilə görüşək. Eləcədə Venessiya Komissiyası ilə görüşəcəyik. - Venesiya Komissiyası ilə nələri müzakirə edəcəksiniz? - Qarşıdan prezident seçkiləri gəlir. Biz seçkilərlə bağlı da, məsləhətləşmə aparacağıq. Demokratik seçkilər, qanunun təkmilləşdirilməsi, seçki komissiyalarına müxalifətçilərin salınması və s məsələlər var. - Sizcə, gənclər pul tapıb cərimələri ödəyə biləcəkmi? - Mən qeyd edirəm ki, bu çox pis haldır.Hamə bilir ki, bu gənclərin əksəriyyəti işləmir, kasıb təbəqədir,evlərində çörək almağa pulları yoxdur. Bu adamların 500, 600 manat cərimə edilməsi real deyil. Bu cəriməni tətbiq edənlər, onu reallaşdıranlar özlərinin iqtisadi vəziyyətindən çıxış ediblər. Çünki onların evlərində hər şeyləri var. Düşünürlər ki,özlərinin cibi dolu olduğu üçün hamının cibi doludur. - Siz Müsavat Partiyasının Məclisinin üzvüsünüz. Seçkilərdə iştirak haqqında nə düşünürsünüz? - Bizim prezidentliyə namizədimiz İsa Qəmbərdir. Hesab edirik ki, İsa Qəmbər seçki prosesini uğurla həyata keçirəcək. - Bəs vahid namizəd məsələsi... - Vahid namizəd ideyası doğru deyil. Qoy hamı seçkiyə getsin. - Sizin başqanınız 1998-ci ildə Əbülfəz Elçibəyə güzəştə getmədi, indi isə başqa və daha real bir namizədin qarşısında maneə kimi görünür... - Bu yalandır. Mən bu proseslərin içindəyəm. Əgər lider doğurdan da liderdisə ona heç kəs mane ola bilməz. O vaxt da Əbülfəz Elçibəyin özü dedi ki, mənə seçkiyə getmək lazım deyil, çünki 5 ildən sonra özüm prezident olacağam. Bunu rəhmətlik bəy şəxsən özü deyib. - Elçibəylə bağlı maraqlı nüanslar yaranıb. Onu 1975-ci ildə ittiham edən prokuror danışıb, eləcədə bəyin özünün prokurora yazdığı məktub çap edilib. Hətta iddia olunur ki, bəy KQB-nin sədrinə məktub yazaraq əfv edilməsini istəyib... - Sizdə bilirsiniz ki, mən Əbülfəz bəyi neçə illərdir ki, tanıyıram. Mən onun məhkəməsində də, olmuşam, onu kimlərin satdığını da gözəl tanıyıram,üzünə duranlarda bəllidir. Əbülfəz Elçibəyin məhkəmədə çıxışı da yadımdadır.İndi həmin məktubu bilmirəm hardan tapıblar. İkincisi, bu da Əbülfəz Elçibəyin böyüklüyüdü ki, prezident ola-ola belə məktuba dəymədi. İstəsəydi digərləri kimi bu məktubları yox edərdi. Görün, bəy nə qədər təmiz insan olub ku, belə məktubdan narahatçılıq keçirməyib. - Kimlər Elçibəyi satıblar, üzərinə durublar? - Əvvəla, Əbülfəz Elçibəyin özünün yazıları var. Vaxtı və zamanı çatanda bunların hamısını ortalığa çıxaracağıq. - Elçibəyi satanların arasında məşhur şəxslər varmı? - Çox adam var. Hamısını da bilirik. Zamanı çatanda bu insanların kimliyi bəlli olacaq. Bəy özü də, deyirdi ki, çox şeyi abartmayın. Bizim millət kiçikdir, sayımız azdır, hamımız bir-birimizi tanıyırıq. Bəy deyirdi ki, hər şeyi açıqlayıb insanları bir-birinə düşmən etməyin. - Bunları nə zaman açıqlayacaqsınız? -Mən açıqlamayacağam, bəyin yazıları açıqlayacaq. Mən bu yazıları öz əlimlə aparıb lazım olan adama vermişəm. HÜSEYN ABBASOĞLU
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?