Novella Cəfəroğlu: “Orduda ciddi islahatlar həyata keçirilməlidir”
Suallara hüquq müdafiəçisi Novella Cəfəroğlu cavab verib. Müsahibimiz son günlər hakimiyyətin apardığı repressiv tədbirlərdən, insan hüquqlarından, hakimiyyətin kadr siyasətindən, orduda baş verən hadisələrdən, ölkədə mövcud olan ümumi vəziyyətdən, gənclərin narazılığından və digər mövzulardan danışıb. -Həbs edilən NİDA Gənclər Hərəkatının üç üzvü barədə nə deyə bilərsiniz, bu şəxsləri müdafiə edəcəksinizmi? - Əvvəla onu deyim ki, həmin gəncləri televiziyaya çıxarmalı deyildilər. İkincisi də, molotov kokteyli, narkotika məsələsi inandırıcı deyil. Sizdə bilirsiniz ki, bizim çevrəmiz genişdir. Hər kəs deyir ki, bu inandırıcı deyil və uşaqları qorxudaraq ora çıxarıblar. Həmin uşaqlardan ikisi qorxa-qorxa, biri isə çox sərbəst danışırdı. Ola bilsin ki, bu hökumət tərəfindən edilib, ola bilsin ki, onları qorxudaraq bu məsələləri boyunlarına qoyublar. Hələlik biz heç nə bilmirik və dəqiq informasiya yoxdur. Amma biz bu məsələləri öyrənib işlə yaxından məşğul olacağıq. İstintaq getdiyi təqdirdə şəxs haqqında hansısa verilişlər hazırlamaq, məhkəmə olmadan və cinayət sübuta yetirilmədən insanları cinayətkar adlandırmaq qanun pozuntusudur. Bəlkə bu gənclərin ataları deyəcək ki, pulu da, narkotika da onlarındır və bunun uşaqlara aidiyyəti yoxdur. Ancaq tam araşdırma aparmadan onları televiziya kanallarına çıxarıb hansısa bəyanatlaar vermələrinə çalışdılar. Biz bu olayı pisləyirik. - Siz 10 mart aksiyasında müşahidələr aparmısınız. Bu aksiya haqqında nə deyə bilərsiniz? - Öncə onu deyim ki, gənclər özlərini çox nizamlı apardılar. Onlar çox mədəni şəkildə aksiya təşkil etdilər. Çox düşünülən və gözəl aksiya idi. Mənim xoşuma gəldi. Gənclər siyasi tələblər səsləndirmədi. Hər kəs “Əsgər ölməz, vətən bölünməz” şüarı səsləndirirdi. Daha bu aksiya iştirakçılarının üzərinə su tökmək, qaz buraxmaq, rezin gülələr atmaq fikrimcə, doğru deyildi. Sonradan aksiyadan tutalanların böyük məbləğdə cərimə olunması ümumiyyətlə doğru deyil. Çünki bu uşaqların hamısı kasıbdır və o miqdarda gəlirləri yoxdur ki, cəriməni ödəsinlər. Həmdə bu gənclərin çoxu hərbi xidmətə gedəcək və bir çoxu da hərbi xidmətdə olub. Yəni onlar bu mövzudan xəbərdardılar. Hakimiyyət düşünməlidir ki, bu gün əsgər ölümünə etiraz olaraq küçələrə çıxan gənclər sabah meydanlara çıxaraq bizə iş verin tələbi səsləndirəcəklər. Bu gənclərin heç birini işə götürmürlər. Bəzilərini heç beynəlxalq təşkilatlarda da işə götürmürlər. Məsələn, mən bilirəm ki, İsa Qəmbərin uşaqlarını beynəlxalq təşkilatlarda işə götürmürlər, çünki İsa Qəmbər müxalifət partiyasının sədridir. Bu ayrı seçkilikdir. Nəyə görə, bu savadlı və ağıllı uşaqlar işsiz, gücsüz, pulsuz gəzməlidir. Əvəzində məmurların savadsız övladları avtomobillərdə gəzməli, barlarda min hoqqadan çıxmalıdırlar. Onların ad günlərinə, toy mərasimlərinə milyonlar töküb xaricdən müğənnilər gətirilməlidir. Bu bizdən oğurlanan milyonlardır. Əlbəttə, məmurların yaxşı uşaqları da var və mən bəzilərini tanıyıyıram ki, yaxşı işlərlə də məşğul olurlar. Amma mən hesab edirəm ki, toplaşmaq, azad söz demək bu gənclərin haqqıdır. Hakimiyyətdə bu gənclərin sözünü dinləyib, problemlərini yoluna qoymalıdır. Bir ordu gənclikdir və heç biri də işləmir. Bu problemi həll eləmək lazımdır. - Aksiyada polisin insanlara qarşı davranışını necə qiymətləndirirsiniz? - Mən səmimi deyirəm. Aksiya zamanı çoxda uzaqllara gedə bilmədim. Amma deyirlər ki, gəncləri döyüblər. Amma mən ancaq polisin həbs etdiyi gəncləri çox kobud şəkildə apardıqlarını gördüm. Yəni bəzilərinin başlarını və əllərini burmuşdular, bəzilərini ayaqlarından tutub aparırdılar. Bu halları müşahidə etdik. - Orduda baş verən əsgər ölümlərini necə qiymətləndirirsiniz? - Çox pis. Biz hesab edirik ki, orduda ciddi islahatlar olmalıdır. Nəyin bahasına olursa-olsun orduda islahat olmalıdır və bunun alternativi yoxdur. Mən başqa orduları da görürəm. Sizdə bilirsiniz ki, mən İsrailə tez-tez gedirəm. Mənim orada iki qız nəvəm hazırda orduda xidmət edirlər. Hər cümə günü onlar evə gəlirlər, özü də avtomat silah üstlərində olur. Amma bir dəfə də olsun, İsraildə silahla evinə gələn əsgər güllə atmayıb. Nəzərə alın ki, orada da əsgərlər ağır şəraitdə xidmət edirlər. Onlar sərhəddə dururlar, hər an üzərlərinə raket düşə bilər və s. Amma bununla bərabər əsgərə xüsusi hörmət var. Zabitlər belə əsgərlərə xüsusi münasibət bəsləyir. Siz onların geyimini, yeməyini görəsiniz. Mən gedib hamısına baxmışam. Əgər əsgər yoldadırsa və əlini avtomabilə qaldırıb onu götürməyini istəyirsə, avtomabil dərhal dayanıb əsgəri götürməlidir. Bunu əsgər deyil, qanun tələb edir. İsrail ordusunda əsgərə münasibət budur. Müharibəyə hazırlaşan və müharibə şəraitində yaşayan dövlət əsgərinə hörmət qoymalı, onu gözəl saxlamalıdır. Mənim zabitlərə də yazığım gəlir. Hesab edirəm ki, zabitlərə də hörmət qoyulmalı, onlara yüksəm məvacib kəsilməli, habelə sosial problemləri həll edilməlidir. Müharibə şəraitində yaşayan dövlətin orduya xüsusi baxışı olmalıdır. Biz ermənilərlə üz-üzə olan əsgərlərə baş çəkmişik, cəbhə xəttində olmuşuq. Səmimi deyim ki, ön cəbhədə əsgərlərin şəraiti superdir. Orada hər şey normaldır. Yeməkləri də yaxşıdır və münasibətdə normaldır. Əşi bu şəraiti ortalıqda da elədə. Gərək ön cəbhədə olan əsgərin şəraitini yaxşılaşdırasan? Bütün əsgərlərin şəraitini düzəldin də. - Ölkədə insan haqlarının durumunu necə qiymətləndirirsiniz, məsələn, sizin ofisə edilən müraciətlərin sayı 5 il əvvəl çox idi, yoxsa indi çoxdur? - Bu gün şikayətlər daha çoxdur. Həm kişilər, həm də xanımlar şikayətə gəlir. Monitorinq Qrupuna əsasən kişilər tərəfindən şikayətlər daxil olur. Xanımların şikayətinə isə sədri olduğum cəmiyyət baxır. O qədər ərizəmiz var ki, görsəniz inanmazsınız. Həmkarım Səidə Qocamanlının ofisi elə şikayət ərizələrindən və müraciətlərindən ibarətdir. Bizim siyasi məhbusların delosu var. Hər kəsin ayrıca delosu var. Biz professional şəkildə işləyirik. Yalnız siyahı hazırlamaqla fəaliyyət göstərmək olmaz. Bizdə hər bir ərizəyə münasibət var. Onu da qeyd edim ki, biz hər tərəfli işləyirik. Həm beynəlxalq təşkilatlarla, həm də hökumətlə işləyirik. Üstünlüyümüz də ondadır ki, biz bütün insanları qəbul edirik, onlarla təmasda oluruq və hər bir müraciətlərinə də cavab veririk. Biz bu yaxınlarda 4 nəfərin ərizəsi ilə bağlı prokurorluğa müraciət etmişik. Eləcə də Strasburqda olarkən Elşad Abdullayev bizdən qardaşı Mahir Abdullayevin tapılması işində kömək istəmişdi. Biz də bu haqda prokurorluğa müraciət etdik və Mahir Abdullayevin tapılması üçün addımlar atılmasını istədik. Az sonra prokurorluq bizə cavab verdi ki, komissiya formalaşdırıblar və bu məsələ ilə məşğul olacaqlar. Biz heç bir ərizəni cavabsız qoymuruq. Odur ki, bizim haqqımızda kim nə qədər istəyirsə kampaniya aparsın. Beynəlxalq təşkilatlar bura gələndə sənədləri qabaqlarına tökürəm. Onlarda görürlər ki, burada iş gedir, fəaliyyət var, daha boş yerə söz-söhbət aparmırıq. İşin getdiyini gördükləri üçün də, bizə münasibət dəyişmir. Təsəvvür edin ki, gedib səfiliklərdə bizi pisləyirlər, arxamızca danışırlar. Amma bunun xeyri olmur, çünki biz professional formada işləyirik, xaricilərdə gələndə qabaqlarına iş qoyuruq. - Hakimiyyətin məmurlarla bağlı apardığı siyasət, xüsusilə kadr siyasətini necə qiymətləndirirsiniz? - Biz hər dəfə hökumət nümayəndələri ilə görüşlərimizdə deyirik ki, icra başçılarını dəyişin. Mən hesab edirəm ki, Şamaxıya şamaxılı, Qubaya isə qubalını icra başçısı qoymaq lazımdır. Çünki bu vaxt onlar yerli əhali ilə daha yaxşı dil tapa biləcək. Ən azından yerli şəraiti, psixologiyanı bilir. Biz bu addımı atsaq ancaq udacağıq. Bəlkədə naxçıvanlı və ya ermənistanlı icra başçısı savadlı və istedadlıdır. Mən demirəm ki,bunları vəzifəyə qoymayın. Amma heç olmasa ermənistanlıların kompakt yaşadığı əraziyə icra başçısı qoyun. Naxçıvanlı məmuru da, naxçıvanlıların çoxluq təşkil etdiyi rayona rəhbər qoymaq doğrudur. Amma başqa rayona naxçıvanlı və ermənistanlını icra başçısı qoyanda aşağıdan narazılıq başlayır. İsmayıllıya ismayıllıdan olanı icra başçısı qoyanda daha yaxşı olar. Qubadan qubalı deputatı seçiriksə, elə rayona da yerli şəxsi rəhbər təyin etsinlər də. Məsələn, Quba hadisələri zamanı Vahid Əhmədovun və Yevda Abramovun hərəkətləri mənim çox xoşuma gəldi. Onlar insanlarla danışır, problemləri ilə maraqlanır. Artıq Gülər Əhmədovanın 500 min söhbətindən sonra mandat alveri məsələsi dayanacaq və deputatlarında çoxu yenidən seçiləcək. Heç olmasa gedib seçiciləri ilə işləsinlər də. Təsəvvür edin ki, bəzən vətəndaş bizə ərizə yazır və bizdə bu ərizəni deputata çatdırırıq. Məsələn, Şamaxıdan seçilən deputata biz seçicisinin ərizəsini çatdırırıq. Amma o seçiciləri ilə yaxşı təmas qura bilsə heç bizə ehtiyac qalmaz. Hakimiyyətin işləmək yöndəmi yoxdur. Əgər hər bir deputat və məmur vəzifəsini icra etssəydi problem yaranmazdı. Bilirəm ki, Çingizdən xoşunuz gəlmir, amma o mənim dostumdur. Ola bilsin ki, Çingizin səhvləri var. Guya kimin səhvləri yoxdur ki? Mənim də səhvlərim var. Amma Çingiz Qənizadə hər həftə İmişlidədir. Gedib seçicilərlə görüşür, problemləri ilə maraqlanır və imkanı daxilində onlara kömək etməyə çalışır. Deputatlar belə olmalıdır. Mən bildiyim qədər Qüdrət Həsənquliyev, Fazil Mustafa, İqbal Ağazadə daima seçicilərlə görüşür. Qənirə Paşayevada Tovuzda ciddi işlər həyata keçirir. Əgər bələdiyyələrə imkan versələr nə olar ki? İvanovka kəndi Bakının mərkəzində koperativ mağaza açıb. Normalda dolanırlar və üstəlik təbii məhsul satırlar. Bunun nəyi pisdir? Bizim kəndimizdə camaat taxılını biçirdi, pambığını satırdı, bostan və meyvələrini qapıda təhvil verib aldığı pulla da qış boyudolanırdı. Bunu niyə etmirlər ki, buyurub etsinlər də. - Niyə etmirlər ki? - Çünki hər bir məmur özü üçün monopoliya yaradıb. Pomidor birinin mpnopoliyasındadır, xiyar biriinin, kartofda bir başqasının.İ randan qəpik-quruşa alırlar və burada da baha qiymətə satırlar. Üstəlik bu məhsullar təbii deyil və bəlkədə kimyəvidir. Amma, bu məhsulları Azərbaycan kəndlisi əkib satsa onun qiyməti daha da ucuz olar və kəndçidə normal dolanar. Üstəlik narazılıqları da olmaz. Amma məmurların işə laqeyid münasibəti, korrupsiyanın yüksək həddə olması buna mane olur. İndi də İvanovkada camaatın torpağını əlindən alıb özlərinə villa tikdirirlər. Niyə bu camaatın torpağını əlindən alırsan. Onlar onsuzda səhərdən axşama qədər işləyirlər. Bunların hamısı normal idarə olunsa biz çox gözəl yaşayarıq. Heç neft və qaza ehtiyacımız olmaz. Balıq, kürü, əlvan metal, qızıl, duz, müxtəlif mineral sulardan ağıllı istifadə etmək bizi dünyanın ən zəngin ölkəsinə çevirə bilər. Elə bir şey yoxdur ki, bizdə olmasın.Məmurlar yerində olsa, korrupsiyanın qarşısı alınsa bizdən zəngin dövlət olmaz. Amma təəssüflər olsun ki, biz bunların baş verdiyini görmürük.
Sorğu
Yeni dizaynımız necədir?